Abel Məhərrəmov Türkiyə Ədliyyə Akademiyasının rektorunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyə Ədliyyə Akademiyasının rektoru Hüseyin Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Təmsil etdiyi akademiya haqqında danışan rektor Hüseyin Yıldırım Azərbaycanın ən önəmli və klassik universitetinə səfər etdiklərindən məmnun olduqlarını bildirib.
Dövlətlərimiz arasında qardaşlıq münasibətlərinin, o cümlədən elmi, hüquqi sahələrdə əməkdaşlığın dinamik inkişafını vurğulayan akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetində 600 türkiyəli tələbənin təhsil aldığını qonaqların nəzərinə çatdırıb. Rektor Bakı Dövlət Universitetinin Türkiyənin Ədliyyə Akademiyası ilə sıx əməkdaşlıq əlaqəsinin olduğunu da bildirib.
Görüş zamanı həmçinin diplomların qarşılıqlı tanınması, qarşılıqlı təcrübə, simpozium, seminarların təşkil edilməsi, əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Görüşdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor İradə Əliyeva, Beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə prorektor Şəlalə Məmmədova, Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Sani Hacıyev, Hüquq fakültəsinin dekanı Əmir Əliyev və Hüquq fakültəsinin dekan müavini Sərvər Süleymanlı da iştirak ediblər.
Mətbuat və İnformasiya şöbəsi, 13 dekabr 2011-ci il.