BDU-da Əməkdar elm xadimi, professor Ələsgər Məmmədovun 100 illik yubileyi qeyd edilib

18/12/2019

Bakı Dövlət Universitetində (BDU) Azərbaycanda ərəbşünaslığın banisi, Əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Ələsgər Məmmədovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransı keçirilib.

Rektor Elçin Babayev tədbiri giriş sözü ilə açaraq görkəmli ərəbşünas alimin həyatı və fəaliyyətindən danışıb. Bildirib ki, 1933-1937-ci illərdə Nərimanov adına Sənaye texnikumunda, 1937-1941-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun alman dili şöbəsində təhsil alan Ələsgər Məmmədov, 1941-ci ilin iyul ayında Şərq dillərini öyrənmək üçün Moskvaya göndərilib və 1944-cü ildə Moskva Şərqşünaslıq Universitetinin ərəb dili üzrə hərbi şöbəsini bitirib. 1945-ci ilin fevral ayından SSRİ Xarici İşlər Nazirliyində referent kimi əmək fəaliyyətinə başlayıb. 1945-1946-cı illərdə yüksək savadlı alman dili mütəxəssisi olaraq Nürnberq prosesində tərcüməçi kimi fəaliyyət göstərib. E.Babayev vurğulayıb ki, 1947-ci ildən ömrünün sonlarına qədər taleyini Bakı Dövlət Universitetinə bağlayan Ələsgər Məmmədov 1957-ci ildə ərəb dili və ədəbiyyatı şöbəsinin açılması ilə ərəbşünaslıq məktəbinin əsasını qoyub. Bu böyük alimin yetirmələri elm, təhsil, diplomatiya, tərcüməçilik sahələrindəki nailiyyətləri ilə ilə ərəbşünaslıq məktəbinin möhkəm təmələ əsaslandığını sübut ediblər.

Ələsgər Məmmədovun ərəb, fars, alman, ingilis, fransız, rus dillərini mükəmməl bildiyini vurğulayan rektor onun ərəb dilini öyrətmək metodunu qeyri-adi bacarıq adlandırıb və bu dilin tədrisinə gətirdiyi yenilikdən danışıb.
İclasda professor Ələsgər Məmmədovun həyat və yaradıcılığına həsr olunmuş film nümayiş etdirilib.
Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov “Azərbaycanda müasir ərəbşünaslığın banisi” mövzusunda məruzə ilə çıxış edib. Ələsgər Məmmədovun onlarla elmi məqalənin,  orta və ali məktəblər üçün Azərbaycan və rus dillərində yazılmış 30-dan çox ərəb dili dərsliyinin müəllifi olduğunu deyən E.Əzizov elmi və metodoloji cəhətdən yüksək səviyyəyə malik olan bu dərsliklərdən nəinki Azərbaycanda, eyni  zamanda, Dağıstan, Tatarstan, Orta Asiya respublikaları və digər şərqşünaslıq mərkəzlərində istifadə olunduğunu diqqətə çatdırıb. Bildirib ki, bir pedaqoq kimi Ələsgər Məmmədov əvəzsiz idi. O, dərs prosesində bu çətin dili öyrədərkən ciddi tələbkarlığı ilə yanaşı, incə yumoru ilə tələbələrində zehni yüngüllük yaradardı.
AMEA-nın Milli Azərbaycan Taqrixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı “Unudulmz pedaqoq” adlı məruzəsində Ələsgər müəllimlə bağlı xatirələrini bölüşüb. Bildirib ki, 1957-ci ildə açılmış ərəb şöbəsində Ələsgər müəllimin bilavasitə özünün dərs dediyi və  sonralar onun dərslikləri sayəsində bu çətin dili mənimsəyən məzunlar arasından şərqşünaslığın müxtəlif sahələrində onlarla tanınmış fəlsəfə və elmlər doktorları, AMEA-nın həqiqi və müxbir üzvləri yetişiblər. Ələsgər müəllim nadir mütəxəssis, əvəzsiz pedaqoq, nəcib insan, ərəbşünas alimlərin yetişməsinin əsil səbəbkarı,  parlaq günəşi idi.
Tədbirdə BDU-nun Ərəb filologiyası kafedrasının professoru Aida Qasımovanın “İmruu-l-Qeysin bir qitəsində əfsanə, tarix və Azərbaycanla səsləşən məqam” mövzusunda məruzəsi dinlənilib.
Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor İmamverdi Həmidov, akademik Nərgiz Axundova, ssenarist Rəfiqə Məsud alimlə bağlı xatirələrini bölüşüblər.

Ailəsi adından çıxış edən alimin qızı Şərafət Məmmədova atasının Bakı Dövlət Universitetini evi qədər sevdiyini söyləyib, xatirəsinə göstərilən hörmət və ehtirama görə Universitet rəhbərliyinə, uzun illər çalışdığı Şərqşünaslıq fakültəsinə təşəkkürünü bildirib.
Konfrans öz işini “Ərəb dilçiliyi”, “Fars dilçiliyi”, “Türk dilçiliyi”, “Ərəb ədəbiyyatı”, “Fars ədəbiyyatı”, “Türk ədəbiyyatı”, “Uzaq şərq dilçiliyi və ədəbiyyatşünaslığı”, “Tarix və beynəlxalq münasibətlər”, “Sosial elmlər” adlı bölmə iclasları ilə davam etdirib.

Konfrans iki gün davam edəcək və ümumilikdə 134 məruzə dinləniləcək.

Xəbərlər

Mərkəzi Bank BDU tələbələri üçün infosessiya keçirib

Mərkəzi Bank BDU tələbələri üçün infosessiya keçirib
17/04/2024

BDU-nun Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının otağı açılıb

BDU-nun Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının otağı açılıb
17/04/2024

BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib

BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib
17/04/2024