BDU-da Xocalı faciəsinin qurbanları anılıb

Bakı Dövlət Universitetində Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov ən qəddar və amansız terror hadisələrindən biri olan Xocalı soyqırımı haqqında danışıb. Bildirib ki, Xocalı soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə 7 min nəfərədək əhalisi olan Xocalı şəhərini yerlə-yeksan edib, dinc  əhalini, xüsusilə uşaqları, qadınları, qocaları, ağlasığmaz vəhşiliklə öldürüblər. Rektor deyib ki, Ümummilli liderimiz Heydər Əliyev hakimiyyət başına gəldikdən sonra Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı, bütövlükdə erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqqında həqiqətləri dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırmışlar.  Rektor həmçinin deyib ki, bu gün eyni siyasət Prezident İlham Əliyev, Heydər Əliyev Fondu, Fondun Rusiya nümayəndəliyi tərəfindən həyata keçirilir.

Daha sonra Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Fikrət Şiriyevin ssenarisi əsasında hazırlanmış bədii proqram nümayiş etdirildi. Filologiya fakültəsinin tələbələri Zəlimxan Yaqubun “Xocalım, ay Xocalım” şeirini səsləndirərmiş, slaydlarda Xocalı soyqırımının xronologiyası əks etdirilmişdir. Sonra universitetin dram teatrı Xocalıya hsr olunmuş bədii kompazisiya nümayiş etdirmişlər.  BDU-da tədris edilən 15 dildə Xocalıya ədalət çağırışı səslənmiş, tələbələr həmin dillərdə yazılmış plakatlarla səhnəyə çıxmışlar. Tədbir «biz qalib gələcəyik», «Xocalıda görüşənədək» çağırışları ilə başa çatıb.

Universitetin əsas binasının vestibülündə «Xocalıya ədalət» güşəsi yaradılmış və Xocalı tarixini əks etdirən 26 qərənfillə çağırış bəzədilmişdir. Tədbir universitet kollektivi tərəfindən yüksək təəssüratla qarşılanmış, onlarda yüksək vətənpərvərlik duyğuları aşılamışdır.