SABAH tələbələri arasında “Vergi” bilik yarışmasında Bakı Dövlət Universitetini təmsil edən komanda 1-ci yerə layiq görülüb
Vergilər və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan SABAH tələbələri arasında “Vergi” bilik yarışması keçirilib.
Tədbirdə çıxış edən vergilər nazirinin müşaviri Elçin Məmmədov iştirakçıları salamlayaraq onları Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə təbrik edib. Bildirilib ki, maarifçiliyi öz fəaliyyətinin tərkib hissəsi sayan Cümhuriyyət hökumətinin 100 illik yubileyi münasibəti ilə belə bir bilik yarışmasının təşkil olunması çox sevindiricidir. Şərqin ilk Demokratik Respublika cəmi 23 ay yaşamasına baxmayaraq, elmin, təhsilin inkişafına böyük töhfələr verib. Cümhuriyyət dövrünün maarifçilik siyasəti müasir Azərbaycanda da uğurla davam etdirilir.
Bilik yarışlarının tələbələrin tədris dövründə şəxsi və peşəkar inkişafında, təlim və peşə hazırlığı üzrə biliklərinin dərinləşməsində və möhkəmlənməsində mühüm rolu olduğu vurğulanıb.
Təhsil Naziriyinin SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə çıxış edərək bildirib ki, qrup tələbələri üçün mütəmadi olaraq müxtəlif tədris və tədrisdənkənar fəaliyyətlər təşkil edilir, onların inkişafına dəstək verilir.
Bilik yarışına ümumilikdə 10 ali təhsil müəssisəsini təmsil edən komandalar qatılıb. Bakı Dövlət Universitetini təmsil edən komanda 1-ci, Azəbaycan Dövlət Neft və Sənaye Universitetini təmsil edən komanda 2-ci, Azərbaycan Memarlıq və İnşaat Universitetini təmsil edən komanda isə 3-cü yeri tutub.
Qaliblərə sertifikat, qiymətli hədiyyələr və Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası hədiyyə olunub.
![]() |
![]() |
![]() |
![]() |