Nanoaraşdırmalar Elmi-Tədqiqat Mərkəzinin müdiri: “Elmi nəşrlərin keyfiyyəti və sayı əvvəlki illərə nisbətdə az olmadı”

12/02/2021

Tədqiqat yönümlü ali təhsil müəssisəsi özünün elmi fəaliyyəti ilə də seçilir. Başqa sözlə desək, universitet və institutların elmi uğurları onların imicinin formalaşdırılmasında əhəmiyyətli rol oynayır. Sevindirici haldır ki, Bakı Dövlət Universiteti (BDU) elmdə qazandığı uğurları ilə daim fərqlənib və fərqlənməkdədir. Bu istiqamətdə universitetin Nanoaraşdırmalar Elmi-Tədqiqat Mərkəzinin də xüsusi rolu var. Adı çəkilən qurum pandemiya dövrünün məhdudiyyətlərinə baxmayaraq, səmərəli fəaliyyət göstərdi. Ard-arda keçirilən seminarlar, dəyirmi masalar, Mərkəzin əməkdaşlarının əsasən onlayn keçirilən respublilika və beynəlxalq konfrans, seminar və simpoziumlarda iştirakı, yüksək impakt faktorlu məqalələrinin Web of Science və digər nüfuzlu xülasələndirmə və indekslənmə bazalarına daxil olan jurnallarda nəşri bunun bariz nümunəsidir. Ona görə də Nanoaraşdırmalar Elmi-Tədqiqat Mərkəzinin müdiri Mustafa Muradovla görüşüb ötən müddət ərzində görülmüş işlər və planlar barədə daha ətraflı danışmaq üçün həmsöhbət olduq:

 

-       Nanoaraşdırmalar Elmi-Tədqiqat Mərkəzinin pandemiya və onlayn tədris dövründə əsas fəaliyyəti nədən ibarət oldu?

-       Apardığımız tədqiqatlar laboratoriya şəraiti ilə bağlıdır. Eksperimental tədqiqatlar olmadan bu elmin inkişafından danışmaq mümkün deyil. Lakin hər dövrün öz xüsusiyyətləri var. Biz pandemiya dövründə də mövcud şəraitə uyğunlaşmağa çalışdıq. Dünyada aparılan yeni tədqiqatları bir daha araşdırdıq, elmi-tədqiqat işlərinin planlaşdırılmasını apardıq və ilkin işlərə başladıq. Düşünürəm ki, həmin işlərin bəhrəsini yaxın zamanda görə biləcəyik. Xüsusi ilə magistrantların dissertasiya işləri və tələbələrin buraxılış işlərinin xarakteri dəyişib. Burada əsas ağırlıq icmal xarakterli işlərə verilib. Pandemiya bitəndən sonra planlaşdırdığımız eksperimental işlərimizə bütün kollektivlə birgə davam edəcəyik.  Onu da deyim ki, biz indiyədək daha çox materialşünaslıqla məşğul olmuş və ayrı-ayrı materialların fiziki, kimyəvi xüsusiyyətlərini öyrənmişik. Kollektivin indiyə qədər topladığı təcrübə və alınan nəticələr bizə nanomateriallar əsasında fərqli müasir qurğuların yaradılması sahəsində işlər aparmağa imkan verir.

-       Yəni demək istəyirsiniz ki, onlayn tədris ənənəvi tədrisi əvəz edə bilmir?

-        Əlbəttə, söhbət indiki onlayn tədrisdən gedirsə, keyfiyyət eyni deyil. Amma mənə elə gəlir ki, bu iki tədris forması – distant və ənənəvi - paralel “yaşaya bilər” və “yaşamalıdır”. Çünki məsafədən tədrisin də öz müsbət xüsusiyyətləri var. Əsas məsələ tədris prosesinin təşkilindədir. Düşünürəm ki, tədris prosesi nə qədər çevik olsa, universitetlərimizin buraxdığı məzunların keyfiyyəti bir o qədər yüksək olar. Müasir dövrdə istifadə etdiyimiz texnologiyalar, texnoloji proseslər, sosial mühit sürətlə dəyişir. Təhsil proqramları və təhsil texnologiyaları sahəsində dəyişikliklər bunlara adekvat olmalıdır. Bəzən bu kimi proqressiv dəyişiklikləri etmək üçün bu sahələrdə kadrlara böyük tələbat duyulur. Onların hazırlığı isə həmişə müəyyən vaxt aparır. Burada distant təhsil köməyimizə gələ bilər.

-       Nə kimi üstünlüklərdən söhbət gedir?

-       Dünyanın başqa ölkəsində yaşayan alimi ənənəvi dərslərə dəvət etmək üçün onlar fiziki formada burada olmalıdırlar. Bu isə, hər şeydən əvvəl, xeyli vəsait tələb edir. Amma məhz distant tədrisin köməkliyi ilə həmin prosesi daha sadə və əlverişli şəkildə reallaşdırmaq mümkündür. Xaricdə yaşayan həmvətənlərimizin və dostlarımızın da bir çoxunun bizim tələbələrimizə mühazirə oxumaqda maraqlı olmalarını nəzərə almaq lazımdır. Mövcud çatışmazlıqlar isə tədricən həllini tapacaq. Sözügedən meyarları müəyyənləşdirərkən mütləq keyfiyyətli kadr hazırlığı məsələsi də nəzərə alınmalıdır. Çünki, yaxşı universitet keyfiyyətli mütəxəssis hazırlayan müəssisədir. Başqa sözlə desək, ali məktəbin imici məhz onun yetirmələrinin nailliyyətləri ilə də müəyyənləşir. Eyni zamanda mütləq dünya təcrübəsindən yararlanmalıyıq.

-       Post-pandemiya dövründə distant tədris təcrübəsindən istifadə etmək barədə nə düşünürsünüz?

-       Əlbəttə, bu, mümkündür. Hətta, hibrid təhsil formasından da istifadə edilə bilər. Burada ixtisasdan asılı olaraq yanaşma tərzi dəyişə bilər. Tutalım, ola bilsin, müəyyən hallarda tədris məsafədən, laboratoriya işləri və imtahanlar isə əyani təşkil edilsin. Sadəcə müvafiq qanunvericilik bazası və normativ aktlar olmalıdır. Əsas məsələ mütəxəssis hazırlığıdır. Bunun üçün ixtisaslı kadr lazımdır. Əgər ixtisaslı kadr yoxdursa, biz onları xaricdən dəvət etməliyik. Distant təhsil məhz buna – başqa ölkələrdəki müəllim-tələbə kontingentinin universitetimizlə əməkdaşlığına əlverişli şərait yaradar. Hər halda bütün bu məsələlər müəyyənləşərkən nəzərə alınmalı ən mühüm məqam mütəxəssis hazırlığının keyfiyyətinə diqqət yetirilməsidir.

-       Pandemiya dövründə Nanoaraşdırmalar Elmi-Tədqiqat Mərkəzi konkret olaraq hansı işləri gördü?

-       Bizim kollektivimizdə yaşlı mütəxəssislər azdır. 65 yaşdan yuxarı cəmi bir neçə əməkdaşımız var. Buna baxmayaraq, elmi nəşrlərin keyfiyyəti və say əvvəlki illərə nisbətən az olmadı. Düzdür, eksperimental işlərlə istədiyimiz kimi məşğul ola bilmədik. Amma əvvəlki nəticələri təhlil etməyə, gələcək işləri planlaşdırmağa  vaxt oldu. ABŞ və İsveçrənin müvafiq universitetləri ilə iki layihə hazırladıq. Bizim Avropa ölkələri, ABŞ ilə birlikdə müxtəlif layihələr həyata keçirməyə imkanımız var. Və həmin imkandan səmərəli istifadə edirik.

-       Sözügedən əməkdaşlığın əhəmiyyəti nədən ibarətdir?

-       Aydındır ki, biz elmi-texniki nəticələrin tətbiqi, universitet-sənaye əlaqələrinin dinamikliyi baxımından Avropa ölkələrindən geri qalırıq. Deməli, onlarla iş birliyi nəticəsində müasir metodları, məsələlərin həllinə yanaşma tərzini öyrənirik. Fəqət Avropa özü də bizimlə əməkdaşlıqda maraqlıdır. Şərq Tərəfdaşlığı proqramında iştirak edən ölkələrin təhsil proqramlarının Avropa ali təhsil sisteminin tələblərinə uyğunlaşdırılması, bu ölkələrin potensialından Avropa Birliyinin istifadə etməsinə imkan verir.  Biz isə təhsil proqramımızı Avropa Birliyi ölkələrinə uyğunlaşdırmaqla yeni ixtisaslar yaratmaq imkanı əldə edirik. Ümumiyyətlə, məsələyə yaradıcı yanaşsaq, xeyli qazancımız olar.

-       Beynəlxalq əməkdaşlıqlar əsasən hansı ölkələrlə qurulur?

-       İndiyədək Macarıstan, Finlandiya, Ruminiya, Gürcüstan, İtaliya, Türkiyə, Fransa və ABŞ-ın ayrı-ayrı universitetləri ilə birlikdə müxtəlif layihələr hazırlamışıq.

-       Partnyor ölkələr seçilərkən hansı meyarlara diqqət yetirilir?

-       Əməkdaşlıq qarşı tərəfi tanımaqdan keçir. Əgər səni tanıyırlarsa, partnyorluq daha rahat alınır. Əks halda isə tərəddüdün yaranması istisna deyil. Bu mənada həmişə gənclərə məsləhət görürəm ki, müraciət etdikləri universiteti və ya alimi əvvəlcədən öyrənsinlər, onların tədqiqat işləri ilə tanış olsunlar. Bu məsələ ikitərəfli işdir. Yəni əməkdaşlıq hər iki tərəf üşün məqbul olmalıdır. Layihələrə adətən Avropa Birliyinin bir ölkəsindən olan mütəxəssis rəhbərlik edir.

-       Bizim cəmiyyətimizə, elmimizin inkişafına uyğun olaraq daha çox hansı sahələr tədqiq olunamlıdır?

-       Daha çox sənayəyə töhfə verən sahələrə investisiya ayrılmalıdır. Ancaq ənənələri qoruyub saxlamaqla yanaşı, həm də inkişafdan geri qalmamağa çalışmalıyıq. Bizdə materialşünaslıqla bağlı ənənələr həmişə güclü olub. Azərbaycan bu istiqamətdə keçmiş SSRİ-də fərqlənib. BDU-nun yarımkeçiricilər fizikası laboratoriyası da materalşünaslıq sahəsində aparılan tədqiqatlarla keçmiş SSRİ-də seçilib. İndi vəziyyət köklü şəkildə dəyişib. Biz tədqiqatları öz sənayemizin tələblərinə uyğun olaraq aparmağı planlaşdırmalıyıq. Bu da sənaye ilə əlaqələrin gücləndirilməsi, onların tələbatlarının öyrənilməsi, birgə müşavirə və seminarların təşkili məsəllərini aktuallaşdırılır.  Dediyim kimi, müasir dövrdə elmi-tədqiqat işləri sənayenin inkişafına töhfə verməlidir. Sənayenin ayrı-ayrı müəssisələri ilə əlaqələr yaradılmalıdır. Çünki sənayenin tələblərini bilmədən uğurlu planlama aparmaq olmaz.

Sevindirici haldır ki, son illər BDU-da bu sahədə mühüm işlər aparılır. Belə ki, son illər universitetimizdə Sənaye kimyası laboratoriyası, Rəqəmsal araşdırmalar laboratoriyası, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin yaradılması bu sahədə irəliyə doğru atılmış mühüm addımlardır. Post-pandemiya dövründə qarşımızda duran əsas vəzifələrdən biri sənaye müəssisələri ilə birlikdə elmi seminarlar və müşavirələr təşkil etməkdir. Bütün bu işlərə kifayət qədər gənci, o cümlədən magistrant və doktorantı cəlb etmək lazımdır. Onu da deyim ki, qarşıdakı illərdə üç əsas istiqamətdə – biosensorlar, nanogeneratorlar və superkondensatorlarla bağlı tədqiqatların aparılması nəzərdə tutulub.

-       Yaxın gələcəkdə hansı işlərin görülməsi planlaşdırılır?

-       Qarşıdakı həftələrdə bayaq sadaladığım üç istiqamətlə məşğul olan qrupların yığıncaqları keçiriləcək. Bu yığıncaqlarda hər bir qrup işlədikləri sahədə elmi ədəbiyyatda olan məlumatları araşdıracaq və müasir trendlərə uyğun olaraq öz işlərini planlaşdıracaq. Qeyd edim ki, ən mühüm problemlərdən biri nəsil dəyişmələri ilə bağlıdır. Bəzən 60 yaş orta yaş hesab olunur. Sözsüz, təcrübəli müəllimlərə həmişə ehtiyac var. Amma onlar gənc nəslin, yeni ixtisaslı kadrların yetişməsinə çalışmalı, bunun üçün bütün biliklərini bölüşməlidirlər. Hər bir yaxşı mütəxəssis gənc nəsli düşünməlidir. Hər bir yaxşı mütəxəssis təqaüd yaşına çatanadək ən azından özü qədər bacarıqlı ixtisaslı kadr hazırlamaq qabiliyyətinə malik olmalıdır. Əgər alim bunu bacarmayıbsa, deməli, ölkə elminin inkişafına lazımi töhfəsini verməyib. Gənclərlə “Məndən yaxşı mütəxəssis olmasan, mənim tələbəm deyilsən” prinsipi ilə işləmək lazımdır. Nanoaraşdırmalar Mərkəzi nisbətən gənc qurum olduğuna görə, burada nəsillərarası problem, demək olar, yoxdur. Çünki əməkdaşların əksəriyyəti gəncdir. Bir məsələni də vurğulayım: müasir tədqiqatlar müasir avadanlıqlara bağlıdır. Nanoraşdırmalar Mərkəzində həmin texniki vasitələr var. Onlar digər fakültələrin elmi tələbatlarının ödənməsi üçün də lazımdır. Fakültələrarası tədqiqat mərkəzi kimi biz universitetdaxili kooperasiyaya diqqət yetirməliyik. Bu sahədə dəyişikliklərə ehtiyac var. Biz universitetlərimizlə, akademiya ilə, həm də tələbələrimizin gələcək iş yerləri olan təşkilatlarımızla əlaqələrimizi dərinləşdirməliyik.

-       Gənclərlə işləyən biri olaraq onlar barədə nə düşünürsünüz?

-       Bilirsiniz, gənclərə lazımi şərait yaratmadan onlar haqqında hər hansı bir fikirdə olmaq düzgün deyil. Tam səmimiyyətimlə deyə bilərəm ki, müasir gənclik bizim gəncliyimizdən daha çox üstün xüsusiyyətlərə malikdir. Sadəcə onlara şərait yaratmaq və düzgün yol göstərmək lazımdır.

 

Kənan  Novruzov,

BDU-nun Jurnalistika fakültəsinin magistrantı

 

Xəbərlər

Mərkəzi Bank BDU tələbələri üçün infosessiya keçirib

Mərkəzi Bank BDU tələbələri üçün infosessiya keçirib
17/04/2024

BDU-nun Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının otağı açılıb

BDU-nun Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının otağı açılıb
17/04/2024

BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib

BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib
17/04/2024