BDU alimi Pakistanın Karaçi Universitetində monokristalların rentgen şüalarının diffraksiyasına dair tədqiqat aparır

05/08/2024

Bakı Dövlət Universitetinin (BDU) Sənaye kimyası elmi-tədqiqat laboratoriyasının müdiri Ələkbər Hüseynzadə Azərbaycan Elm Fondunun 12-ci “Mobillik qrantı” müsabiqəsinin qalibi kimi Pakistanın Karaçi Universitetinin Kimya və Biologiya Elmləri Beynəlxalq Mərkəzində (ICCBS) monokristalların rentgen şüalarının diffraksiyası (SC-XRD) metoduna həsr olunan təlimdə iştirak edir.

Karaçi Universitetinin Kimya və Biologiya Elmləri Beynəlxalq Mərkəzinin direktoru, professor Farzana Shaheen qeyd edib ki, qurumun nəzdində Kimya, Biotexnologiya, Nanotexnologiya, Heyvan Tədqiqatları, Kliniki Tədqiqatlar, Genom tədqiqatları və Virusologiya İnstitutları da daxil olmaqla ümumilikdə 12 elmi-tədqiqat institutu fəaliyyət göstərir. Mərkəzin keçmiş direktoru, professor Atta-ur-Rahman görüşdə qardaş ölkə Azərbaycandan gəlmiş tədqiqatçıları görməkdən məmnunluq hissi keçirdiyini qeyd edib, tədqiqatçılara uğurlar arzulayıb. Görüş ərzində universitetlərarası birgə əməkdaşlıq məsələləri müzakirə edilib.

Təlimin ilkin mərhələsində iştirakçılara “Bruker” şirkətinin ən güclü difraktometri sayılan “D8 Venture” modeli nümayiş etdirilib, analizin yerinə yetirilməsi və nəticələrin toplanması həyata keçirilib. Daha sonra üzvi molekulların, o cümlədən BDU-nun Sənaye kimyası ETL-də yetişdirilən monokristalların rentgen nəticələrinə əsasən quruluşunun təyini müxtəlif proqram təminatları vasitəsilə öyrənilib. Bundan əlavə, molekulların kristal qəfəsində olan qeyri-kovalent əlaqələrini təyin edən Hirşfeld səth analizi ilə bağlı biliklər əldə olunub.

Cihazın imkanları zülal molekullarının tədqiqində geniş istifadə edildiyi üçün qeyd olunan mərkəzdə zülal kristalloqrafiyasına aid müxtəlif tədqiqatlar yerinə yetirilir.  Buna görə də əvvəlcə zülal monokristallarının yetişdirilmə üsulları öyrədilib və təlim zamanı həzm prosesində mühüm rola malik, molekul kütləsi 23.3 kDa olan tripsin zülalının monokristalı yetişdirilib. Növbəti mərhələdə zülalın difraktometrlə analizi aparılıb və quruluşu müxtəlif proqram təminatlarının köməyi ilə təyin edilib.

Mərkəzdə zülalların quruluşunun, dinamikasının və konformasiyasının təyinində əvəzsiz rola malik olan yüksək tezlikli Nüvə Maqnit Rezonansı spektrometrləri (NMR) olduğu üçün qeyd olunan rentgen difraktometri ilə birgə aparılan zülal tədqiqatlarının sərhədləri daha da genişləndirilib. 800 MHz NMR-da izolyasiya olunmuş zülalın 2D tədqiqatları aparılıb.

Məlum olduğu kimi, son illərdə birləşmələrin müxtəlif orqanizmlərə qarşı bioloji aktivliklərini proqnozlaşdırmaq və izah etmək üçün sintezi planlaşdırılan və ya sintez olunan bioaktiv birləşmələrin və mikroorqanizmdə olan enzimlərin (zülalların) qarşılıqlı əlaqəsini öyrənən in siliсo (molekulyar dokinq (bağlanması) və dinamik simulyasiya)  tədqiqatlar geniş tətbiq olunur. Mərkəz superkompüterlərlə təchiz olunduğu üçün yuxarıda qeyd olunan analizlər yerinə yetirilir. Təlimin davamı olaraq, BDU-nun Sənaye kimyası ETL-də sintez olunan birləşmələrin müxtəlif enzimlərə qarşı aktivliyi molekulyar dokinq metodu ilə öyrənilib.

Xəbərlər

Ən böyük azərbaycanlı – Ümummilli Lider Heydər Əliyev

Ən böyük azərbaycanlı – Ümummilli Lider Heydər Əliyev
12/12/2024

“BDU könüllüləri” və Psixoloji yardım sektoru “Kitabın sirri” adlı görüş keçirib

“BDU könüllüləri” və Psixoloji yardım sektoru “Kitabın sirri” adlı görüş keçirib
11/12/2024

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində “Data Science” təlimlərinə başlanılıb

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində “Data Science” təlimlərinə başlanılıb
11/12/2024