BDU ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb
Bakı Dövlət Universiteti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəd elmi-praktik əlaqələri inkişaf etdirmək, qarşılıqlı maraq doğuran sahələrdə mövcud təcrübəni bölüşməklə birgə və bərabər maraqlar əsasında əməkdaşlıq etmək, aidiyyəti fəaliyyət sahələrinin inkişafı üzrə qarşılıqlı nəticələrə nail olmaq məqsədinə xidmət edir.
Memorandumun imzalanması tədbirini giriş sözü ilə açan Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov ölkəmizin sosial sahədəki qanunvericilik bazasının təkmilləşdirməsinin əhəmiyyətindən, Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində sosial müdafiə sisteminin möhkəmləndirilməsindən bəhs edib. 2004-cü ildə ölkəmizin Avropa Sosial Xartiyasına qoşulduğunu deyən rektor Bakı Dövlət Universitetində sosiomühəndis layihələri hazırlamağı bacaran, müvafiq sosial xidmətləri istiqamətləndirə və realizə etməyə qadir olan mütəxəssis hazırlığı istiqamətində görülən işləri diqqətə çatdırıb. Bildirib ki, 2005-ci ildə ilk dəfə olaraq Bakı Dövlət Universitetində təhsilin magistratura, 2008-ci ildə isə bakalavr pilləsində sosial işçi hazırlığına başlanılıb, mütəxəssis hazırlığını təkmilləşdirmək, sosial işi elm və tədris sahəsi kimi inkişaf etdirmək məqsədilə Sosial iş kafedrası və Sosioloji tədqiqatlar laboratoriyası yaradılıb. Rektor Abel Məhərrəmov onu da vurğulayıb ki, BDU ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında sosial iş sahəsində mütəxəssis hazırlığı, innovativ sosial xidmətlər istiqamətində birgə əməkdaşlıq haqqında sənəd də məhz qeyd edilən məqsədlərə xidmət edir.
Tədbirdə Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının ölkədə etibarlı sosial müdafiə sisteminin qurulmasına imkan yaratdığını, bu sistemin mühüm komponentlərindən birinin də çətin həyat şəraitində olan şəxslərə sosial xidmətlərin göstərilməsi olduğunu vurğulayıb. Nazir Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış “Məzun evi” Sosial Müəssisəsinin fəaliyyətindən də bəhs edib, dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş 209 nəfər məzununun mənzillə təmin edildiyi müəssisədə xalça və tikiş sexlərinin açıldığını, burada yaşayanların məşğulluğunun təminatı üçün müvafiq işlərin aparıldığını bildirib. Nazir ötən il yeni sosial xidmət müəssisələrinin - ehtiyacı olan insanlar üçün müasir tələblərə uyğun Sosial Sığınacaqların fəaliyyətə başladığını, penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün sosial reabilitasiya mərkəzinin yaradıldığını, nazirlik tərəfindən 68 nəfər insan alveri qurbanına və 28 nəfər insan alverinin potensial qurbanına müxtəlif yardımlar göstərildiyini qeyd edib.
Səlim Müslümov sosial iş sahəsində yüksək ixtisaslı kadr potensialının formalaşdırılması üçün müvafiq ixtisasa yiyələnən tələbə və magistrantların təcrübi bilik və bacarıqlarının inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb. Qeyd edib ki, hazırda imzalanma tədbiri keçirilən Memorandum Sosial iş ixtisası üzrə tədris prosesinin praktik sosial iş sahəsi, sosial xidmət müəssisələri ilə əlaqəli şəkildə səmərəliliyinin yüksəldilməsində yeni imkanlar açır. Bu sənəd eyni zamanda, sosial işçilərin ixtisasartırma və ya təlim keçməklə biliklərini artırmaları, ümumən bu sahədə təlim və təcrübə sektorlarının qarşılıqlı əlaqəsini təmin edən birgə və sistemli fəaliyyətin təşkili baxımından çox əhəmiyyətlidir.
Sonra Anlaşma Memorandumu imzalanıb. Sənəddə sosial iş və sosial siyasət sahəsi üzrə tələbə və magistrantları məlumatlandırmaq məqsədilə nazirliyin müvafiq əməkdaşlarının universitetin Sosial iş ixtisası üzrə təhsil alan tələbələri üçün ustad dərslərinin, habelə həmin ixtisas üzrə tədris prosesinin səmərəliliyini artırmaq məqsədilə universitetin bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrinin nazirliyin tabeliyindəki sosial xidmət müəssisələrində təcrübə və təlim keçmələrinin təşkil edilməsi nəzərdə tutulur.
Memorandumda həmçinin universitetin Sosial iş kafedrası və onun tabeliyində olan Sosioloji tədqiqatlar laboratoriyasının əməkdaşlarına sosial xidmət müəssisələrində elmi-tədqiqat işlərinin aparılması üçün şəraitin yaradılması, nazirliyin müvafiq struktur bölmələrinin əməkdaşlarının universitetdə müvafiq ixtisasartırma və ya təlim keçməsinin təşkili, nazirliyin bu sahədə ehtiyaclarının müəyyən olunmasına yardım göstərilməsi, sosial iş üzrə beynəlxalq və milli səviyyədə akademik, elmi tədbir və təlimlərin, konfrans, seminar, simpozium və mühazirələrin, ümumən hər iki tərəf üçün maraq doğuran digər sahələrdə birgə işlərin təşkili və həyata keçirilməsi əksini tapır.
Mətbuat və informasiya şöbəsi, 17 yanvar 2018-ci il.