Bakı Dövlət Universitetinin Heydər Əliyev muzeyi 1997-ci ildə ulu öndərin şəxsi razılığı ilə yaradılıb və fəaliyyətə başlayıb. Muzeydə BDU-nun dünya şöhrətli məzunu və fəxri doktoru olan böyük şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən fakt və sənədlər əziz tutulur. Sənədlər arasında 1939-cu ildə Naxçıvan şəhərindəki beynəlmiləl məktəb tərəfindən Heydər Əliyevə verilmiş attestat, BDU-ya daxil olmaq istəyini bildirən ərizə, imtahan vərəqi və başqa tarixi sənədlər son dərəcə nadir və qiymətli eksponatlardır. BDU-da oxuyan tələbələr üçün örnək olan bu sənədlərin son dərəcə tərbiyəvi əhəmiyyəti vardır. Çünki, muzeyə daxil olan hər bir tələbənin qəlbindən, ilk növbədə, Heydər Əliyev kimi oxumaq istəyi keçir. Heydər Əliyevin tələbəlik illəri, BDU-nu bitirərkən çəkilən toplu şəkil (vinetka), Tarix fakültəsinin bitirməsi ilə bağlı diplomun həmin mənalı ömrün akkordlarıdır.

Qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində tez-tez doğma universitetinə gəlib, hər zaman bu ali təhsil ocağına xüsusi diqqət göstərib. Onun BDU-nun yubileylərində iştirakı və tarixi çıxışları qiymətli sənədlər sırasındadır.

Ulu öndərin xalqın tələbi və təkidi ilə 1993-cü ildə yenidən hakimiyyətə dönüşünü əks etdirən tarixi faktlar, müstəqil Azərbaycan dövlətinin dünyaya tanıdılmasında göstərdiyi titanik fəaliyyət, xarici ölkələrə səfərləri, bu səfərlərdə Azərbaycanın milli maraqlarının qorunması yolunda atdığı addımlar fotoşəkillər və sənədlərlə tarixiləşdirilib. Ulu öndərin bir çox ölkə başçıları ilə görüşləri və aparılan danışıqlar ayrıca guşədə əks olunub.

Muzeydə ulu öndərə bir sıra ölkələrinin ən qabaqcıl universitetləri, o cümlədən Bakı Dövlət Universiteti tərəfindən verilmiş fəxri doktor diplomlarının surətləri və medallar xüsusi yer tutur.

Muzeydə Heydər Əliyevin gərgin fəaliyyəti ilə yanaşı, onun ömrünün ən incə məqamlarından bəhs edən sənədlər, fotoşəkillər, kitablar vardır. Bu böyük şəxiyyət haqqında universitet alimlərinin yazdığı kitablar da xüsusi maraq doğurur.

Heydər Əliyevin ailə albomundan təqdim olunan fotoşəkillərdə ulu öndərin həssas qəlbli, qayğıkeş bir insan olduğu aydın görünür.

Heydər Əliyev muzeyinin Xatirə kitabında ulu öndərlə bağlı xoş sözlər, tarixi kəlamlar yazılıb. Bu muzeyi dünyanın tanınmış ictimai-siyasi xadimləri, elm və təhsil nümayəndələri ziyarət edib, təəssüratlarını bölüşüblər. Muzeyin çoxsaylı ziyarətçiləri arasında Respublika Prezidenti cənab İlham Əliyev də olub. Cənab İlham Əliyev 2000 və 2009-cu illərdə universitetə səfəri zamanı muzeyi ziyarət edib və Xatirə kitabına öz tarixi fakirlərini yazıb.

Heydər Əliyev muzeyi hər bir insanın nümunə götürəcəyi bir məktəbdir. Bu muzey universitet durduqca yaşayacaq və hər zaman əziz ziyarətgah olacaqdır.

Bakı Dövlət Universitetinin Heydər Əliyev muzeyinin müdiri, Filologiya üzrə fəlsəfə doktoru  Zəkiyyə Abbasəli qızı Kərimovadır.