İki rektorun “görüşü”, Urquvaydan gəlmiş varis, Yessentukidəki bizim küçə - REPORTAJ

01/12/2015

Həmin gün Yessentukinin mərkəzindən, dəmiryolu vağzalının qarşısından şəhərin mərkəzinə doğru bütün yollar bağlanmışdı. Bir qədər irəlidə, şəhər administrasiyasının qarşısında isə əməlli qələbəlik vardı. Biz, Azərbaycandan gələn nümayəndə heyəti şəhər meriyasının qarşısına çatanda mer və müavinləri, şəhər ictimaiyyətinin nümayəndələri artıq gözləyirdilər. Bir azdan “Qafqazın mirvarisi” adlanan bu kiçik, amma dünyaca məşhur əyalət şəhəri böyük bir törənə şahidlik edəcəkdi…

***

Əslində hər şey xeyli əvvəl başlanmışdı. Yessentukidəki tarix-diyarşünaslıq muzeyində BDU-nun yaradıcılarından biri və ilk rektoru Vasili İvanoviç Razumoskiylə bağlı çoxsaylı arxiv materiallarının olmasını nəzərə alan akademik Abel Məhərrəmov həmin sənədlərlə bağlı bir jurnalist araşdırmasının aparılması barədə təşəbbüs qaldırmışdı. Bundan sonra Lent.az-ın əməkdaşı, bu sətirlərin müəllifi Yessentukiyə ezam olunmuşdu. Aparılan araşdırmalar nəticəsində Razumovskinin Bakı Universitetinin yaranması, həmin dövrdə gördüyü işlər və sonrakı fəaliyyəti ilə bağlı xeyli arxiv materialları aşkarlanmışdı. BDU-nun ilk rektoru ilə bağlı sonradan Lent.az-da yayımlanan araşdırma yazılar isə əməlli  rezonans da doğurmuşdu.

Hələ Yessuntukidə olanda muzeyin direktoru Alla Vladislavovna Korçevnaya çox həssas bir məqama toxunmuşdu. Alla xanımın dediyinə görə, Saratovda, Tiflisdə, Bakıda 3 universitetin əsasını qoyan Razumovski kimi nəhəng şəxsiyyətin bu kurort şəhərində adi xatirə lövhəsi belə yoxdu. İllər öncə onun uyuduğu Kurort Parkındakı qəbirstanlıqdakı qəbri üstünə vurulan plastik (?!) barelyef isə korlanmışdı…

***

BDU-nun rektoru Abel Məhərrəmovdan anındaca reaksiya gəldi. Şərqin ilk universitetinin ilk rektorunun xatirəsinin əbədiləşdirilməsi bir şərəf məsələsi idi…

Dərhal muzey rəhbərliyi və şəhər meriyasıyla danışıqlar başlandı. Müxtəlif təkliflər nəzərdən keçirildi. BDU-nun əməkdaşları Yessentukidə oldular, Razumovskinin adını daşıdığı küçədən tutmuş, onunu uyuduğu qəbirstanlığa,  mərhum rektorun necə deyərlər, adı keçən hər tərəfə baş çəkdilər. Kompleks tədbirlər planı hazırlandı. Nəticədə şəhər meriyasıyla birgə son qərar verildi: Razumovskinin adını daşıyan küçə abadlaşdırılacaq, onun barelyefi qoyulacaq, muzeydə BDU ilə bağlı guşə açılacaq. Yerdə qalanı isə zaman məsələsi idi.

Həmin zaman isə noyabrın 26-da yetişdi.

***

Kurort Parkında yerləşən qəbirstanlıqdayıq. Başda Abel Məhərrəmov olmaqla Azərbaycandan gələn nümayəndə heyəti, Yessentuki meri Aleksandr Nekristov və şəhər ictimaiyyəti, çoxsaylı jurnalistlər, hə, bir də Razumovskinin nəticəsi, Fyodor Boqorodski. Bircə günlüyə gəlmişdi, Yessentukiyə. Uzaq Uruqvaydan. Bakı Dövlət Universitetinin babasının xatirəsini əbədiləşdirəcəyi ilə bağlı xəbəri eşidəndə əvvəlcə inanmamışdı. Dəvət gələndə isə heç bir tərəddüd etmədən bütün işlərini təxirə salıb Yessentukiyə gəlmişdi. Sonradan hansısa Rusiya telekanalının müxbirinin “Hansı hissləri keçirirsiniz?” sualına cavabı da maraqlı idi: “Çox həyəcanlıyam, çox. Təsəvvür edə bilmərsiniz”, - deyə əlini cib dəsmalına atmışdı.

Elə BDU-nun ilk və hələ ki, sonuncu rektorlarının “görüşü” də az həyəcanlı deyildi. Qəbir üstünə əklil qoyulduqdan sonra hər iki rektor baş-başa qalmışdılar…

***

Tarix-diyarşünaslıq muzeyində isə əməlli törən hazırlanmışdı. Muzeyin Razumovskiylə bağlı otağında BDU guşəsinin yaradılması isə əsl sürpriz oldu. Direktor Alla Vladislavovna Korçevnaya muzeyin fəaliyyəti barədə geniş məlumat verdi. Razumovskinin Yessentuki həyatı barədə danışdı. Onu da qeyd etdi ki, BDU rəhbərliyinin bu təşəbbüsü və gerçək addımı barədə bütün şəhər danışır. Razumovski təkcə rus xalqının deyil, Azərbaycan xalqının da böyük oğludur. “Bu gün BDU öz ilk rektorunun xatirəsini əbədiləşdirməklə həm onun ruhunu şad edir, həm də bir örnək yaradır. 3 universitetin yaradıcısı olmuş bu şəxsiyyəti unutmaq olmaz. Bu gün Bakı öz oğlunu unutmadığını bir daha sübut etdi”.

Alla Vladislavovna bildirdi ki, muzeydəki BDU guşəsi və buradakı eksponatlar təkcə bu gün, bu mərasim üçün hazırlanmayıb. “Bu guşə həmişə burada duracaq, elə bu otaqda, Razumovskinin otağında”.

Bundan sonra akademik Abel Məhərrəmov və Yessentuki meri Aleksandr Nekristov muzeyin akt zalına dəvət olundular. Zalda BDU və meriya arasında elm və mədəniyyət sahəsində əməkdaşlığa dair saziş imzalandı. Tərəflər bir-birlərinə xatirə hədiyyələri təqdim etdilər.

***

Razumovskinin adını daşıyan küçədə isə qələbəlik idi. Tələbələr, yerli sanatoriyalarda çalışan həkimlər, sıravi vətəndaşlar barelyefin açılacağı ünvana yığışmışdılar. Sonradan Yessentuki meri Aleksandr Nekristovun da etiraf etdiyi kimi, “şəhər üçün tarixi gün idi”. Elə ilk çıxışa da Aleksandr Nekristov  başladı. O, Bakı Dövlət Universitetinin təşəbbüsü ilə professor V. Razumovskinin barelyefinin açılışını yüksək qiymətləndirdi. Mer V. Razumovskini böyük alim və dəyərli insan kimi xarakterizə edib, onun Yessentukinin tarixində və Qafqaz mineral sularının kurort və elmi mərkəz kimi inkişafında xüsusi rol oynadığını bildirdi. Mer qeyd etdi ki, professor nəinki Rusiyada, bir çox şəhərlərdə, o cümlədən Bakı, Tiflis, Kazan və Saratovda hörmətlə anılır.

Sonra söz BDU-nun rektoru  akademik Abel Məhərrəmova verildi. Rektor 26 noyabrın universitet üçün tarixi əhəmiyyətindən bəhs etdi. O bildirdi ki, V. Razumovski həm Bakı Dövlət, həm də Saratov və Zaqafqaziya universitetlərinin yaranmasında müstəsna xidmət göstərib. Rektor onu da qeyd etdi ki, professor Razumovski Azərbaycan parlamentində universitetin yaranması haqqında qərarı başı üstə qaldıraraq Avropa ilə Asiyanın qovşağında yeni məşəlin yandığını bildirib: “Mən Bakı Dövlət Universitetinin parlaq gələcəyinə inanıram”.

A.Məhərrəmov Heydər Əliyevin BDU-nun məzunu və fəxri doktoru olmasından, prezident İlham Əliyevin elmə və təhsilə olan diqqət və qayğısından da bəhs etdi.

Rektor onu da vurğuladı ki, BDU-nun dünyada tanınmış çoxlu məzunları olub. “Bu sırada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi, bizim məşhur həmyerlimiz, Nobel mükafatı laureatı Lev Landau, görkəmli alim Yusif Məmmədəliyev və bir çox başqalarını qeyd etmək olar”.

Çıxışana yekun vuran akademik bildirdi ki, Vasili Razumovski nəinki Rusiyanın, Azərbaycan xalqının da böyük oğludur. Onun Azərbaycanda ali təhsilin və elmin inkişafına verdiyi töhfələr əvəzolunmazdır: “Bu gün o, öz doğma Bakı Dövlət Universitetinin uğurlu, səmərəli və dinamik inkişafını görsəydi çox şad olardı”.

Çıxışdan sonra Abel Məhərrəmov və Yessentuki meri Aleksandr Nekristov

sürəkli alqışlar altında barelyefin açılışını etdilər.

Açılışdan sonra mərasimdə Milli Məclisin deputatı Mixail Zabelin, Dağıstan Dövlət Universitetinin rektoru Murtuzəli Rabadanov, Çeçen Dövlət Universitetinin prorektoru Ruslan Kutuyev, Rusiya Dövlət Humanitar Universitetinin Georgiyevsk filialının direktoru Kim Vladimir və Cənub Federal Universitetinin prorektoru Sergey Dyujikov çıxış etdilər.

Tədbirin ən təsirli məqamlarından biri Razumovskinin nəticəsi Fyodor Boqorodskinin çıxışı oldu. O, barelyefin açılışına görə hamıya təşəkkürünü bildirdi. “Mən çox həyəcanlıyam. Babamı Bakıda unutmayıblarmış. Buna görə BDU rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm”. Sonradan Lent.az-ın əməkdaşına açıqlama verən cənab Boqorodski bildirdi ki, yaxın aylarda mütləq Bakıya gələcək, BDU-ya baş çəkəcək.

***

“Bu küçə böyük alim, Bakı Dövlət Universitetinin təsisçilərindən biri və ilk rektoru Vasili İvanoviç Razumovskinin şərəfinə adlanır”. Bizim qoyduğumuz barelyefdə elə beləcə də yazılıb. Ona görə bizim deyirəm ki, artıq Yessentukidə bizim bir küçəmiz var. Bizim Razumovskinin şərəfinə adlanan küçə...

http://news.lent.az/news/223522

Xəbərlər

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası
18/04/2024

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək
18/04/2024

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər
18/04/2024