İyirminci yüzilliyin üçdə biri qədər ölkəmizi idarə edən HEYDƏR ƏLİYEV qısa zaman kəsiyində Azərbaycanın gələcək inkişafının strategiyasını müəyyən etdi və onun həyata keçirilməsinin taktiki yollarını istiqamətləndirdi. Böyük müdriklik, yüksək peşəkarlıq, beynəlxalq diplomatiyanın ən incə sirlərini bilmək və ondan çıxış yollarını araşdırmaq bacarığı meydana çıxan problemlərin çevik və diplomatik həll etmək məharəti, böyük dövləti və xalqı ədalətlə idarə etmək səriştəsi, böyük həyat təcübəsi olan HEYDƏR ƏLİYEVİN zəngin bioqrafiyası və onun nəhəng ideya-nəzəri irsi Azərbaycan xalqı üçün, gənc nəsil üçün bir örnək və nümunəvi həyat məktəbidir. «Ömrümün qalan hissəsini xalqıma həsr edəcəyəm» deyən HEYDƏR ƏLİYEV Azərbaycanın dövlət müstəqillyinin qorunmasında və möhkəmləndirilməsində titanik fəaliyyət göstərmiş və fundamental uğurlara nail olmuşdur.

HEYDƏR ƏLİYEV XX əsr bəşər tarixinin parlaq şəxsiyyəti, dünyanın tanınmış uzaqgörən diplomatı və siyasi lideri, görkəmli ictimai-siyasi və dövlət xadimi, Ulu Tanrının Azərbaycan xalqına bəxş etdiyi böyük möcüzəni, gənc nəsil üçün nümunə məktəbidir.

HEYDƏR ƏLİYEV özünün nəhəng fəaliyyəti ilə və böyük bir iftixar hissi ilə tarix yaratmış, dünya tarixinin və Azərbaycan tarixinin qızğın səhifəsinə daxil olmuşdur. 1957-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini əla qiymətlərlə, fəxri diplomla bitirən HEYDƏR ƏLİYEV Azərbaycanda rəhbər işlədiyi bütün zamanlarda elmin, mədəniyyətin, maarifin, ədəbiyyatın və incəsənətin inkişafına daim diqqət verimş və heç bir zaman qayğısını əsirgəməmişdir. Hələ 1969-1982-ci illərdə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində işləyərkən Bakı Dövlət Universitetinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yüksək səviyyəli kadrlarla təmin edilməsi, elmi-intellektual potensialının yüksəldilməsinə böyük kömək göstərmişdir. Bakı Dövlət Universitetinin hazırkı 1 saylı və 2 saylı doqquzmərtəbəli tədris korpusları, Universitetin tələbə şəhərciyi, onun 4 beşmərtəbəli yataqxanası, xarici tələbələr üçün 1 beşmərtəbəli bina, böyük kitabxana HEYDƏR ƏLİYEVİN göstərişi və xeyir-duası ilə tikilmişdir.

HEYDƏR ƏLİYEV 1969-cu ilin noyabrında Bakı Dövlət Universitetinin (o zaman Azərbaycan Dövlət Universiteti) 50 illik yubileyində Azərbaycan dilində çıxış etmişdi. HEYDƏR ƏLİYEVİN Azərbaycan dilində çıxış etməsi respublikada geniş əks-səda yaratmışdı. Onun bu çıxışı Bakı Dövlət Universitetinin bütün kollektivini vəcdə gətirmiş, hamının hədsiz sevincinə səbəb olmuşdu. HEYDƏR ƏLİYEV öz çıxışında Azərbaycanda elmin və təhsilin inkişaf etdirilməsində Bakı Dövlət Universitetinin fəaliyyətinə yüksək qiymət vermiş, Universitetin bir çox işçisi fəxri adlara, dövlət və hökumət mükafatlarına layiq görülmüşdü.

HEYDƏR ƏLİYEV 1994-cü ildə Bakı Dövlət Universitetinin 75 illik yubileyində Böyük nitq ilə çıxış etmişdi. HEYDƏR ƏLİYEV çıxışında Bakı Dövlət Universitetinin 75 ildə qazandığı nailiyyətləri, respublikanın ictimai, siyasi və mədəni həyatında oynadığı rolu, respublika ali məktəblərinin mərkəzi və bayraqdarı olmasını, ali təhsilin təkmilləşdirilməsindəki rolu və xidmətlərini yüksək qiymətləndirmiş və ümidvar olduğunu bildirmişdi ki, Bakı Dövlət Universiteti bundan sonra da Azərbaycanın elm, təhsil və mədəni mərkəzlərinin mərkəzi qərargahı olacaq təhsilin formalaşmasında, mülki və dünyəvi biliklərin tədrisində dünyanın qabaqcıl Universitetlərindən biri olacaqdır.