BAKI DÖVLƏT UNIVERSITETININ ELMI ŞURASI HAQQINDA ƏSASNAMƏ

BDU Elmi Şurasının 24 oktyabr 2013-cü il tarixli 07 ömrəli iclasının qərarı ilə qəbul edilmiş və rektorun 08 noyabr 2013-cü il tarixli R-119 nömrəli əmri ilə təsdiq edilmişdir.

1. Bakı Dövlət Universitetinin (bundan sonra BDU) Elmi Şurası haqqında Əsasnamə «Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin  13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2001-ci il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş «Özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən dövlət ali təhsil müəssisələri haqqında Əsasnamə»yə və Azərbaycan Respublikası Təhsil Nazirinin 10 noyabr 1997-ci il tarixli, 792 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə”yə müvafiq olaraq hazırlanmışdır və BDU-nun Elmi Şurasının (bundan sonra Elmi Şura) yaradılmasının və  fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir.
2. Elmi Şura BDU-nun kollegial idarə orqanıdır və BDU-ya ümumi rəhbərlik bu Şura tərəfindən həyata keçirilir. BDU-nun rektoru Elmi Şuraya başçılıq edir.
3. Elmi Şuranın səlahiyyət müddəti 5 ildir. Elmi Şuranın vaxtından əvvəl yenidən yaranması onun üzvlərinin ən azı 2/3 hissəsinin tələbi ilə həyata keçirilə bilər.
4. Elmi Şuranın tərkibinə seçilmə qaydası, onun hüquq və vəzifələri Azərbaycan Respublikası Təhsil Nazirinin 10 noyabr 1997-ci il tarixli, 792 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə”yə zidd olmamaq şərti ilə  aşağıdakı kimi  müəyyənləşdirilir:
4.1 Tutduqları vəzifələrinə ğörə Elmi Şuranın tərkibinə BDU-nun rektoru (sədr), tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor (sədrin müavini), prorektorlar, elmi katib, dekanlar, BDU-nun tərkibində fəaliyyət ğöstərən ETİ-lərin, filialların və digər struktur bölmələrinin rəhbərləri, müəllim və tələbə həmkarlar ittifaqları komitələrinin, tələbə gənclər təşkilatının, Tələbə Elmi Cəmiyyətinin, veteranlar şurasının, tədris-metodik şuranın sədrləri daxil olurlar. Elmi Şuranın diğər üzvləri BDU-nun professor-müəllim və elmi işçilərinin ümumi sayının 3-10%-ni təşkil edə bilər. Bu miqdar rektor tərəfindən professor-müəllim və elmi işçilərinin sayından asılı olaraq müəyyənləşdirilir. Bundan əlavə Elmi Şuranın tərkibinin 10 %-ə qədəri BDU-nun rektoru tərəfindən ümumi saya əlavə olaraq təyin edilə bilər (BDU-nun  daxilində).
4.2 Elmi Şuraya namizədlər hər bir fakültənin, filialın və ya müvafiq struktur bölməsinin professor-müəllim və elmi işçilərinin ümumi içlasında gizli səsvermə yolu ilə seçilir. Fakültənin və ya müvafik struktur bölməsinin professor-müəllim və elmi işçilərinin ümumi sayının 2/3 hissəsi iştirak etdikdə iclas səlahiyyətli sayılır. Fakültəyə ayrılan yerlərə iştirakçılardan 50 %-dən daha artıq çox səs toplayanlar Elmi Şuraya üzv seçilmiş hesab edilirlər.
4.3 Fakültələrdən, filiallardan və ya müvafiq struktur bölməsindən BDU-nun Elmi Şurası üzvlüyunə nümayəndəlik aşağıdakı kimi müəyyənləşdirilir:
- elmi-pedaqoji işçilərin sayı 50-dək olduqda 1 nümayəndə;
- 51-dən 100-dək olduqda 2 nümayəndə;
- 101-dən 150-dək olduqda 3 nümayəndə;
- 151-dən çox olduqda 4 nümayəndə.
Hər bir əməkdaş şura üzvlüyündən çıxdığı halda boşalan yeri həmin fakültənin (bölmənin) nümayəndəsi mövcud qaydada vaxtından əvvəl seçki keçirməklə tuta bilər.
5. BDU-nun Elmi Şurası:

  • BDU-nun Nizamnaməsini qəbul edir, Nizamnamədə, eləcə də Nizamnamə Fondunda əlavələr və dəyişikliklər aparmaq üçün təkliflər verir və həyata keçirir;
  • BDU-nun inkişaf Proqramını təsdiq edir, BDU-nun inkişafının ən vacib məsələlərini, tədris və elmi fəaliyyətinin müxtəlif istiqamətlərini, beynəlxalq əlaqələrini həll edir;
  • BDU rektorunun səlahiyyətlərini müəyyənləşdirir və təsdiq edir, lazım gəldikdə rektora əlavə səlahiyyətlər verilməsi məsələsini həll edir;
  • BDU kollektivinin (tələbələrin, müəllimlərin, əməkdaşların, doktorant və dinləyicilərin) daxili intizam qaydalarını təsdiq edir;
  • Əsasnamələri, təlimatları və digər normativ sənədləri təsdiq edir;
  • BDU-nun strukturunu müəyyənləşdirir, ona dəyişikliklər və əlavələr edir;
  • BDU-ya tələbə qəbulu planını müəyyənləşdirir;
  • Hər il BDU-nun büdcəsini müəyyənləşdirir, universitetin malyyə fəaliyyəti haqqında hesabatı dinləyir;
  • Fakültələrdə (ETİ-lərdə və filiallarda, kafedralarda) vəzifə tutmaq üçün müsabiqə keçirməyin, kontraktların və müqavilələrin vahid qaydalarını təsdiq edir;
  • Kadr məsələlərinə baxır, BDU-nun struktur bölmələrinin ( fakültə, ETİ, filial və s.) elmi şuralarının təklifi ilə professor və baş elmi işçi vəzifələrini tutmağa iddiaçıların müsabiqəsini keçirir, onların vaxtından əvvəl tutduqları vəzifələrdən azad olunmaları barədə məsələlərə baxır. Şöbə, fakültə və institut tabeliyindəki laboratoriya müdirlərini seçir;
  • Hər il BDU-nun fəaliyyəti barəsində rektorun hesabatını dinləyir;
  • Mütəxəssislərin, elmi-pedaqoji kadrların hazırlanması, onların əlavə təhsili məsələlərinə baxır, bütün təlim-tərbiyə və elmi-tədqiqat işləri ilə bağlı məsələləri həll edir;
  • Elmi Şuranın üzvləri içərisindən Şuranın katibini seçir, təhsil və elm, sosial-iqtisadi və təsərrüfat fəaliyyətləri üzrə komissiyalar yaradır, onların hesabatlarını dinləyir və müvafiq qərar qəbul edir;
  • Şuranın işini təşkil etmək, iclasları hazırlamaq və qərarların həyata keçirilməsinə nəzarət etmək məqsədilə Şura üzvləri içərisindən elmi katib seçir;
  • Fakültələrin, kafedraların və BDU-nun digər struktur bölmələrinin yaradılması, ləğvi, yenidən təşkili barəsində məsələləri həlli edir;
  • Vaxtaşırı fakültələrin tədris, elmi-tədqiqat və tərbiyə işləri haqqında hesabatını dinləyir;
  • BDU əməkdaşlarına “professor”, “dosent”, “baş elmi işçi” və s. elmi adlarının verilməsi haqqında vəsatət qaldırır;
  • BDU əməkdaşlarını respublikanın fəxri ad və mükafatlarının, orden və medallarının verilməsinə təqdim edir;
  • Ölkədə və dünya miqyasında tanınmış görkəmli alimlərə, dövlət xadimlərinə, ictimai və siyasi xadimlərə “BDU-nun fəxri doktoru”, və ya “BDU-nun fəxri professoru” adlarını verir;
  • “BDU-nun fəxri professoru”, “BDU-nun fəxri elmi işçisi”, “BDU-nun fəxri işçisi” adlarını verir;
  • Elmi işə və pedaqoji fəaliyyətə görə BDU-nun mükafatlarını verir;
  • Professor-məsləhətçi ştatı ayırır;
  • Tədris planlarını təsdiq edir;
  • Dərs vəsaitlərinin, Tədris-metodiki vəsaitlərin, monoqrafiyaların və tədris proqramlarının nəşri üçün qərar verir;
  • Imtahanların keçirilmə qaydalarını və qiymətləndirmə kriteriyalarının müəyyən edir;
  • Təqaüdlərin təyin edilmə qaydalarını qüvvədə olan normativlərə uyğun müəyyənləşdirir;
  • BDU-nun tədris-metodik, redaksiya-nəşriyyat və kitabxana şuralarının tərkiblərini təsdiq edir;
  • AMEA-nın həqiqi və müxbir üzvluyunə seçilmək üçün namizədlər irəli sürür;
  • Kafedra müdiri və dekan vəzifələrinin tutulması üzrə müsabiqələri həyata keçirən Komissiya yaradır və onun tərkibini təsdiq edir;
  • Müstəsna hallarda - fakültə Elmi Şuraları olmadıqda və münaqişələr yarandıqda rektorun qərarı ilə dosent, baş müəllim və assistentləri, elmi işçiləri seçir və onların vaxtından əvvəl azad olunmaları barəsində məsələlərə baxır.

6. Elmi Şura tədris ili və hər semestr üçün nəzərdə tutulmuş iş palnı üzrə işləyir. Elmi Şuranın iş planı iclasda müzakirə olunub qəbul edilir və rektor tərəfindən təsdiq edilir.
7. Tədris, elmi və tərbiyə işlərinin bütün məsələləri üzrə Elmi Şuranın qərarları açıq səsvermədə sadə səs çoxluğu ilə, professor-müəllim heyətinin seçilməsi və geri çağrılması, professor, dosent və fəxri adların verilməsinə təqdimat zamanı isə müəyyən olunmuş qaydada gizli səsvermə yolu ilə qəbul edilir.
8. Elmi Şuranın iclasları iki ayda bir dəfədən az olmayaraq keçirilir.
9. Elmi Şuranın qərar çıxarması üçün iclasda onun üzvlərinin ən azı 2/3 hissəsinin iştirakı vacibdir. Elmi Şurada iştirak edənlərin ümumi sayının 50 %-dən çoxu müzakirə olunan məsələnin leyhinə səs verərsə qərar qəbul olunmuş hesab edilir.
10. Elmi Şuranın qərarları yalnız BDU-nun rektoru tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir.
11. Elmi Şuranın iclasları protokollaşdırılır, Elmi Şuranın sədri və katibi tərəfindən imzalanır və elmi katibdə saxlanırlır.
12. Elmi Şuranın sədri Şuranın qərarlarının icrasının müntəzəm yoxlanılmasını təşkil edir və Şuranın üzvlərinə qəbul olunmuş qərarların yerinə yetirilməsi barəsində məlumat verir.
13. Əsaslı səbəblər olduqda - Elmi Şuranın qəbul etdiyi qərarın obyektiv olmadığı, qanunvericiliyə zidd olduğu müəyyənləşdirildikdə BDU Elmi Surasının qərarı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən ləğv oluna bilər.