Bakı Dövlət Universitetinin (BDU)  Beynəlxlaq əlaqələr şöbəsinin əsas fəaliyyəti universitetin beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi, tanınmış universitetlərarası şəbəkələrə, təşkilatlara üzv olmaqla yanaşı, yeni akademik tərəfdaşlıq əlaqələrinin qurulması və BDU-nun beynəlmiləlləşmə üzrə inkişaf strategiyasından irəli gələn məsələlərin həllini özündə əhatə edir. Eyni zamanda ölkə ərazisində fəaliyyət göstərən diplomatik nümayəndəliklər, beynəlxalq və yerli təşkilatlarla əməkdaşlığa da xüsusi diqqət yetirilir. BDU-nun beynəlxalq əməkdaşlıq tarixi uzun illərin ənənələrinə, tarixi təcrübəyə söykənir və beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və yeni tərəfdaşlıq əlaqələrinin qurulması prioritet məsələ hesab olunur. Ötən əsrin 70-ci illərindən başlayaraq BDU-nun professor-müəllim heyəti xarici ölkələrin elm və tədris müəssisələrində fəaliyyət göstərmiş, bəzi tələbə və aspirantlar xarici ölkə universitetlərində təhsil almışlar. Bir sıra inkişaf etməkdə olan ölkələrdə məhz BDU alimlərinin sayəsində bəzi elmi məktəblərin əsası qoyulmuş və bir sıra elm sahələri inkişaf etmişdir. Bu gün beynəlxalq elm və təhsil məkanında özünəməxsus yeri olan BDU  dünyanın bir çox tanınmış universitetləri ilə ortaq layihələr həyata keçirir və tərəfdaş universitetlər ilə aktiv şəkildə əməkdaşlığını inkişaf etdirir. BDU-nun beynəlmilələşmə strategiyasına uyğun olaraq beynəlxalq əlaqələr şöbəsi bu strategiyada öz əksini tapan dörd əsas istiqamət üzrə beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir.

Hazırda BDU-nun dünyanın bir sıra ölkələrində onlarla Universitet ilə müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri mövcuddur. Bu əməkdaşlıqlar çərçivəsində tələbələrin və əməkdaşların mübadiləsi, birgə elmi layihələrin, ortaq proqramların, kursların və tədris planlarının hazırlanması həyata keçirilir.

Beynəxalq əlaqələr şöbəsinin əsas fəaliyyət istqamətləri:

BDU-nun beynəlxalq əməkdaşlıq sahəsində işlərinin tənzimlənməsinin və təkmilləşdirilməsinin icrasına dəstək vermək;
BDU-da beynəlxalq mübadilə proqramlarının sayının artırılması işinə dəstək;
Beynəlxalq təşkilatlar və xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq və təcrübə mübadiləsinin əlaqələndirilməsi;
Dünyanın tanınmış universitetləri ilə beynəlxalq ikili diplom proqramlarının işlənib hazırlanması;
Universitetdə beynəlxalq və yerli təşkilatların xətti ilə müxtəlif beynəlxalq proqramların, layihələrin həyata keçirilməsi işini əlaqələndirmək.

Beynəxalq əlaqələr şöbəsinin əsas funksiyaları:

Xarici universitetlərlə əməkdaşlıq əlaqələrinin qurulması;
Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici diplomatik missiyalar və nümayəndəliklər ilə əlaqələrin qurulması;
Tələbə, magistrant, doktorant və əməkdaşların mübadilə proqramlarında iştirakı;
Beynəlxalq əməkdaşlıq çərçivəsində birgə elmi tədqiqatların, konfransların, yay məktəblərinin və digər tədbirlərin keçirilməsi;
Müxtəlif şöbə və fakültələrin əməkdaşlarının beynəlxalq layihə və proqramlarda iştirakı.

Beynəxalq əlaqələr şöbəsinin əsas vəzifələri:

Universitetin yerli və xarici təhsil müəssisələri ilə əməkdaşlığının genişləndirilməsi;
İkili diplom proqramlarının fakültələrlə birgə işlənilməsinin əlaqələndirilməsi;
Qrantlar haqqında məlumatların əldə edilməsi və BDU-nun qurumlarının məlumatlandırılması;
İcra edilən layihələr haqqında məlumat bazasının yaradılması.
Beynəxalq əlaqələr şöbəsinin əməkdaşları ilə əlaqə yaratmaq üçün:



Tel: +994 12 539 05 57

Mail: international@bsu.edu.az