Bakı Dövlət Universitetində IV Bakı Beynəlxalq Humanitar Forumuna hazırlıq məsələləri müzakirə edilib

17/09/2014

Bakı Dövlət Universitetində IV Bakı Beynəlxalq Humanitar Foruma hazırlıq məsələlərinin müzakirə edilməsi məqsədi ilə fakültə dekanlarının iştirakı ilə iclas keçirilib. İclasda BDU-nun rektoru, akademik Abel Məhərrəmov çıxış edırık bildirib ki, “XXI əsr: ümidlər, çağırışlar” devizi altında keçirilən Bakı Beynəlxalq Humanitar Forumu Rusiya və Azərbaycan Prezidentlərinin təşəbbüsü ilə 2011-ci ildə təsis olunub. 2011-ci ildə birinci, 2012-ci ildə ikinci, 2013-cü ildə III Forum keçirilib və  açılış nitqi ilə çıxış edən prezident İlham Əliyevin tarixi niqti iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Bu Forumlarda tanınmış dövlət xadimləri, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı Laureatları, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələri iştirak ediblər. Bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri aparılıb, beynəlxalq miqyasda həlli zəruri olan aktual problemlər müzakirə edilərək müvafiq qərarlar və Bəyannamələr qəbul edilib. Nəticədə qloballaşan dünyanın reallıqları nəzərə alınmaqla humanitar aspektdə XXI əsrin ümid və çağırışlarının müəyyən edilməsi və bu sahədə sürətli inkişafa nail olunması baxımından çox böyük missiya yerinə yetirilib.

Rektor qeyd edib ki, əvvəlki illərdə keçirilən hər bir Forumun bir dəyirmi masası Bakı Dövlət Universiteti tərəfindən təşkil edilib.  I Bakı Beynəlxalq Humanitar Forumu (2011-ci il) çərçivəsində BDU tərəfindən təşkil edilən Dəyirmi masa “Dünyanı dəyişən müasir texnologiyalar”a həsr edilib. Dəyirmi masa “Müasir texnologiyalar və qlobal katastroflar”, “Qloballaşma dövründə elm və təhsilin inteqrasiya proseslərində müasir texnologiyaların rolu” və “Müasir texnologiyalar və davamlı inkişaf” adlı bölmələrdən ibarət olub. II Bakı Beynəlxalq Humanitar Forumu (2012-ci il) çərçivəsində BDU tərəfindən keçirilən Dəyirmi masa “XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar”a həsr edilib. Bu masa “Virtual reallıq və cəmiyyətin inkişafı”, “Gənc nəslin formalaşmasında virtual universitetlərin rolu” və “Nəsillərin qarşılıqlı münasibətlərinin problemləri və perspektivləri” adlı işçi bölmələrdən ibarət olub. Dəyirmi masada 120 nəfər, o cümlədən dünyanın 20 ölkəsini təmsil edən 40 xarici qonaq və əsasən BDU-nun professor-müəllim heyətindən ibarət olan 80 nəfər azərbaycan vətəndaşı iştirak edib. III Bakı Beynəlxalq Humanitar Forumu (2013-cü il) çərçivəsində BDU tərəfindən keçirilən Dəyirmi masa Elmi innovasiyalar və onların təhsil mühitinə transferi məsələlərinə həsr edilib. Bu masa da “Fundamental elmlər sahəsində innovasiyalar”, “Elm və təhsilin inteqrasiyası: təhsilin elmi innovasiyalar əsasında inkişafı” və “Fundamental və ictimai elmlərin inteqrasiya tendensiyaları” adlı işçi bölmələrdən ibarət olub. Forumda 27 ölkədən 70 nümayəndə iştirak edib.

Cari ilin oktyabr ayında artıq ənənə halını almış IV Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi nəzərdə tutulub. Bu Forumda da BDU-nun təşkilatçılığı ilə  İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu mövzusunda Dəyirmi masanın keçiriməsi nəzərdə tutulur.

Rektor bildirib ki, oktyabr ayında keçirilməsi nəzərdə tutulan bu Forum da humanitar sahədə göstərilən pozitiv beynəlxalq səylərə böyük bir töhfədir və dünyada tolerantlıq, dialoq, insanlar və xalqlararası qarşılıqlı yanaşma kimi dəyərlərə və beynəlxalq hüquqa əsaslanan yeni və güclü quruluşun yaradılmasına yönəldilib. Artıq ənənə şəklini almış bu forum siyasi, intellektual, elmi və akademik şəxsiyyətləri, müxtəlif mənşəli və müxtəlif ölkələrdən olan elit qrupları bir araya gətirir və bu amil ölkəmizin gündən-günə artan nüfuzunun bariz nümunəsidir. Forumun Bakı Dövlət Universiteti tərəfindən təşkil edilən İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu mövzusunda Dəyirmi masasında “Fənlərarası inteqrasiya və fundamental və təbiət elmləri sahəsində innovasiyalar”, “Fənlərarası inteqrasiya humanitar və sosial elmlər sahəsində innovasiyaların tətbiqi vasitəsi kimi” və “Təhsil mühitində fənlərarası inteqrasiyanın metodoloji problemləri” adlı üç bölmə nəzərdə tutulub. IV Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının icrasını təmin etmək məqsədi ilə artıq BDU-da altı nəfərdən ibarət xüsusi qərargah yaradılıb. Qərargah üzvləri xarici ölkələrdən dəvət edilən və bu Dəyirmi masa üzrə qeydiyyatdan keçən iştirakçılarla əlaqə yaradaraq onların Forumda hansı mövzularda çıxış etmək istədiklərini aydınlaşdırıb, həmçinin BDU və digər müəssisələrdən bir masada iştirak edəcək nümayəndələr arasından məruzəçilər müəyyən edilib. Qeyd edilib ki, bu günə qədər bu Dəyirmi masada iştirak etmək üçün artıq 25 xarici ölkə nümayəndəsi qeydiyyatdan keçib. Dəyirmi masada İsrail, Albaniya, Serbiya, Gürcüstan, Yaponiya, İngiltərə, Amerika, Almaniya, Rumıniya, Rusiya, Bolqarıstan, Mərakeş, Sudan, Qazaxıstan və Vyetnamdan nümayəndələr iştirak edəcək.  Qonaqlar arasında  Nobel mükafatı laureatları, universitet rektorları, prorektorlar, akademiya prezidentləri, institut direktorları, akademiklər, professorlar, dosentlər, nazirlər, agentlik sədrləri, şirkət rəhbərləri, media nümayəndələri var. Ötən forumlarda olduğu kimi bu il də universitet alimlərinin inovvativ tədqiqatlarla bağlı Nobel mükafatçıları qarşısında çıxışları planlaşdırılır.

İclasda Forum çərçivəsində xarici ölkə universitetləri ilə əməkdaşlıq məsələlərinin təşkili və  Forumun keçirilməsi ilə əlaqədar digər məsələlər də ətraflı müzakirə edilib.

Mətbuat və informasiya şöbəsi, 17 sentyabr 2014-cü il.

Xəbərlər

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib
25/04/2024

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş
25/04/2024

BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib

BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib
25/04/2024