2016-2017-ci tədris ilində liseyin V-XI siniflərində 615 nəfər şagird təhsil alır.
İstedadlı şagirdlərin liseyi V sinfinə qəbulu hər il iyun ayının ikinci yarısında təstlərlə və müsabiqə yolu ilə həyata keçirilir. Qəbulu rektorun əmri ilə yaradılmış qəbul komissiyası həyata keçirir. Şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi lisey daxili yoxlamalar, Təhsil Nazirliyinin və TQDK-nın sınaq imtahanları, həmçinin digər qurumların keçirdiyi “Bilik” yarışları vasitəsilə həyata keçirilir. Lisey Pedaqoji Şurasının qərarı, valideynlərin razılığı ilə riyaziyyat, fizika və kimya fənlərindən şagirdlərin biliyi yazılı, digər fənlərdən isə şifahi yoxlamalar yolu ilə qiymətləndirilir. Bu üsul onların təfəkkürünün və nitq mədəniyyətinin inkişafına kömək edir. V-VII siniflərdə şagirdlərin ifadə, yuxarı siniflərdə isə inşa yazmalarına xüsusi diqqət yetirilir. Buraxılış sinif şagirdlərinin biliyinin müqayisəli təhlili, tədris illəri üzrə lisey şagirdlərinin mənimsəmə və keyfiyyət göstəriciləri və əlaçı şagirdlər haqqında məlumat tədris prosesində tətbiq etdiyimiz üsulun düzgünlüyünü təsdiq edir.