1934-cü ildə yaradılmış Bədən Tərbiyəsi və İdman kafedrası tələbələrdə yüksək mənəvi, iradi və fiziki keyfiyyətlər tərbiyə etmək, milli əxlaqi dəyərlər aşılamaq, onları əməyə və vətəni müdafiəyə hazırlamaq, müasir mütəxəssisi bir şəxsiyyət kimi formalaşdırmaq məqsədi daşıyır. Bütün mütəxəssislər üçün tədris edilən həmin fənn, fiziki hazırlığın profilləşməsini təmin etməklə, hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşmasında, sağlamlığın möhkəmləndirilməsində əsas amil, tələbələrin peşəyönümlü fiziki hazırlığı prosesində və psixofizioloji cəhətdən nikbin əhval-ruhiyyəli olmasında əsas vasitələrdən sayılır. Universitetdə bədən tərbiyəsi dərsləri bütün fakültələrdə ixtisaslardan asılı olmayaraq birinci kurslarda tədris edilir. Kafedrada çalışan müəllimlər, dərslərində əsasən tələbələrin fiziki cəhətdən formalaşmasına, həmçinin onların peşəyönümlü fiziki hazırlığına diqqət yetirirlər. Kafedrada 1957-ci ildə yaradılmış idman klubu tələbələr arasında asudə və dərsdən kənar vaxtda böyük iş aparır. Burada idmanın ayrı-ayrı növləri üzrə məşqlər keçirilir. Bu bölmələrdə məşğul olan tələbələr, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin keçirdikləri universiada və birinciliklərdə uğurla çıxış edərək, mükafatçılar sırasında yer tuturlar. Kafedra fəaliyyət göstərdiyi ilk dövrdə burada tanınmış idmançı müəllimlərdən - əməkdar idman ustası, əməkdar bədən tərbiyəsi və idman xadimi R.İ.Baxşəliyev, idman ustası, dosent İ.Ə.Novruzov, idman ustası, dosent M.M.Əhmədov, professor R.M.Baxşəliyev, idman ustası, pedaqoji elmlər namizədi, dosent Ə.H.Şabanov, ağır atletika üzrə gənclər arasında dünya rekordçusu Ş.Ağayev dərs demişlər. 1937-1965-ci illərdə əməkdar idman ustası, əməkdar bədən tərbiyəsi və idman xadimi R.İ.Baxşəliyev, 1965-1986-cı illərdə idman ustası, dosent İ.Ə.Novruzov, 1986-1991-ci illərdə idman ustası, dosent M.M.Əhmədov kafedraya rəhbərlik etmişlər. 1991-ci ildən bugünədək kafedraya əməkdar məşqçi, dosent A.Ə.Atakişiyev rəhbərlik edir. BDU İdman Klubuna ayrı-ayrı dövrlərdə tanınmış mütəxəssislərdən - baş müəllim F.A.Tarverdiyev, Ş.Ə.Vəliyev və A.D.Alıyev sədrlik etmişlər. Hal-hazırda kluba A.İ.Paşayev rəhbərlik edir. Kafedrada unikal velosiped idman muzeyi fəaliyyət göstərir. Muzeyin yaradıcısı və müdiri idman ustası, pedaqoji elmlər namizədi professor əvəzi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü, Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Ələddin Hacı-Ağa oğlu Şabanovdur. Hazırda kafedrada doqquz baş müəllim - M.E.Bağırov, idman ustası E.B.Quliyev, M.X.Qəhrəmanova, S.T.Gözəlov, A.K.Əfəndiyeva, F.A.Tarverdiyev, A.İ.Paşayev, idman ustası L.V.Şmakov, A.D.Alıyev, bir müəllim H.Z.Zamanov, baş laborant K.B.Zeynalova, laborant R.İdrisov və iki təlimatçı - idman ustaları F.Rzayev və R.Cavadov kimi mütəxəssislər çalışırlar. Kafedranın əməkdaşlarından dosent M.M.Əhmədov və baş müəllim F.A.Tarverdiyev «Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi» adına layiq görülmüşlər. Kafedranın müdiri, dosent A.Ə.Atakişiyev xalqımızın məişətində mühüm yer tutan «Milli xalq idman oyunları» barədə məqalələr, Respublika elmi-praktik konfransında «İdmançıların dözümlüyünün artırılması yolları» mövzusunda keçirilən konfransda iştirak etmişdir. «Təhsil, Mədəniyyət, İncəsənət» adlı «Bilgi» dərgisində, «Fiziki tərbiyənin bəzi məsələləri» barədə məqalələrlə çıxışlar etmiş habelə, bədən tərbiyəsi dərslərinin keçirilməsi üzrə proqramların hazırlanmasında bir çox işlər görmüşdür. Professor əvəzi Ə.H.Şabanov «Şagirdlərdə fiziki tərbiyəyə marağın formalaşmasında idman muzeyinin rolu» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, p.e.n. alimlik elmi dərəcəsini almışdır. 50-dən artıq elmi məqalələrin müəllifi, müxtəlif elmi konfransların iştirakçısı olmuşdur. Baş müəllim M.X.Qəhrəmanova Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin keçirdiyi elmi-praktik konfransında «Turizm - fiziki və mənəvi tərbiyə amili kimi» mövzusunda məruzə etmişdir.