Azərbaycanın ən gözəl guşələrindən biri olan Altıağac qəsəbəsində Bakı Dövlət Universitetinin Tədris-təcrübə bazası 1990-cı ildən fəaliyyət göstərir. 2001-ci ildə əsaslı təmirdən sonra isə həm də professor-müəllim heyətinin istirahəti üçün istifadə edilir.
Altıağac qəsəbəsi Böyük Qafqazın ətəklərində və Bakıdan 120 km məsafədə, dəniz səviyyəsindən təxminən 1100 metr yüksəklikdə yerləşir, mülayim-isti iqlimə malikdir. Altıağac qəsəbəsində yayda mütləq maksimum temperatur +39.8, qışda mütləq minimum temperatur isə -24-dir. Burada havanın nisbi rütubətliyi 73%, yanvarda 82%, iyulda 59%-dir. Orta illik yağıntının miqdarı 587mm, ən çox yağıntılı aylar fevral (77mm), iyun (92 mm), sentyabr (99.6 mm), ən az yağıntılı aylar iyul (30 mm), avqust (10 mm), dekabr (10 mm)-dir. Bazanın yerləşdiyi Ataçay çayının hövzəsində palıd, vələs, fısdıq, cır armud, alma, əzgil ağacları, yemişan, itburnu, zirinc, murdarça, yovşan kolları və digər bitkilər geniş yayılıb.
Gözəl füsunkar təbiətinə, təmiz havasına görə Şirvan xanlarının istirahət yeri kimi nəzərdə tutulmuş Altıağac o zamankı paytaxt Şamaxıdan 42 km (1 ağac-7km) aralı yerləşdiyi üçün belə adlandırılıb, XIX əsrin ortalarında Rusiyadan sürgün edilmiş, kilsəni inkar edən və “molokan” adlanan dini sektanın nümayəndələri ilə məskunlaşdırılıb. Bu gün əhalisi əsasən azərbaycanlılardan ibarət olan Altıağac qəsəbəsi iqliminə, havanın və suyun kimyəvi tərkibinə görə nəinki Azərbaycanın, həmçinin bütün Qafqazın ən dəyərli məntəqələrindən biri sayılır.