Qondarma «erməni soyqırımının 100-cü ildönümü»nün keçirilməsi ilə əlaqədar ermənilərin planları
Ermənistan Respublikası, erməni diasporu və lobbisi, habelə ermənipərəst ictimai-yaradıcı birlikləri və qeyri-hökumət təşkilatları 2015-ci ildə qondarma «erməni soyqırımının 100-cü ildönümü»nü çoxsaylı kütləvi tədbirlərlə geniş coğrafi miqyasda qeyd etməyə hazırlaşırlar. Bu məqsədlə dünya dövlətlərini, xüsusilə siyasi arenada söz sahibi olan ölkələri ciddi cəhdlə qondarma «soyqırımı»nın tanınması məsələsinin həllinə yönəltməyə çalışan erməni diaspor təşkilatları son aylarda daha da fəallaşmışlar.
Qondarma “erməni soyqırımı” hazırda bir çox ölkələrdə tanınmışdır. Ermənilər daim 1915-ci il hadisələrini türklər tərəfindən ermənilərə qarşı törədilmiş bir “soyqrım” kimi qabardaraq, beynəlxalq səviyyədə onun tanınmasına nail olmaqla Türkiyə Respublikasından külli miqdarda maddi təzminat qopartmağa çalışırlar. Ekspertlərin fikrincə, beynəlxalq təzyiq altında Türkiyənin qondarma «soyqırımı» tanıyacağı təqdirdə bu təzminatın çox böyük bir məbləğdə olacağı güman edilir.
“Osmanlı Türkiyəsində ermənilərin soyqırımının 100 illiyi” ilə bağlı planlaşdırılan tədbirlərin təşkili və bununla bağlı işlərin koordinasiyası üçün Ermənistan prezidentinin sərəncamı ilə Ermənistan, “Artsax” (qondarma “Dağlıq Qarabağ Respublikası”) və diaspora nümayəndələrindən ibarət “Ümumerməni Dövlət Komissiyası” yaradılmışdır. Komissiyaya rəhbərliyi Ermənistan prezidenti özü həyata keçirir. İlk dəfə olaraq, 50 ölkədəki erməni icmalarında “100 illik” tədbirlərinin koordinasiyası məqsədilə regional komissiyalar fəaliyyətə başlamışdır.
Bu yaxınlarda Ermənistan Respublikasının parlamentində dövlət büdcəsi ilə əlaqədar dinləmələr zamanı maliyyə nazirinin müavini Pavel Safaryan bildirmişdir ki, büdcənin 2015-ci il üçün nəzərdə tutulmuş xərclər bölümündə “Osmanlı Türkiyəsində ermənilərin soyqırımının 100 illiyi” maddəsində bu istiqamətdə tədbirlərin həyata keçirilməsi məqsədilə 50 milyon ABŞ dollarının ayrılması nəzərdə tutulur. “Soyqırımın 100 illiyi tədbirləri” üzrə təşkil olunmuş Dövlət Komissiyası 2014-cü ilin dekabr ayının ortalarınadək tədbirlər planı hazırlamalıdır. Tədbirlərin sayından və həcmindən asılı olaraq, onların keçirilməsi smetasına görə həmin məbləğ artırıla da bilər.
Ermənistan Respublikasının diaspora naziri Qranuş Akopyan isə qeyd etmişdir ki, “soyqırımın 100 illiyi” ilə bağlı dövlət, ictimai birliklər, qeyri-hökumət təşkilatları ilə yanaşı, “soyqırımın” beynəlxalq səviyyədə tanınmasını və qınanmasını, xüsusilə maddi təzminatın alınmasını ən başlıca vəzifə kimi qarşısına məqsəd qoymuş erməni diasporu bu işlərə güclü surətdə cəlb olunmuşdur.
Ermənistan Diaspora Nazirliyinin təşkilatçılığı ilə artıq 20-dən artıq forum, simpozium və dəyirmi masa təşkil olunmuşdur. Bu ilin aprel və may aylarında müvafiq olaraq Brüssel və İrəvan şəhərlərində “Ümumerməni Dövlət Komissiyası”nın “soyqırımın 100 illiyi” tədbirləri və proqramlarının təşkilinə cavabdeh olan Avropa üzrə komissiyalarının rəhbərlərinin və təmsilçilərinin görüşləri keçirilmiş və növbəti təlimatlandırıcı təmasların sayının bundan sonra daha da artırılacağı planlaşdırılır.
Artıq Diaspora Nazirliyi tərəfindən hazırlanmış və tövsiyə olunmuş xüsusi tədbirlər planının əsas hissəsi həmin regional komissiyalar, həmçinin ümumerməni və yerli icmalar, siyasi, təhsil, mədəniyyət və digər strukturlar tərəfindən həyata keçirilməkdədir. Məsələn, erməni “Pyunik” fondunun fəxri prezidenti Qabriel Cambarci “Erməni soyqırımı muzeyi”nin genişləndirilməsi və “Komitas” muzeyinin yaradılması üçün milyon dollar ayırmışdır.
Ermənistan hökuməti tərəfindən qondarma “soyqırımın 100 illiyi” ilə bağlı İrəvanda keçiriləcək tədbirlərə bir çox dövlət və hökumət başçılarının dəvət olunması prosesinə də başlanılmışdır. Dəvət olunanların sırasında Rusiya Federasiyasının dövlət başçısı V.Putin və İran İslam Respublikasının prezidenti H.Ruhani, hətta Türkiyənin prezidenti R.T.Ərdoğan da vardır. Fransanın Ermənistandakı səfiri Anri Reno isə ölkəsinin prezidenti F.Ollandın gələn ilin aprelində qondarma “soyqırımın 100 illiyi” ilə bağlı İrəvana gələcəyini təsdiq etmişdir.
Bununla yanaşı, Fransada qondarma «erməni soyqırımı» iddialarının yenidən gündəmə gətirilməsi barədə düşünülür. Ölkədə yaşayan erməni diasporunun təzyiqi ilə Avropada ilk dəfə olaraq qondarma «erməni soyqırımı» abidəsi ucaldılacaqdır. Abidənin Osmanlı dövləti ilə müttəfiq ölkələrin müqavilə imzaladığı Fransanın Sevr adlanan ərazisində Samuel Morad kollecinin yerində inşası nəzərdə tutulur (1920-ci ilin avqustunda bağlanmış Sevr müqaviləsi özündə uydurma «erməni soyqırımı» ilə bağlı bir neçə maddə ehtiva edirdi. Hətta müqavilənin 230-cu maddəsi Osmanlı hökumətindən bir sıra yüksək rütbəli generalın, siyasətçi və ziyalıların müttəfiq dövlətlərin yaratdıqları Malta Tribunalına təhvil verilməsini tələb edirdi). Abidənin tikintisinə nəzarət edəcək dərnəyin rəhbəri, erməni milliyətindən olan Lepyer Bezdikan bildirmişdir ki, layihə Fransa hökuməti tərəfindən də dəstəklənir və abidənin inşası 2015-ci ilədək başa çatdırılacaqdır. Adı bir neçə maliyyə qalmaqalında hallanan və Avropada fırıldaqçı kimi tanınan erməni əsilli senator Filip Qaltenbax isə demişdir ki, «layihə iki ölkə arasındakı münasibətlərin möhkəmləndirilməsi baxımından çox vacibdir».
Cənubi Koreyanın Busan şəhərində oktyabr ayının 29-da keçirilən Ümumdünya Kilsələr Şurasının 10-cu Assambleyasının iclasında, 345 kilsədən 300 nümayəndənin iştirak etdiyi tədbirdə qondarma «erməni soyqırımının 100 illiyi» ilə bağlı qətnamə qəbul edilmişdir. Qətnamə bütün ermənilərin katalikosu II Qareginin və Kilikiya kilsəsinin katalikosu I Aramın rəsmi müraciəti, həmçinin erməni kilsəsinin Ümumdünya Kilsələr Şurasındakı nümayəndələrinin ardıcıl işləri nəticəsində qəbul edilmişdir. Qətnaməyə əsasən, 2015-ci il aprelin 24-də Cenevrədə Ümumdünya Kilsələr Şurasının üzvlərinin iştirakı ilə geniş konfransın təşkil edilməsi qərarı verilmişdir. Konfransla paralel olaraq, Cenevrədə kilsələrarası yığıncaqda dua mərasimi təşkil ediləcək və həmin gün dünyadakı bütün kilsələr qondarma “soyqırım”ın qurbanlarının yad edilməsinə dəvət olunacaqlar.
Oktyabrda İrəvanda Rusiya və Ermənistanın dostlarının parlament klubunun 8-ci iclasında çıxış edən Demokratiya və Sülh İnstitutunun Nyu York nümayəndəliyinin rəhbəri, politoloq Andranik Miqranyan bəyan etmişdir ki, Ermənistan “soyqırımın 100 illiyi” ilə bağlı bütün müttəfiqlərinə müraciət edərək, onlara həmin ölkələrdə nəzərdə tutulan tədbirlərin siyahısını təqdim etməlidir: “yalnız bu halda biz “soyqırımın 100 illiyi” çərçivəsində keçiriləcək tədbirlərə lazımi miqyas verə bilərik”.
“Soyqırımın 100 illiyi” ərəfəsində Türkiyə-Ermənistan münasibətləri
Erməni ekspertlərin qiymətləndirməsinə görə, dünyada ən böyük erməni icmaları Rusiya, ABŞ, Fransa və Gürcüstandadır. Türkiyədə də hazırda bu ölkənin vətəndaşı olan xeyli sayda erməni yaşayır.
Qeyd olunmalıdır ki, Türkiyədə yaşayan ermənilərin özünəməxsus spesifikası vardır. Belə ki, onların bir qismi İslam dinini qəbul edərək müsəlmanlaşmışlar. Bu gün Türkiyə vətəndaşları olan həmin ermənilərlə «öz milli köklərinə qayıtmaq» üçün Ermənistan dövlət strukturları, o cümlədən xüsusi xidmət orqanları tərəfindən müvafiq işlər aparılır. Onlar üçün məxsusi maarifləndirici proqramlar və tədris kursları, Ermənistana, o cümlədən işğal olunmuş Dağlıq Qarabağa gəzinti turları, «milli-mədəni dəyərlərin bərpası söhbətləri» təşkil olunur. Bundan başqa, elmi konfranslar, dəyirmi masalar, türkiyəli ziyalılarla intensiv təmaslar, ekspertlər səviyyəsində mədəniyyətşünasların, jurnalistlərin, alimlərin qarşılıqlı səfərləri, Türkiyədə türk dilində müvafiq ədəbiyyatların nəşri kimi tədbirlərin sayının məqsədli şəkildə getdikcə artırılmasının əsas hədəfi Türkiyə cəmiyyətini qondarma «soyqırımı»n tanınmasına loyallaşdırılması üçün, eləcə də Azərbaycana dost və müttəfiq ölkənin Ermənistanla sərhədlərinin açılmasına zəmin yaradılmasıdır. Qeyd olunmalıdır ki, belə proqramlar, ermənilərin özlərinin dedikləri kimi «islamlaşdırılmış» «kriptoerməni»lərlə iş aparılması «soyqırımın 100 illiyi»nə həsr edilmiş kompleks tədbirlər planının mühüm komponentləri olaraq qəbul edilir.
Bu prizmadan Türkiyənin Baş naziri Əhməd Davutoğlunun Türkiyənin “Akşam” qəzetinin müxbiri, yazıçı-publisist, erməni əsilli Etyen Mahçupyanı özünün baş məsləhətçisi təyin etməsi nəinki Azərbaycanda, heç Ermənistanda da birmənalı qarşılanmadı. Lakin müşahidələr göstərir ki, hazırda Türkiyə Baş nazirinin baş məsləhətçisi E.Mahçupyanın kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə Azərbaycan və Dağlıq Qarabağ mövzusundan uzaq durması, bu barədə fikir bildirmək istəməməsi, əslində ictimaiyyətin “gözündən pərdə asmaq”dır.
www.ermenihaber.am türkdilli internet qəzetinə noyabr ayının 4-də müsahibəsində E.Mahçupyan bildirmişdir ki, bu il Türkiyə-Ermənistan münasibətlərində böyük bir inkişafın olacağını düşünmürəm. 2015-ci ildə “100 illik”dən sonra bu münasibətlərin yüksələcəyi mümkündür. 2016-cı ildə gərginlik azalacaq, bu siyasətə də təsir göstərəcək və qarşılıqlı anlaşma mühiti yaranacaq. Onsuz da hər iki ölkənin cəmiyyətləri arasında əlaqələr getdikcə artmaqdadır. Daha çox layihələr həyata keçirilməkdədir. Lakin bu münasibətlərin düzəlməsi birdən baş verməyəcək. Çünki Qarabağ problemi, Azərbaycan nefti Türkiyə-Ermənistan münasibətlərinə əngəl yaradan faktorlardır.
Hazırda Türkiyə ilə iqtisadi əlaqələr Ermənistanın istədiyi səviyyədə olmadığından, ermənilər “soyqırımın” tədricən, mərhələ-mərhələ türk cəmiyyəti tərəfindən qəbul edilməsi və tanınması işini daha çox mədəniyyət əlaqələrinin qurulması və gücləndirilməsi taktikasını tətbiq etməklə həyata keçirməyə çalışırlar.
Maraqlı faktlardan biri də odur ki, ilk dəfə qondarma “soyqırıma” həsr edilmiş sonatanın ilk premyerasının 2015-ci ildə İstanbuldakı kilsələrin birində təşkil olunması nəzərdə tutulmuşdur. Erməni bəstəkarı Tiqran Mansuryanın sözlərinə görə, gələn il keçiriləcək İstanbul beynəlxalq festifalının sifarişi əsasında bəstələdiyi bu sonatanı alt (skripkadan bir az böyük olan) musiqi alətində “Qremmi” və “Qızıl yay” mükafatlarının sahibi, erməni əsilli amerikalı Kim Kaşkaşyan ifa edəcəkdir.
Ermənistanda hər il təşkil olunan “Qızıl ərik” kino festifalının təsisçisi Arutun Xaçatryan isə “soyqırımın 100-cü ildönümü” ərəfəsində həyata keçirdikləri proqramlar, o cümlədən festival çərçivəsində erməni-türk kino platforması və Türkiyə rejissorlarının iştirakı barədə bildirmişdir ki, bu tədbirdə türk rejissorlarının çəkdikləri 6 film təqdim olunacaq. Ümumiyyətlə, “soyqırımla” yanaşı, festifalın əsas məqsədi həm də Qarabağ məsələsidir. “Biz türk kino rejissorlarını və ziyalılarını “ermənilərin soyqırımı” barədə türk kino rejissoru Fateh Akının çəkdiyi film kimi ekran əsərlərinin yaradılmasına dəvət edirik. Tanınmış türk kino rejissoru Fateh Akını “ermənilərin soyqırımı muzeyi”nə və “ermənilərin soyqırımı qurbanları”nın xatirə kompleksinə apardıq. Türk kino rejissoru gördüklərindən o qədər təsirləndi ki, artıq neçə ildir “ermənilərin soyqırımı” məsələsi ilə məşğul olur. Hətta “ermənilərin soyqırımı” barədə çəkdiyi film dünyanın müxtəlif ölkələrində nümayiş etdirilir”.
Azərbaycanla tərəfdaş ölkələrin bəzilərində ermənilərin fəaliyyəti
Hər vəchlə qondarma “soyqırımı” üçün maddi təzminat almağa çalışan Ermənistan və erməni diasporu bu “ümumerməni prosesində” bütün mümkün və qeyri-mümkün vasitələrdən yararlanmağa çalışır.
Belə ki, Rusiya-Ukrayna qarşıdurmasında özünün “strateji müttəfiqi” olan Moskvanın tərəfini saxlamasına baxmayaraq, İrəvan həmişəki kimi ikibaşlı siyasət yeridir. Ermənistan bu «siyasəti» əsasən Ukraynada yaşayan minlərlə ermənini öz ətrafında birləşdirmiş «Ukrayna Erməniləri İttifaqı» vasitəsilə həyata keçirməyə çalışır. Ermənistan rəsmiləri «Ukrayna Erməniləri İttifaqı»nın ictimai təşkilat kimi fəaliyyət göstərdiyini, Ermənistan Respublikasının dövlət strukturlarının tabeçiliyində olmadığını və maliyyələşdirilmədiyini fürsət düşdükcə qabardaraq, bu qurum vasitəsilə Ukrayna ilə bağlı Rusiyanın mövqelərinə hərdən zidd siyasi oyunlarını ört-basdır edirlər. Bəzi məlumatlara görə, 30-a yaxın erməni icmasının və ictimai-mədəni təşkilatının daxil olduğu «Ukrayna Erməniləri İttifaqı» qondarma “erməni soyqırımının 100 illiyi”nin Ukraynanın bütün regionlarında qeyd olunması üçün xüsusi hazırlıq işlərinə başlamışdır. «Ukrayna Erməniləri İttifaqı»nın sədri Vilen Şatvoryanın göstərişinə əsasən, həmin tədbirlər çərçivəsində qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərənnüm edilməsi, eləcə də Ukrayna-Rusiya qarşıdurmasında guya, Azərbaycanın tərəf saxlaması barədə yerli ictimaiyyət arasında böhtan və yalan xarakterli təbliğat üçün də iş aparılır.
Azərbaycanın artan nüfuzunun qarşısının alınması məqsədilə son vaxtlar ermənilər tərəfindən dünya mediasında və elektron KİV-lərdə anti-Azərbaycan təbliğatı daha gücləndirilmişdir. Buna misal olaraq, bir müddət əvvəl İsraildə dərc olunan populyar “Haarets” qəzetində israilli tarixçi Yair Oronun «Soyqırımın təkrarlanmaması naminə İsrail Azərbaycana silah satmamalıdır» adlı təxribat xarakterli məqaləsini göstərmək olar. Beynəlxalq münasibətlər üzrə ekspert, İsrailin Hayfa Universitetinin tədqiqatçısı Arye Qut bu məsələ ilə bağlı bildirmişdir ki, “hər kəs Yair Oronun kim olduğunu çox əla bilir. Y.Oron hələ bir neçə il bundan əvvəl Ermənistanın hazırki hakimiyyətinin dəstəyi ilə 1915-ci ildə Türkiyədə baş vermiş faciələr barədə ermənipərəst «Qəbul edilməz biganəlik» adlı məqalə yazmış və həmin məqalə erməni dilinə də tərcümə edilmişdir. Ötən il Y.Oron Ermənistana dəvət olunmuş və ona bu ölkənin dövlət mükafatı verilmişdir. Serj Sarkisyan isə Y.Oronu qəbul edərək, ona «qiymətli işinə və xidmətlərinə görə» təşəkkür etmişdir.
Serj Sarkisyanın Ermənistanın “rəhbəri təyin olunandan” sonra ilk imzaladığı sənədlər sırasında 2008-ci il oktyabr ayının 1-də Diaspora Nazirliyinin yaradılması barədə sərəncam olmuşdur. Bu nazirliyin qarşısında aşağıdakı 3 əsas strateji vəzifə qoyulmuşdur:
- Erməni diaspora təşkilatları və dini strukturları ilə əməkdaşlıq sayəsində ermənilərin milli identlikliyinin saxlanılmasının təmin edilməsi;
- Ermənistanın və «Artsax»ın sosial, mədəni, iqtisadi, elmi və mənəvi inkişafı üçün istifadə məqsədilə ermənilərin potensialının üzə çıxarılması və səfərbər edilməsi;
- Repatriasiyanın (ermənilərin Ermənistana qaytarılması) stimullaşdırılması istiqamətində proqramların hazırlanması və həyata keçirilməsi.
Hazırda erməni diasporunda 18 ümumerməni təşkilatı və 30 minə yaxın müxtəlif strukturlar fəaliyyət göstərir. Hər il Diaspora Nazirliyinin dəstəyi ilə mütəşəkkil halda erməni təşkilatlarının fəaliyyət göstərdiyi ölkələrin sayı artmaqdadır. Diaspora mütəxəssislərinin hazırlanması və təkmilləşdirilməsi üzrə İrəvan Dövlət Universitetində xüsusi olaraq diaspora kafedrası yaradılmışdır. Erməni dövlətinin, «Ermənistan - «Artsax» - Diaspora» üçlüyünün gücləndirilməsi, Dağlıq Qarabağ münaqişəsində “status-kvo”nun saxlanılması üçün daim «problemin sülh yolu ilə həllinə tərəfdar» olduqlarının nümayiş etdirilməsi, «soyqırımı»n beynəlxalq tanınması, kilsə ətrafında daha sıx birləşmək və ermənilərin milli identlikliyinin qorunub saxlanılması əsas prioritetlərdir.
Bu vəzifələrin həyata keçirilməsində Ermənistan rəhbərliyi Ermənistan Respublikası Nazirlər Kabineti yanında Milli Təhlükəsizlik Xidmətinə xüsusi etimad göstərir. Belə ki, hələ 2008-ci ildə “prezident təyin olunandan” sonra S.Sarkisyan Milli Təhlükəsizlik Xidmətinin rəhbər heyəti ilə görüşündə tapşırmışdır ki, «Ermənistanın əleyhinə dezinformasiyaya qarşı mübarizəni MTX koordinasiya etməlidir».
Ermənistan Respublikası, erməni diasporu və lobbisinin Türkiyə və dünya türklərinin, eləcə də Azərbaycanın beynəlxalq imiclərinə zərbə vura biləcək yeni iyrənc kampaniyalara əl atacaqları şəksizdir. Deməli, bütün türk dünyası sərsəm erməni iddialarına qarşı mübarizəni daha da gücləndirməli, artıq müdafiə taktikasından birbaşa hücum taktikasına keçməyi planlaşdırmalı, bu istiqamətdə görülən işlər daha məqsədyönlü və planlı təşkil olunmalıdır. Türkiyə və Azərbaycanın aidiyyati dövlət strukturları, eləcə də diaspor qurumları arasındakı əlaqələr, habelə ölkələrimizin beynəlxalq arenada mövcud siyasi-iqtisadi və elmi dairələrlə münasibətlərinin inkişafı daha da genişləndirilməlidir.