Həmkarlar İttifaqı Komistəsinin BDU-da təşəkkülünün tarixi universitetin yaranması ilə təxminən eyni dövrə təsadüf edir. Bu mənada, BDU HİK-in da 100 illik çox şərəfli tarixi vardır və bu nüfuzlu təşkilata vaxtilə akademiklər Firudin Köçərli (1944-1952), Sabir Hacıyev (1972-1976), universitetin görkəmli ziyalıları Çingiz Həsənov (1952-1960), Kərim Həsənov (1960-1963), Məmmədxan Rəsulov (1963-1965), Abdulla Məmmədov (1965-1972), Sabir Mustafayev (1976-1979), Yalçın Əlizadə (1979-1989), Tariyel Əhmədov (1989-1996), Məhəmməd Quliyev (1996-2006), Fikrət Şiriyev (2006-2019), Hüseyn Məmmədov (2019-2020) rəhbərlik etmişlər.
Son illərdə BDU HİK-in fəaliyyətində əhəmiyyətli canlanma hiss olunmaqdadır. Əməkdaşların sosial, hüquqi, mənəvi mənafelərinin müdafiəsini həyata keçirən bir təşkilat kimi onun xidmətləri daha aydın nəzərə çarpır. BDU HİK Universitetin ictimai-siyasi həyatında çox fəal iştirak edir. Xüsusi qeyd etmək lazımdır ki, Universitet həyatında baş verən bir çox mühüm hadisələri - o cümlədən yubiley mərasimləri, yaddaqalan bilik günləri, məzun günləri, iməciliklər, rəsm müsabiqələri, müxtəlif idman yarışları BDU HİK-in təşkilatçılığı ilə həyata keçirilir. HİK-in təşəbbüsü ilə hər il respublikanın aparıcı turist şirkətləri ilə əməkdaşların istirahətini təşkil etmək məqsədilə ikitərəfli müqavilələr imzalanır. Bundan əlavə, əməkdaşların xahişi ilə ölkəmizin görməli yerlərinə, muzey və tarixi məkanlara, o cümlədən Azərbaycandakı müqəddəs ziyarətgahlara, ekskursiyalar təşkil edilir.
BDU Həmkarlar İttifaqı Komitəsinin çoxşaxəli və rəngarəng iş fəaliyyətinə əməkdaşların sosial vəziyyətinin daha da yaxşılaşdırılması, onlar üçün ictimai iaşənin keyfiyyətli və ucuz təminatı, əmək intizamının daha da möhkəmləndirilməsi, ehtiyacı olan insanlara diqqət və qayğı göstərilməsi, onların sağlamlığının qorunması, müxtəlif kompensasiyaların ödənilməsi, iş və istirahət günlərinin tənzimlənməsi və təşkil edilməsi kimi vəzifələr də daxildir ki, onları komitə ləyaqətlə yerinə yetirməyə çalışır.
Bu gün BDU Həmkarlar İttifaqı Komistəsi üzvlərinin sayı 3000-ə yaxındır. HİK-in İdarə Heyətinə 41 nəfər daxildir. İdarə heyəti BDU-nun 16 fakültə, 2 Elmi-tədqiqat institutu, elmi kitabxana, nəşriyyat, lisey və digər qurumları da daxil olmaqla bütün mürəkkəb strukturunu təmsil edir. Həmkarlar ittifaqı təşkilatının ali orqanı yığıncaqdır. Ayda bir dəfə toplanan bu Rəyasət Heyətinin iclasında Universitet həyatının ən müxtəlif problemləri müzakirə predmeti olur. Rəyasət Heyətinə Universitetin nüfuzlu ziyalıları, tanınmış alimləri, fakültə və digər qurumların geniş iclaslarında seçilmiş HİK sədrləri daxil edilirlər. Həmkarlar İttifaqı yığıncağı, konfransı HİK-in müvafiq məclis üzvləri və sədrlərini seçir. Bu məclis icra orqanıdır və HİK-in bütün cari işinə rəhbərlik edir, eyni zamanda Komitənin təftiş komissiyası məclis tərəfindən seçilir. Bu komissiya fakültə, kafedra və şöbələrdə işlərin gedişatına əməl olunmasını, əməkdaşların təkliflərinə, ərizələrinə və şikayətlərinə baxılması işinin və HİK-in büdcəsinin düzgün icrası, maliyyə, təsərrüfat fəaliyyətini təftiş edir. BDU HİK-də 16 məclis üzvü və 25 sədr fəaliyyət göstərir.
BDU Həmkarlar İttifaqı Komitəsinə Rəşad Cabarov sədrlik edir.