BDU-nun həmtəşkilatçılığı ilə “Gənclər mənzil həllərinin mərkəzində: Dayanıqlı, inklüziv və davamlı şəhərlərin qurulması” mövzusunda panel müzakirə
Bakı Dövlət Universiteti (BDU) və Dünya Azərbaycanlıları Gənclər Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Gənclər mənzil həllərinin mərkəzində: Dayanıqlı, inklüziv və davamlı şəhərlərin qurulması” mövzusunda panel müzakirəsi keçirilib.
Tədbirin moderatoru, BDU-nun əməkdaşı, Dünya Azərbaycanlıları Gənclər Təşkilatının sədr müavini Mirhüseyn Tağıyev iştirakçıları salamlayaraq tədbirin məqsədi və WUF13 çərçivəsində gənclərin dayanıqlı şəhər inkişafındakı rolunun əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, müasir şəhərləşmə prosesində mənzil təminatı, sosial inklüzivlik, innovasiya, təmiz enerji və davamlı inkişaf məsələləri bir-biri ilə sıx əlaqəlidir. Bu istiqamətdə gənclərin yalnız gələcəyin iştirakçıları deyil, həm də bu gündən etibarən dəyişiklik yaradan əsas qüvvələr olduğu vurğulanıb.
BDU-nun rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov çıxış edərək universitetlərin müasir dövrdə yalnız tədris müəssisəsi kimi deyil, həm də qlobal reytinqlərdə (QS, THE və digər beynəlxalq sıralamalar) dayanıqlı inkişaf, tədqiqat məhsuldarlığı, sosial təsir və innovasiya göstəriciləri üzrə qiymətləndirildiyini qeyd edib. O bildirib ki, bu reytinqlərdə mövqeyin gücləndirilməsi üçün ali təhsil müəssisələri tədris keyfiyyəti ilə yanaşı, elmi-tədqiqat fəaliyyətini, sənaye ilə əməkdaşlığı və sosial inklüzivlik layihələrini paralel şəkildə inkişaf etdirməlidir.
Daha sonra İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin layihə koordinatoru Nigar Şükürova çıxış edərək təmiz enerji, enerji səmərəliliyi və iqlimə dayanıqlı şəhərlərin qurulmasında gənclərin rolundan danışıb. Nigar Şükürova çıxışında həmçinin gənclərin enerji keçidi proseslərində fəal iştirakının əhəmiyyətini önə çəkərək, onların innovativ yanaşmalar və regional əməkdaşlıq vasitəsilə bu sahədə transformasiyanın sürətləndirilməsində mühüm rol oynaya biləcəyini bildirib.
Panel çərçivəsində Azerconnect Group-un Biznes proseslərinin idarə edilməsi üzrə baş mütəxəssisi Elgün Rzayev innovasiya, biznes proseslərinin idarə olunması və gənclərin ideyalarının real sosial təsirə çevrilməsi mövzusunda fikirlərini bölüşüb. O, özəl sektorun davamlı şəhər sistemlərinin qurulmasında rolunu və gənclərin təşəbbüslərinin dəstəklənməsinin vacibliyini vurğulayıb.
Müzakirələr zamanı dayanıqlı şəhərlərin qurulmasında təhsil, texnologiya, süni intellekt, enerji keçidi, gənclərin qərarvermədə iştirakı və beynəlxalq əməkdaşlıq kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, BDU WUF13 çərçivəsində “Clean Charge” startapı ilə Biznes və İnnovasiya Mərkəzində, “WUF Academy” təlim proqramında, “Youth at the Core of Housing Solutions” adlı panel müzakirəsində, eləcə də rəsmi sərgi stendi ilə təmsil olunur.
