1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası görkəmli jurnalist, pedaqoq, əməkdar elm xadimi Nəsir İmanquliyev Azərbaycan mətbuatının bünövrəsini qoyanlardan biri olmuş, uzun müddət «Bakı» və «Baku» qəzetlərinin baş redaktoru işləmişdir.
Aida İmanquliyeva 1957-ci ildə Bakı şəhərinin 132 saylı orta məktəbini qızıl medalla bitirmişdir. 1957-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə daxil olmuşdur. 1962-ci ildə Universitetin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsini bitirəndən sonra həmin universitetin Yaxın Şərq xalqları və ədəbiyyatı tarixi kafedrasının aspirantı olmuş, daha sonra keçmiş SSRİ EA Asiya xalqları İnstitutunun aspiranturasında təhsil almışdır.
1966-cı ildə namizədlik dissertasiyasını müdafiə edən Aida İmanquliyeva Azərbaycan EA Şərqşünaslıq İnstitutunda işə başlamışdır. Kiçik elmi işçi (1966), baş elmi işçi (1973), ərəb filologiyası şöbəsinin müdiri (1976-cı ildən), elmi işlər üzrə direktor müavini (1988-ci ildən) və 1991-ci ildən ömrünün son günlərinədək Azərbaycan EA şərqşünaslıq İnstitutunun direktoru vəzifələrində çalışmışdır.
1989-cu ildə Aida xanım İmanquliyeva Tbilisi şəhərində müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə etmiş, ilk azərbaycanlı qadın-ərəbşünas elmlər doktoru olmuş, tezliklə bu ixtisas üzrə professor adı almışdır.
3 monoqrafiya («Mixail Nuaymə və «Qələmlər birliyi», M.,1975; «Cubran Xəlil Cubran», B., 1975; «Yeni ərəb ədəbiyyatının korifeyləri», B., 1991) və 70-dən artıq elmi məqalənin müəllifi olan A.N.İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olmuşdur. Azərbaycan EA Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən «Asiya və Afrika xarici ölkələri ədəbiyyatları» ixtisası üzrə müdafiə şurasının üzvü, sədr müavini və sədri olmuşdur.
Prof. A.N.İmanquliyeva Azərbaycan şərqşünaslıq elmini dəfələrlə yaxın və uzaq xarici ölkələrdə (Moskva, Kiyev, Poltava, Sankt-Peterburq, Halle və s.) təmsil etmişdir.
Aida İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasını diqqət mərkəzində saxlamışdır. Onun rəhbərlik etdiyi «Ərəb filologiyası» şöbəsində qısa müddətdə 10-dan artıq namizədlik dissertasiyası müdafiə edilmişdir.
Aida İmanquliyeva Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının və Yazıçılar Birliyinin üzvü olmuşdur.
O, uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş, ADU-da ərəb filologiyası fənnindən mühazirələr oxumuşdur.
Aida İmanquliyeva 1992-ci ilin 19 sentyabrında vəfat etmişdir.
Görkəmli ərəbşünas alim prof. A.N.İmanquliyevanın xatirəsini əbədiləşdirmək üçün BDU Şərqşünaslıq fakültəsində əlaçı tələbələrdən birinə onun adına təqaüd verilir.