BDU-da kvant çuxurlu strukturlarda elektron qazının maqnetizmi və optik udulma ilə bağlı tədqiqat aparılıb

01/12/2022

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Bərk cisimlər fizikası kafedrasında  növbəti elmi seminar keçirilib.

Seminarda kafedranın fəlsəfə doktoru proqramı üzrə doktorantı Sahilə Sultanova “Yarımmaqnit yarımkeçirici əsaslı kvant çuxurunda elektron qazının maqnetizmi və optik udulma” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, son zamanlar dar qadağan zolaqlı Hg1-xCdxTe yarımkeçiriciləri və onların əsasında hazırlanan strukturlar tədqiqatçıların diqqət mərkəzindədir. Nanotexnologiyanın sürətli inkişafı sayəsində kvant çuxurlu HgTe/CdHgTe kimi böyük praktiki əhəmiyyətə malik olan heterostrukturların  yaradılması mümkün olub. Bu yarımkeçiricilərin unikal xassələri, o cümlədən, tərkibdən asılı olaraq qadağan zolağının enini dəyişməyin mümkünlüyü onların tətbiq imkanlarını artırır. Hazırda həmin yarımkeçiricilərin əsasında müxtəlif diapazonlarda işləyən diodlar, detektorlar, tranzistorlar, lazerlər hazırlanır. Bununla yanaşı, bu kristalların və onların əsasında yaradılan strukturların kinetik, optik və maqnit xassələrinin tədqiqi aktual məsələlərdən biridir. Təqdim olunan məruzədə Hg1-xCdxTe kristallarında və onların əsasında hazırlanan kvant çuxurlu strukturlarda elektron qazının maqnetizmi və elektron qazında işığın udulmasının nəzəri tədqiqinə dair nəticələr təqdim olunub.

Qarşıya qoyulan məsələlərin həllində kvant mexanikasının və statistik fizikanın metodlarından istifadə olunmaqla Hg1-xCdxTe kristalında ikizonalı Keyn modeli üçün elektron qazının məlum  enerji spektri əsasında böyük termodinamik potensialı hesablanıb, daha sonra isə maqnitlənmə üçün maqnit sahəsindən və qadağan olunmuş zolağın enindən asılı analitik ifadə tapılıb. Qadağan olunmuş zolağın konkret qiymətlərində maqnitlənmənin maqnit sahəsindən asılılığı müəyyən edilib. Göstərilib ki, maqnit sahəsinin müəyyən qiymətindən sonra maqnitlənmə doyma halına gəlir. Ultrarelyativistik hala baxılıb və göstərilib ki, qadağan olunmuş zolağın çox böyük qiymətlərində maqnitlənmə parabolik nəticəni verir. Bundan başqa, HgCdTe-də Keyn modelində udulma əmsalı üçün düşən işığın tezliyindən və zolağının enindən asılı analitik ifadə alınıb.

Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Xəbərlər

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib
29/03/2024

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub
29/03/2024

BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər

BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər
29/03/2024