Akademik Əşrəf İsgəndər oğlu Hüseynov 1939-1965-ci illərdən Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) «Funksiyalar nəzəriyyəsi və cəbr», sonra isə «Funksiyalar nəzəriyyəsi funksional analiz» kafedrasının professoru, müdiri vəzifələrində çalışmış və yüksək elmi-pedaqoji səviyyədə riyazi analiz, diferensial tənliklər, inteqral tənliklər, riyazi fizika tənlikləri, həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi və qeyri-xətti funksional analizin müxtəlif məsələlərinə dair xüsusi kurslar-mühazirələr oxumuşdur.
Azərbaycan riyazityyatçılarının böyük əksəriyyəti akademik Əşrəf Hüseynovun Azərbaycan (Bakı) Dövlət Universitetində qeyri-xətti funksional analiz mövzusunda oxuduğu müxtəlif kursların təsiri altında qeyri-xətti analizlə məşğu olmuşdur. Ə.Hüseynovun rəhbərliyi ilə qeyri-xətti funksional analiz sahəsində aparılan seminarların həmin sahənin Azərbaycanda inkişaf etməsində böyük rolu olmuşdur. Bu seminarlarda qeyri-xətti tənliklərin həllinin budaqlanması nəzəriyyəsi, onların həlli üsulları, kvazi-xətti, parabolik və hiperbolik tənliklər üçün qarışıq məsələlər, sinqulyar operatorların struktur xassələri, qeyri-xətti sinqulyar inteqral tənliklər və analitik funksiyalar üçün qeyri-xətti sərhəd məsələləri nəzəriyyəsi sinqulyar-inteqral tənliklərin ədədi həlli kimi elmi istiqamətləri yaranmış və indiyədək uğurla inkişaf etdirilir.
Dünyanın bir çox böyük universitetlərinin elmi-pedaqoji fəaliyyətləri ilə yaxından tanış olan Ə.Hüseynov onları Azərbaycanın ali təhsil məsələlərində müvəffəqiyyətlə tətbiq etmişdir. Akademik Ə.Hyseynovun rəhbrliyi ilə 30-dan çox namizədlik dissertasiyası müdafiə olunmuşdur. Azərbaycanın görkəmli riyaziyyatçıları Q.T.Əhmədov, Y.C.Məmmədov, X.Ş.Muxtarov, A.Ə.Babayev onun rəhbərliyi ilə doktorluq dissertasiyası müdafiə etmişdirlər.
Akademik Ə.Hüseynov elmi konfrans və qurultaylarda fəal iştirak edirdi. O, funksional analiz üsullarının qeyri-xətti məsələlərə tətbiqi, yeraltı neftin hidroqaz dinamik məsələlərinin riyazi həlli metodlarına həsr olunmuş ümumittifaq konfransına sədrlik etmişdir. 1960-65-ci illərdə keçmiş SSRİ-nin Ali və Orta Təhsil Nazirliyi yanında riyaziyyat sahəsi üzrə Metodik Şuranın üzvü olmuşdur.
Akademik Ə.Hüseynov indiki MDB ölkələrinin ali təhsil ocaqlarında, Albaniyanın Tirana Universitetində ümumi və xüsusi kurslar oxumuşdur.
Azərbaycan dilində «İnteqral tənliklər» və «Çoxluqlar nəzəriyyəsi» dərsliyinin ilk müəllifi görkəmli akademik Əşrəf Hüseynov olmuşdur.
Ə.Hüseynov elmi-pedaqoji fəaliyyətinə görə bir çox mükafatlarla təltif olunmuş və 1960-cı ildə Azərbaycanın Ali Şurasının Rəyasət heyəti tərəfindən böyük xidmətlərinə görə «Azərbaycanın Əməkdar Elm Xadimi» adına layiq görülmüşdür.