Geologiya fakültəsi yarandığı gündən etibarən akademik Mirəli Seyidəli oğlu Qaşqayın və professor Əziz Həmzə oğlu Əsgərovun təşəbbüsləri ilə çoxeksponatlı Faydalı qazıntılar müzeyi yaradılıb. İlk dövrlərdə 500-ə yaxın eksponatı olan bu muzey eksponatlarının sayı 6000-i keçib.
Orijinal tematik strukturu olan Faydalı qazıntılar muzeyi geologiya fakültəsinin kafedraları ilə sıx fəaliyyət göstərir.
Tələbələrin geologiya və geologiya mühəndisliyi ixtisaslarına dərindən yiyələnmələri üçün bu muzeydə mineralogiya, kristalloqrafiya, petroqrafiya, faydalı qazıntılar və digər fənlər üzrə mütəmadi zəngin kolleksiyalar, tematik sərgilər və ekspozisiyalar təşkil edilir.
Həmin ekspozisiyalar ölkənin Göy-Göl, Qazax, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şəmkir filiz rayonlarını təmsil edir, xüsusilə Naxçıvan Muxtar Respublikasının ərazisində olan faydalı qazıntı yataqlarından götürülmüş nümunələr öz əksini tapır.
Fakültənin məzunları - Akir İsazadə və Həsən Cələbi Gədəbəy mis-qızıl və Qoşa qızıl yataqlarının geoloji xaritəsini və həmin yataqlardan bir çox eksponatları iki il əvvəl muzeyə hədiyyə ediblər.
Muzeydə 1997-ci ildən akademik Musa Əliyev adına kabinet də fəaliyyət göstərir. Kabinet alimin şəxsi kitabları hesabına zəngin kitabxana fonduna çevrilib. Yuxarı kurs tələbələri, magistrantlar və doktorantlar həmin kitabxanadan səmərəli şəkildə istifadə edirlər.
Tələbələrin Geologiya ixtisasına dərindən yiyələnmələri üçün Faydalı qazıntılar muzeyində mineralogiya, petroqrafiya, faydalı qazıntılar üzrə zəngin kolleksiyalar təşkil edilib.
Geoloji fənlərin məşğələ dərsləri muzeydə tədris olunur.