BDU-da elmi seminar: “Kür çayının aşağı axınında yerləşən şəhərlərin demoqrafik göstəriciləri və ekoloji problemləri”

01/06/2023

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində növbəti elmi seminar keçirilib. Seminarda Coğrafi ekologiya kafedrasının doktorantı Elnur Nağıyevin “Kür çayının aşağı axınında yerləşən şəhərlərin demoqrafik göstəriciləri və ekoloji problemləri” mövzusunda məruzəsi dinlənilib.

Qeyd olunub ki, Kürün aşağı axınında yerləşən və əhalinin ən çox məskunlaşdığı 7 şəhərin (Mingəçevir, Yevlax, Zərdab, Sabirabad, Salyan, Şirvan, Neftçala) demoqrafik vəziyyətinin dinamikası araşdırılıb. Təhlil üçün məlumat bazası kimi 1989-2021-ci illəri əhatə edən əhalinin siyahıya alınması məlumatları və statistik demoqrafik göstəricilər götürülüb. Müəyyən edilib ki, Kürün aşağı axınında yerləşən şəhərlərin inzibati ərazi vahidlərinin ərazisi, əhalisinin sayı və sıxlığında əvvəlki illərlə müqayisədə artım olub. Ən çox təbii artım Sabirabad (165,12%) və Zərdab (153,84%) şəhərlərində müşahidə edilib. Bunun səbəbi həmin şəhərlərdə əhalinin əsasən kənd təsərrüfatının müxtəlif sahələri (taxılçılıq, bostançılıq, üzümçülük, pambıqçılıq) ilə məşğul olmasıdır. Belə ki, əhalisi daha çox sənaye sahələri (neft və qazçıxarma, elektroenergetika, kimya, tikinti materialları istehsalı və s.) ilə məşğul olan şəhərlərdə təbii artımın nisbətən aşağı olduğu (Mingəçevir (129,52%)) müşahidə edilib.

Nəticə olaraq Kürün aşağı axınında yerləşən şəhərlərdə demoqrafik inkişaf problemlərinin nizamlanması üçün məşğulluq, sosial müdafiə, tibb və digər sahələrdə davamlı tədbirlərin həyata keçirilməsi, Mingəçevir, Şirvan şəhərlərində yeni sənaye parklarının açılması, şəhər ərazilərinin yeni şəhərsalma infrastrukturuna uyğun genişləndirilməsi, Yevlax, Zərdab, Sabirabad, Salyan, Neftçala şəhərlərində yeni sənaye məhəllələrinin yaradılması, rekreasiya, aqrosənaye, şəhəryanı təsərrüfatların, emal sənayesinin inkişaf etdirilməsi zəruri hesab edilir.

Sonra seminar iştirakçılarının sualları cavablandırılıb.

Xəbərlər

BDU əməkdaşlarının “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” adlı dərs vəsaiti nəşr olunub

BDU əməkdaşlarının “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” adlı dərs vəsaiti nəşr olunub
14/11/2025

BDU və Çinin Tianshui Pedaqoji Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Çinin Tianshui Pedaqoji Universiteti arasında anlaşma memorandumu imzalanıb
14/11/2025

BDU nümayəndə heyəti Pekində Ümumdünya Çin Dili Konqresində iştirak edir

BDU nümayəndə heyəti Pekində Ümumdünya Çin Dili Konqresində iştirak edir
14/11/2025