Bakı Dövlət Universiteti Vyetnam Sosialist Respublikasının Prezidenti tərəfindən Vyetnamın “Dostluq” ordeninə layiq görülüb
Vyetnam–Azərbaycan Dostluq Assosiasiyasının və Azərbaycanın Vyetnamdakı səfirliyinin birgə təşkilatçılığı ilə Vyetnamın Vunqtau şəhərində ikinci Vyetnam–Azərbaycan Dostluq Forumu keçirilib.
Forum Vyetnam və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub.
Tədbirə Vyetnam hökumətinin, Prezident Ofisinin, Kommunist Partiyasının, parlamentin və digər dövlət qurumlarının, PetroVyetnam, VietsovPetro, PetroLimeks kimi böyük şirkətlərin nümayəndələri, bu qurumlarda çalışan Azərbaycan ali təhsil ocaqlarının vyetnamlı məzunları qatılıblar.
Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərliyi ilə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Təhsil Nazirliyinin və qeyd olunan universitetlərin əməkdaşlarından ibarət nümayəndə heyəti tədbirdə iştirak edib.
Tədbiri açan Vyetnam parlamentinin üzvü, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri Nghiem Vu Khai Azərbaycan və Vyetnam arasında dostluq münasibətlərinin diplomatik əlaqələrdən daha öncə, hələ Sovet İttifaqı dövründə qurulduğunu və bu gün də bu münasibətlərin uğurla davam etdirildiyini bildirib. O, iki ölkə arasında dostluq münasibətlərinin inkişafında və daha da möhkəmlənməsində Azərbaycan ali təhsil ocaqlarının vyetnamlı məzunlarının böyük rol oynadığını vurğulayıb. Nghiem Vu Khai Azərbaycanın universitet, institut və texnikumlarını dörd mindən çox vyetnamlı məzunun bitirdiyini qeyd edib. O, bu məzunların Vyetnamın özəl və dövlət qurumlarında yüksək vəzifələrdə çalışdıqlarını diqqətə çatdırıb.
Daha sonra çıxış edən Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan Vyetnam-Azərbaycan Dostluq Forumunun keçirilməsi ənənəsinin ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və daha da möhkəmlənməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Səfir Forumun Vunqtau şəhərində keçirilməsinin təsadüfi olmadığını qeyd edərək, məhz bu şəhərdə yüzlərlə azərbaycanlı mütəxəssisin vyetnamlı həmkarları ilə çiyin-çiyinə çalışdıqlarını, bu ölkənin neft sənayesinin inkişaf etdirilməsi üçün böyük fədakarlıqlar nümayiş etdirdiklərini vurğulayıb. O, Azərbaycanın Vyetnamla bütün sahələr üzrə əməkdaşlığın inkişafına önəm verdiyini qeyd edərək, xüsusilə təhsil sahəsində tarixən mövcud olan uğurlu əməkdaşlığın hazırda davam etdirilməsinin vacibliyindən söhbət açıb və Dostluq Forumunun bu prosesə təkan verəcəyinə əminliyini ifadə edib.
Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında Azərbaycan və Vyetnam arasında dostluq münasibətlərinin əsasının Vyetnam xalqının böyük oğlu Ho Şi Minin 1959-cu ildə Azərbaycana və ümummilli lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ilə qoyulduğunu vurğulayıb. O, Vyetnamın çətinliklərlə üzləşdiyi dönəmdə Azərbaycan ali təhsil ocaqlarının bu ölkənin inkişafında xidmətləri olan minlərlə mütəxəssisin yetişdirilməsində böyük rol oynadığını vurğulayıb və bu faktın qürurverici olduğunu söyləyib. Firudin Qurbanov hazırda xarici tələbələrin ölkəmizdə yüksək səviyyəli təhsil almaları üçün geniş imkanların yaradıldığını diqqətə çatdırıb və Vyetnam ilə təhsil sahəsində əməkdaşlığın intensivləşdirilməsi üçün zəruri addımların atılmasının vacibliyini vurğulayıb.
Nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 11 sentyabr tarixli Sərəncamına əsasən Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xidmətlərinə görə Vyetnam Prezidenti Ofisinin Beynəlxalq Əlaqələr Departamentinin baş direktoru Nguyen Vu Ha Lenin və Vyetnam parlamentinin üzvü, Vyetnam–Azərbaycan Dostluq Assosiasiyasının sədri Nghiem Vu Khaiyin “Tərəqqi” medalı ilə təltif edildiklərini bildirib və medalları onlara təqdim edib.
Forumda çıxış edən Abel Məhərrəmov Bakı Dövlət Universitetinin 400-dən artıq vyetnamlı məzunu olduğunu bildirib, bu məzunların Vyetnamda yüksək vəzifələrdə çalışmalarından qürur hissi keçirdiyini vurğulayıb. O, uzun illər ötməsinə baxmayaraq, vyetnamlı məzunların öz doğma universitetlərini hər zaman xatırladıqlarını, müntəzəm olaraq universiteti ziyarət etdiklərini bildirib. Rektor sonuncu dəfə cari il iyulun 13-də vyetnamlı məzunlardan ibarət nümayəndə heyətinin universitetdə olduğunu diqqətə çatdırıb. Abel Məhərrəmov Bakı Dövlət Universitetində təhsil imkanları barədə məlumat verib, Dostluq Forumunun iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığa təkan verəcəyini vurğulayıb.
Mustafa Babanlı çıxışında Sovet İttifaqı illərində, eləcə də Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin vyetnamlı mütəxəssislərin yetişməsində müstəsna xidmətlərinin olduğunu söyləyib. Rektor hazırda universitetin məzunlarından Nguyen Vu Truong Sonun PetroVyetnam şirkətinə və Thu Thanh Nghianın VietSovPetro şirkətinə rəhbərlik etməsinin, eləcə də digər vyetnamlı mütəxəssislərin nailiyyətlərinin bunun bariz nümunəsi olduğunu vurğulayıb. M.Babanlı hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində mövcud olan təhsil imkanları barədə məlumat verib, Vyetnamla neft üzrə təhsil sahəsində əməkdaşlıq ənənələrinin bundan sonra da uğurla davam etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Tədbir zamanı Azərbaycan və Vyetnam arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Azərbaycan və Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına verdiyi töhfəyə görə Bakı Dövlət Universitetinə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə Vyetnam Sosialist Respublikasının yüksək mükafatlarından olan və ölkə Prezidenti tərəfindən verilən “Dostluq” ordeni təqdim edilib.
Forumda, həmçinin VietSovPetro şirkətinin baş direktoru Thu Thanh Nghia, PetroVytenam şirkətinin Direktorlar Şurasının üzvü Phan Ngoc Trung və digər məzunlar çıxış edərək Azərbaycanla bağlı xatirələrini bölüşüb, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə dair təkliflər irəli sürüblər.
Tədbir konsert proqramı ilə davam edib.
AZƏRTAC