Azərbaycanda tədris müəssisələrinin flaqmanı olan, zəngin tarixi keçmişə malik universitet hazırda tanınmış elm və təhsil mərkəzidir.
Universitet hər zaman Azərbaycanda mütərəqqi fikrin, milli düşüncənin mərkəzi olmuşdur. Burada Azərbaycanın dünya şöhrətli siyasətçisi Heydər Əliyev, yüzlərlə tanınmış alimlər, ziyalılar, görkəmli diplomatlar təhsil almışlar.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə universitetə özünüidarə (muxtariyyət) statusu verilmiş və həmin vaxtdan universitet fəaliyyətini öz nizamnaməsinə əsasən həyata keçirir.

Hazırda Bakı Dövlət Universitetinin 16 fakültəsində müxtəlif elmi istiqamətlərdə bakalavr pilləsində 55 ixtisas, magistratura pilləsində isə 153 ixtisaslaşma üzrə 18000-ə yaxın tələbə təhsil alır.

Hər il Bakı Dövlət Universitetinə qəbul olmaq üçün sənəd verən gənclər çox böyük müsabiqədən keçirlər: orta hesabla hər tələbə yerinə 3 abituriyent, bəzi ixtisaslarda isə hətta 10 abituriyent sənəd verir. Hər il Azərbaycanda Respublikası Prezidenti tərəfindən təhsildə yüksək göstəricilər əldə edən tələbələr üçün təsis edilmiş "Prezident təqaüdçüsü" adına layiq görülən 100 nəfər I kurs tələbəsindən təxminən 40 nəfəri BDU-ya daxil olur.

Son illərdə universitetdə bir çox ixtisaslar üzrə, o cümlədən yer quruluşu və torpaq müfəttişliyi, torpaq kadastrı, alman dili və ədəbiyyatı kimi yeni ixtisaslar üzrə kadr hazırlığına başlanılmışdır.

Universitetdə təhsil alan tələbələr hərtərəfli qayğı ilə əhatə olunmuş və onların ixtiyarına zəruri maddi-texniki baza ilə təchiz olunmuş laboratoriya və auditoriyalar, kitabxanalar, idman kompleksləri verilmişdir.

Universitetdə təhsil prosesi demokratik prinsiplərə əsaslanan sərbəst düşüncəli, yaradıcı insanların hazırlanmasına yönəlmişdir.

Təhsildə əsas diqqət ixtisas fənləri ilə yanaşı, xarici dillərin öyrənilməsinə də verilir. Bu məqsədlə, universitetdə yeni təhsil texnologiyalarına əsaslanan 10-dan artıq linqafon kabineti tələbələrin istifadəsinə verilmişdir.

Universitetin elmi kitabxanası 2,5 milyondan artıq ədəbiyyatı olan fonda malik olmaqla, onun 12 qiraət zalı, 5 abonement şöbəsi müntəzəm olaraq universitetin 15 mindən çox müəllim və tələbəsinin hər gün istifadəsindədir.

Universitet yüksək ixtisaslı kadrlar hazırlamaqla bərabər, həm təbiət, həm də humanitar elm sahələri olmaqla 123 kafedranı, 200-dən çox elmi əməkdaşı olan 37 elmi-tədqiqat və tədris laboratoriyasını, Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat Institutunu və Fizika Problemləri Elmi-Tədqiqat Institutunu özündə birləşdirən, Azərbaycan dili, ədəbiyyatı və tarixinin klassik məsələlərindən tutmuş genetika, nanotexnologiya, nanomaterialların alınmasınadək çox geniş spektrdə mövzuları əhatə edən, elmi araşdırmalar həyata keçirən böyük elmi mərkəzdir.

Universitetin beynəlxalq əlaqələri gündən-günə genişlənir. Hazırda universitet keçmiş SSRİ-nin bir çox universitetlərini özündə birləşdirən Avroasiya Universitetlər Assosiasiyasının, Xəzəryanı Ölkələr Universitetləri Assosiasiyasının, Qara Dəniz Universitetləri (QDU) Assosiasiyasının, Avropa Universitetləri Assosiasiyasının üzvüdür. Universitet 2002-2004-ci illərdə QDU Assosiasiyasına çox uğurla rəhbərlik etmişdir. Bundan əlavə, universitet M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Orta Doğu Teknik Universiteti, Nitsa-Sofiya Antipolis Universiteti, İndiana Universiteti, Kiyev Milli Universiteti, Vyana Universiteti və digər universitetlərlə ikitərəfli müqavilələr əsasında hərtərəfli elmi-texniki, müəllim-tələbə mübadiləsi sahəsində əməkdaşlıq edir.