BDU-nun TGT sədri: Yeni fəaliyyət planı tərtib etdik və onlayn formada da produktiv işlər ortaya qoyduq

02/02/2021

 

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı (TGT) tələbərin sosial həyatının maraqlı və rəngarərg keçməsi, onların ölkənin və BDU-nun ictimai həyatında fəal iştirak etməsi, eləcə də tələbələr arasında elmi-yaradıcı mühit yaratmaq məqsədilə ardıcıl tədbirlər, layihələr həyata keçirir. Pandemiya dövründə də onlayn formatda bütün imkanlarını səfərbər edən TGT maraqlı layihələri ilə tələbələri təşkilatda sıx birləşdirə bilib.

Budəfəki həmsöhbətimiz Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Nicat İsmayılovdur.

Özünüzü təqdim edin.

-  Mən, Nicat İsmayılov 2015-ci ildə Bakı Dövlət Universiteti Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Beynəlxalq münasibətlər ixtisasının bakalavr pilləsinə qəbul oldum. 4 illik bakalavr təhsilimdə ictimai işlərdə bacardığım qədər aktiv tələbə kimi iştirak etdim. Bakalavr təhsilimi bitirdikdən sonra beynəlxalq münasibətlər ixtisasının beynəlxalq münasibətlər və diplomatiya ixtisaslaşmasının magistr pilləsinə qəbul oldum. Gənclərlə aktiv bir tələbəlik həyatı yaşadığım və tələbələrlə işləməyi sevdiyim üçün təhsil aldığım Universitetin Tələbə Gənclər Təşkilatının (TGT) sədri seçkilərinə namizədliyimi verdim və BDU TGT sədri seçildim.

Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqında da vəzifəniz var.

- Çoxsaylı tədbirlər, aktiv fəaliyyətim nəticəsində 2020-ci ildə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) 5-ci Hesabat seçki konfransında sədr müaviniliyi vəzifəsinə namizədliyimi irəli sürdüm və seçkilərdə qalib gəldim. Hazırda BDU TGT-nin sədri və ATGTİ-nin sədr müavini vəzifəsini icra edirəm. Fəaliyyətim boyunca mənə göstərilən etimadı doğrultmuşam və bundan sonrakı fəaliyyətimdə də bu etimadı daim doğrultmağa çalışacağam.

Vətən müharibəsində BDU tələbələri informasiya cəbhəsində fəal iştirak edirdi. Hansı işləri gördünüz həmin dövrdə?

- Əvvəlcə xalqımızı 44 gün davam edən Vətən müharibəmizdəki qələbə münasibətilə təbrik edir, şəhidlərimizə Allahdan rəhmət, yaralı qazilərimizə şəfa diləyirəm.Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bizə tarixi anlar yaşatdı. Tarixi, əzəli torpaqlarımız işğaldan azad edildi. Haqq mübarizəsində tələbələr də sosial mediada həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edirdi. Xarici dil imkanları və həqiqəti təqdim etmək üçün fəallıq göstərən vətənpərvər tələbələrimizin fikirlərini hər yerdə görmək mümkün idi. Azərbaycan bir yumruq kimi sıx birləşmişdi. Vətənimiz bütovdür, Qarabağ artıq bizimdir, bu sevincin, fərəhin izahını vermək çətindir.

Koronavirus pandemiyası dövründə tədrisin məsafədən təşkil edildiyi bir vaxtda təşkilatınız öz işini necə qurur?

- Məlum olduğu kimi, artıq 2019/2020-ci tədris ilinin yaz semestri və 2020/2021-ci tədris ilinin payız semestrı ölkəmizdə və Universitetimizdə məsafədən (distant) təşkil olunur. Distant formaya keçid bizim üçün yeni bir adaptasiya müddəti, yeni sistem qurmaq mənasını verirdi.  TGT olaraq özümüz üçün yeni fəaliyyət planı tərtib etdik və onlayn formada da produktiv işlər ortaya qoyduq. Bizim üçün əsas məsələ mövcud şərtlər daxilində tələbələrimizin rifahını təmin etmək idi.

I kurs tələbələri ilə necə əlaqə qurursunuz? Onlayn ünsiyyət onlar üçün də ali təhsil pilləsində ilk idi.

-  Pandemiya ilə əlaqədar olaraq birinci kurslarımız universitet həyatlarına onlayn formada başlamalı olmuşdular, yeni mühitə öyrəşmək onlar üçün çətin idi. Təşkilatımıza üzv olaraq universitetə adaptasiya müddətlərini qısalda və maksimum əyləncəli keçirə bilmişdirlər. Həm yuxarı kursların tələbələri tərəfindən istər imtahanlar, istər universitet həyatı haqqında aldıqları məsləhətlər, həm də fakültələrini daha yaxından tanımaq imkanları tələbələr üçün qarşılaşdıqları çətinliklərin öhdəsindən gəlməyə kömək oldu. Təşkilatımıza üzv olaraq tələbələrimiz kollektivlə işləmək bacarığını, idarəetmə, liderlik, təşkilatçılıq kimi gələcək həyatlarında lazım olacaq bacarıqlar qazanmışdırlar.

Tələbəlik həyatına bizim üzvümüz olaraq davam etmək istəyən hər bir tələbəmiz özündə bu bacarıqları yarada və ya inkişaf etdirə, daha geniş sosial çevrəyə sahib ola bilər. Növbəti semestr üçün də nəzərdə tutulmuş fəaliyyət planı özündə üzvlərimizin inkişafına yardım edəcək layihələri ehtiva edir.

Hamımıza məlumdur ki, bundan öncəki semestrdə ilk dəfə distant formada imtahan vermiş tələbələrimiz, sözsüz ki, böyük həyəcan yaşayırdı. Həmişə yazılı formada imtahan verən tələbələrimizin biliklərinin qiymətləndirilməsi onlayn və şifahi qaydada müəllimlərlə birbaşa dialoq formasında baş tutdu. Universitetimizin Elmi Şurasının qəbul etdiyi tələbəyönümlü qərarlar tələbələrdəki həyəcan, narahatlıq hissini tamamilə aradan qaldırdı. Biz də öz növbəmizdə tələbələrimizə psixoloji dəstək göstərmək məqsədilə dəfələrlə fakültələrdə imtahan həyəcanının aradan qaldırılması mövzularında peşəkar psixoloqların iştirakı ilə seminarlar təşkil etmişdik.

Artıq 10 aya yaxındır ki, tədris distant formada davam etdirilir. Günümüzün reallığı bizə göstərdi ki, universitetlərimiz distant təhsil mövzusunda o qədər də təcrübəli deyillər və bunları nəzərə alaraq Universitetimizin rəhbərliyi, fakültə dekanları və müəllimlər, öz növbəsində tələbələrə qarşı makismum anlayışlı davrandılar. Qarşılıqlı şəkildə həm müəllimlər, həm də tələbələr dərslərin mövcud şəraitdə daha yaxşı və daha effektiv keçirilməsində aktiv iştirak etdilər.

İmtahan sessiyası haqqında bir tələbə kimi təəssüratınız necədir?

-  İndi də Universitetimizdə imtahan sessiyası davam edir. Müəllimlərimiz mövcud şəraitdə verilə biləcək ən obyektiv qiymətləri verməyə çalışırlar. Sualların azaldılması, tələbələrin imtahan qiymətlərini elə imtahan zamanı öyrənə bilmələri, şifahi fikirlərini daha yaxşı ifadə etmələri onlayn formada keçirilən imtahanların müsbət cəhətlərindəndir.

Həmçinin onlayn başlayandan bəri Universitet rəhbərliyinin təşəbbüsü ilə Tələbə Nəzarət Qrupu fəaliyyətə başlamışdır. Tələbə Nəzarət Qrupunda təşkilatımızın fəal tələbələri də imtahanları müşahidə edirlər.

- BDU gəncləri ölkənin ictimai həyatında necə iştirak edir?

-  Tərkibində 16 fakültəni birləşdirən, tələbə və müəllim kontingentinə görə ölkənin ən böyük ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetində təhsil alan gənclərimiz ölkəmizdə keçirilən yüksək səviyyəli dövlət tədbirlərində, həmçinin beynəlxalq yarışlarda, olimpiadalarda ölkəmizi və Universitetimizi layiqincə təmsil edir, yüksək ictimai fəallıq göstərirlər.

Tələbələrin təhsil aldıqları müddət ərzində Tələbə Gənclər Təşkilatı onların ictimai fəaliyyətinə yüksək şəkildə təsir göstərir.

- 2020-ci il “ Könüllülər ili” kimi tarixə yazıldı. Tələbələr üçün bu il necə yadda qaldı?

- Əsasən gənclərdən ibarət olan və hər bir sahədə aktiv təcrübə qazanmaq üçün fəaliyyət göstərən könüllülərin uğurları gündən-günə artır. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir. ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə könüllülüləri, Media könüllüləri-145 və digər könüllü hərəkatları yaranmış, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşmışdır.

Könüllülərimiz öz yaradıcılığı, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs vermiş, ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynamışlar.

2020-ci il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  Sərəncamı ilə “Könüllülər ili” elan edilib. Könüllülük fəaliyyəti tələbələrin təcrübə qazanmasında, qurum və təşkilatlarda, dövlət tədbirlərində könüllü fəaliyyət göstərməsində bir tramplin olur. Tələbələrin, gənclərin ictimai fəallığı və könüllü olaraq fəaliyyət göstərmək istəyi onların karyera baxımdan gələcək həyatına öz müsbət təsirini göstərir.

COVID-19 pandemiyası hər bir sahədə olduğu kimi, Tələbə Gənclər Təşkilatı olaraq bizim fəaliyyətimizə öz təsirini göstərdi. Lakin ilk gündən biz fəaliyyətimizi onlayn şəkildə davam etdirdik. Tələbələrə onlayn platformalar üzərindən maarifləndirici tədbirlər keçirərək səsimizi duyurduq. Keçirilən sosial layihələr, seminarlar, görüşlər bunun əyani sübutudur. Xüsusi vurğulamaq istərdim ki, həm pandemiya dövründə, həm də Vətən müharibəsi dövründə BDU tələbələri könüllülər cəbhəsində fəal mübarizə aparırdı. Pandemiyanın yaratdığı məhdudiyyətlərə baxmayaraq onlayn platformalarda gənclər fəallıq göstərirdi.

- Gələcəkdə BDU Tələbə Gənclər Təşkilatında hansı yeniliklər gözlənilir?

- 2020/2021-ci tədris ilində təşkilatımızda kollektivin yeni üzvləri, yeni iş prinsipi və s. olmaqla bir sıra yeniliklər oldu. Pandemiyanın nə qədər davam edəcəyi barədə dəqiq məlumat olmadığı üçün biz gələcək fəaliyyət planını həm ənənəvi qayda üzrə, həm də onlayn sistemə uyğun iki formada hazırlamışıq. Hər iki halda yüksək səviyyədə fəaliyyətimizi davam etdirərək daha böyük uğurlar əldə edəcəyimizə inanıram.

- Son olaraq gənclərə sözünüz?

- 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin "2 Fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında" Sərəncamı nəinki gənclərin, eləcə də bütün ölkə vətəndaşlarının böyük ruh yüksəkliyinə səbəb oldu. Bu gün Azərbaycanda elm, mədəniyyət, səhiyyə, sənaye və digər sahələrdə nailiyyətlər əldə edən sağlam gənclər yetişir.

2 Fevral Gənclər günü münasibəti ilə bütün gənclərimizi təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayıram.

Müsahibəni hazırladı:

Günel Orucəliyeva

Nərminə Əsədova

 

Xəbərlər

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası
18/04/2024

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək
18/04/2024

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər
18/04/2024