QƏBUL QAYDALARI

2008 2009-cu tədris ilində BDU-da 12 ölkədən (Türkiyə, Çin, İran, Almaniya, Misir, Qazaxıstan, İsrail, Belorusiya, Gürcüstan, Rusiya Federasiyası Ukrayna və sairə) 1249 nəfər əcnəbi vətəndaş təhsil alır, onlardan:

922 nəfər-bakalavr pilləsi üzrə (əyani və qiyabi, 892 müqavilə 30 dövlət hesabına);

60 nəfər-magistrant (əyani və qiyabi, 58 müqavilə 2 dövlət hesabına)

259 nəfər-aspirant (əyani və qiyabi, 253 müqavilə ilə, 6 dövlət hesabına);

3 nəfər-doktorant (əyani və qiyabi, 3 müqavilə)

5 nəfər-dissertant (əyani və qiyabi, 4 müqavilə, 1 dövlət hesabına).

Bakı Dövlət Universitetində təhsil alan əcnəbilərin əsas hüquq və vəzifələri:

Bakı Dövlət Universitetində təhsil alan əcnəbi vətəndaşların hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

Bakı Dövlət Universitetində təhsil alan əcnəbi tələbələr:

1. BDU-nun kitabxanasından, oxu zalından, laboratoriya və təcrübə bazasından, idman kompleksindən istifadə edə bilərlər;

2. Kafedrada elmi-tədqiqat işində, tələbələrin elmi, ictimai və mədəni tədbirlərində, tələbə özünüidarə orqanlarının işində yaxından iştirak edə bilərlər;

3. BDU-nun tibb məntəqəsindən pulsuz istifadə edə bilərlər.

Əcnəbi vətəndaşlar Bakı Dövlət Universitetinə qəbul olmaq üçün ilk növbədə BDU-nun xarici tələbələrlə iş üzrə dekanlığa müraciət etməlidir. Burada əcnəbi vətəndaşlar ilə müsahibə aparılır və müsahibəni müvəffəqiyyətlə verən şəxs BDU-ya qəbul olunur. Bundan sonra, sənədləşdirmə-qeydiyyat işləri aparılır. Bakı Dövlət Universitetində təhsil almaq üçün əcnəbi vətəndaşlar aşağıdakı sənədləri təqdim etməlidir:

1. rektorun adına ərizə;

2. keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən təhsil haqqında sənədin (sənədlərin) notarius tərəfindən təsdiq olunmuş surəti (surətləri);

3. sağlamlıq və QİÇS haqqında arayış;

4. milli pasportun surəti, pasport yaşına çatmamış şəxslər üçün isə doğum haqqında şəhadətnamə;

5. tərcümeyi-hal;

6. 4x3 ölçüdə 8 ədəd fotoşəkil.

Əcnəbi vətəndaşlar üçün Bakı Dövlət Universitetinə qəbul tarixləri

Bakalavriat, magistratura və aspiranturaya qəbul

1-15 sentyabr

Magistratura və aspiranturaya qəbul

25 yanvar-9 fevral

Təhsilvizası

BDU-ya qəbul olmuş əcnəbi tələbə təhsil vizasını almaq üçün Beynəlxalq Əlaqələr və Koordinasiya Departamentinin Konsul-protokol şöbəsinə müraciət etməlidir.

Təhsil vizası əsasən əyani tələbələrə verilir, lakin BDU-da qiyabi təhsil alan əcnəbi tələbələr də təhsil vizası ala bilər.
Bunun üçün aşağıdakı sənədlər tələb olunur:

1. 1 foto şəkil.

2. pasportun surəti

3. dövlət rüsumu (20 ABŞ dolları)

4. anket

 

Əcnəbi tələbənin təhsil vizası bütün tədris müddətinə aiddir.
Bakalavr - 4 il
Magistratura - 2 il
Aspirantura - 3 il
Hər təhsil pilləsi üçün təhsil vizası yeniləşdirilir.
Tələbə hər dəfə vətənə döndükdə Konsul-protokl şöbəsinin vasitəsilə çıxış-giriş vizası almalıdır.

Əcnəbi vətəndaşların müvəqqəti qeydiyyatı

Əcnəbi vətəndaş universitetə qəbul olduğu gündən 1 həftə ərzində yaşayışla bağlı qeydiyyata düşmək üçün Konsul-protokol şöbəsinə müraciət etməlidir. Bunun üçün:

1. 3 fotoşəkil

2. pasportun surəti

3. dövlət rüsumu (10 manat)

Hazırlıq kursları.

Əcnəbi vətəndaşlar Bakı Dövlət Universitetində bakalavr pilləsində təhsil almaq üçün Azərbaycan universitetlərinin birində dil hazırlıq kurslarında bir il müddətində əyani kurs (Azərbaycan və ya rus dilində) keçməlidir. Hazırlıq kurslarının yekununda dinləyicilər buraxılış imtahanları verirlər. Buraxılış imtahanlarını müvəffəqiyyətlə vermiş dinləyicilərə təhsil haqqında vahid formada dövlət şəhadətnaməsi təqdim edilir.
Magistratura və aspirantura pilləsinə qəbul olmaq üçün dilbilmə bacarığının səviyyəsindən asılı olaraq kurslar 4 ay və ya 1 il müddətində aparılır.
Dövlət xətti ilə təhsil alan əcnəbi tələbələrin ixtisasını dəyişməsi, təkrar kursda saxlanılması, təhsil müddətinin uzadılması, akademik məzuniyyət alması, bir təhsil müəssisəsindən başqasına köçürülməsi, xaric olunması və bərpası Azərbaycan Təhsil Nazirliyinin razılığı ilə Bakı Dövlət Universiteti tərəfindən həyata keçirilir.
Əcnəbi tələbələr səhhəti ilə bağlı və bu kimi problemlərlə əlaqədar akademik məzuniyyət ala bilərlər.

 

Əlaqəli səhifələr