BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
Bakı Dövlət Universitetinin (BDU) professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək.
Azərbaycan-Koreya Kompüter Elmləri Mərkəzinin direktoru İsmayıl Zeynalov tərəfindən keçiriləcək təlimdə süni intellektin tədris prosesində tətbiqi, ondan məsuliyyətli istifadə qaydaları müzakirə olunacaq.
Təlim çərçivəsində süni intellektin imkanları və məhdudiyyətləri, mürəkkəb mövzuların tələbələrin səviyyəsinə uyğun sadələşdirilməsi, effektiv sorğuların hazırlanması, dərs planları, mühazirə xülasələri, test və situasiya tapşırıqları, eləcə də qiymətləndirmə meyarlarının hazırlanmasında süni intellektdən istifadə məsələləri nəzərdən keçiriləcək.
Həmçinin tələbələrin süni intellektdən istifadə ilə hazırladıqları işlərin tanınması, detektorların etibarlılığı, hazır cavabla həll olunmayan tapşırıqların hazırlanması, süni intellektin yaratdığı uydurma fakt və mənbələrin müəyyənləşdirilməsi, məlumatların yoxlanılması və tələbə məlumatlarının qorunması ilə bağlı məsələlərə toxunulacaq.
Təlim 7 oktyabr 2026-cı il tarixində saat 14:00-da Azərbaycan-Koreya Kompüter Elmləri Mərkəzində keçiriləcək.
Təlimdə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
https://forms.gle/dMxQN3LkWoMUfeYx9

