BDU-da professor Abuzər Xələfovun 90 illik yubileyinə həsr edilmiş elmi konfrans keçirilib

17/12/2021

Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Abuzər Xələfovun 90 illik yubileyinə həsr edilmiş “Azərbaycanda kitabxana-informasiya fəaliyyəti üzrə kadr hazırlığı: ənənələr və müasirlik” mövzusunda Respublika elmi konfransı keçirilib.

BDU rektorunun elm və təhsil üzrə müşaviri, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə konfransı giriş sözü ilə açaraq bildirib ki, 2021-ci ilin dekabr ayında görkəmli kitabxanaşünas alim, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli, professor Abuzər Xələfovun anadan olmasının 90 ili tamam olur. Vurğulayıb ki,  ölkəmizdə ali təhsilli kitabxanaçı-biblioqraf kadrların hazırlanmasında Abuzər Xələfovun müstəsna xidmətləri vardır. Məhz onun fəal iştirakı ilə 1962-ci ildə kitabxanaçılıq şöbəsi müstəqil fakültəyə çevrilib, alim uzun müddət fakültənin dekanı və kafedra müdiri vəzifələrində çalışıb. Abuzər Xələfovun Azərbaycanda kitabxanaşünaslıq elminin banisi hesab olunduğunu diqqətə çatdıran natiq, alimin 500-ə yaxın əsərinin, o cümlədən fundamental monoqrafiyalarının, dərslik və dərs vəsaitlərinin çap olunduğunu qeyd edib. A.Kazımzadə professor Abuzər Xələfovun xidmətlərinin Ulu Öndərimiz Heydər Əliyev və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə qiymətləndirildiyini, alimin ali dövlət mükafatlarına, orden və medallara  layiq görüldüyünü nəzərə çatdırıb. Qeyd edib ki,  Abuzər Xələfovun irsinin və eyni zamanda kitabxana-informasiya fəaliyyəti sahəsində elmi-tədqiqatların əhəmiyyəti nəzərə alınaraq görkəmli alimin 90 illik yubileyi münasibətilə mühüm elmi nəticələri müzakirə etmək məqsədi ilə Respublika elmi konfransının keçirilməsi haqqında qərar qəbul olunub. Universitet rəhbərliyi adından konfransın işinə uğurlar arzulayan Aydın Kazımzadə konfransda ediləcək məruzələrin aktual mövzulara həsr olunduğunu diqqətə çatdırıb.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, Azərbaycan Respublikası Milli Məclisinin Redaksiya və nəşr işləri şöbəsinin baş məsləhətçisi Mehman Namazov, BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova çıxışlarında görkəmli alimin elmi-pedaqoji fəaliyyətindən bəhs ediblər. Kitabxanaşünaslıq kafedrasının müdiri Elçin Əhmədov plenar iclasda “Azərbaycanda kitabxana-informasiya fəaliyyəti üzrə kadr hazırlığının formalaşmasında Abuzər Xələfovun rolu” mövzusunda məruzə edib. Tədbirdə Kitabxanaçılıq-informasiya fakültəsininin yüksək təhsil göstəricilərinə mailk olan tələbələrinə “Abuzər Xələfov Mükafatı” təqdim olunub.

Sonda alimin oğlu, BDU-nun Hüquq fakültəsinin kafedra müdiri Elçin Xələfov çıxış edərək atasının elmi irsinə, tədris-pedaqoji fəaliyyətinə verilən yüksək qiymətə görə BDU rəhbərliyinə Abuzər Xələfovun ailəsi adından minnətdarlığını bildirib.

Qeyd edək ki, konfrans işini iki gün ərzində bölmə iclaslarında davam etdirəcəkdir. Konfransda ümumilikdə 40-a yaxın məruzənin dinlənilməsi nəzərdə tutulub.

Xəbərlər

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub
23/04/2024

BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır

BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır
23/04/2024

BDU tələbələri sosial problemlərin həllində müasir texnologiyaların tətbiqi imkanları haqqında məlumatlandırılıblar

BDU tələbələri sosial problemlərin həllində müasir texnologiyaların tətbiqi imkanları haqqında məlumatlandırılıblar
22/04/2024