“Ekologiya və torpaqşünaslıq elmləri XXI əsrdə” mövzusunda Respublika virtual elmi konfransı keçirilib

16/06/2020

İyunun 16-da Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş “Ekologiya və torpaqşünaslıq elmləri XXI əsrdə” mövzusunda gənc tədqiqatçıların Respublika virtual elmi konfransı keçirilib.

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, moderator Nazim Şəmilov fakültənin əldə etdiyi elmi uğurlardan, ekologiyanın bir elm kimi yaranma və təşəkkülü tarixindən, konfransa təqdim edilən məqalələrin əhəmiyyətindən danışıb və konfransın işinə uğurlar arzulayıb.

Rektor Elçin Babayev bildirib ki, koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar davamlı olaraq Bakı Dövlət Universitetində konfranslar, seminarlar, ustad dərsləri, müzakirələr, iclaslar onlayn formada keçirilir. Rektor vurğulayıb ki, bugünkü virtual konfrans da müasir Azərbaycanın dövlətçilik tarixinin banisi, ömrünü xalqının inkişafına həsr etmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunub.  Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri sayəsində dövlətçilik, iqtisadi-siyasi, mədəni-humanitar sahələrdə əldə edilmiş inkişafımız özünün intibah dövrünü yaşayır. Böyük tarixi şəxsiyyət olan Heydər Əliyev həmişə elmə, təhsilə xüsusi önəm vermiş, Azərbaycanda elm və təhsil hər zaman onun xüsusi diqqət və qayğısı ilə əhatə olunmuşdur. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dünyada öz sözünü deyən inkişaf modeli bu gün ölkə başçısı prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına, yeni yaşıllıq zolaqlarının, meşə massivlərinin salınmasına, mövcud yaşıllıqların sahəsinin daha da genişləndirilməsinə xüsusi diqqət göstərilir.

Ekoloji problemlərin həllində dünya təcrübəsindən danışan rektor, Azərbaycanın bu istiqamətdə atdığı addımlardan danışıb, regional və beynəlxalq tədbirlərin həyata keçirildiyini deyib. Rektor BDU-da fəaliyyət göstərən Ekologiya və torpaqşünaslıq fakültəsinin yeni yaradılmasına baxmayaraq ekoloji problemlərin həllində aparılan işlərə öz töhfəsini verdiyinə diqqət çəkib.

Konfrans iştirakçıların məruzələrinin dinlənilməsi ilə davam edib.

Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva “Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ətraf mühitinin qorunması siyasəti və fəaliyyəti”, Coğrafi ekologiya kafedrasının dosenti Allahverdi Dolxanov “Heydər Əliyevin Azərbaycan təbiətinə qayğısı”, magistrantlar Fatimə Yaqiyeva “Abşeron ərazisində olan palçıq vulkanlarının kimyəvi tərkibinin öyrənilməsi”, Günay Bəhrəmzadə “Beşbarmaq darboğazı boyunca miqrasiya edən Qlobal Qırmızı siyahıya daxil olan quş növləri”, Səfalı Qasımov “Astara rayonunda torpaq resurslarından istifadənin vəziyyəti, qiymətləndirilməsi və idarə edilməsi”, Fidan Xəlilova “Heydər Əliyev adına NEZ-dən ətraf mühitə atılan aerozol tullantılarının ekoloji təhlili” mövzularında məruzələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Konfransda Ulu Öndər Heydər Əliyevin respublikamızda ekoloji problemlərin həlli istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər, yer və bioloji ehtiyatların istismarının elmi əsaslarının yaradılması, palçıq vulkanlarının kimyəvi tərkibi, torpaq resursları və onun qiymətləndirilməsinə təsir edən amillər, biosferaya və təbii sistemlərə insan təsiri ilə bağlı həyatın təşkilinin qanunauyğunluqlarının araşdırılması, insan fəaliyyətinin təsiri altında olan təbiət dəyişikliklərinin proqnozlaşdırılması, insanın yaşadığı mühitin qorunub saxlanılması, aerozol tullantılarının ekoloji təhlili, yararsız hala gəlmiş torpaq ehtiyatlarının yenidən qurulması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş Respublika elmi konfransı sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.

Xəbərlər

Bakı Dövlət Universitetinin rektoru xarici ölkə universitetlərinə müraciət ünvanlayıb

Bakı Dövlət Universitetinin rektoru  xarici ölkə universitetlərinə müraciət ünvanlayıb
22/10/2020

Bakı Dövlət Universiteti Silahlı Qüvvələrə Yardım Fonduna ümumilikdə 473 656 manat vəsait köçürüb

Bakı Dövlət Universiteti Silahlı Qüvvələrə Yardım  Fonduna ümumilikdə 473 656 manat vəsait köçürüb
21/10/2020

Bütün yollar məbədə aparır...

Bütün yollar məbədə aparır...
21/10/2020