Quba Tədris-təcrübə və istirahət mərkəzinin əsası Azərbaycan Respublikası Nazirlər Kabinetinin (o vaxtkı Azərbaycan SSR Nazirlər Soveti) 10 iyul 1967-ci il tarixli 388 saylı sərəncamına əsasən Quba rayonunun Jdanov adına sovxozunun (indiki 2-ci Nügədi kəndi) ərazisindən torpaq sahəsinin ayrılması ilə qoyulub.
Ayrılan ərazi təsəvvür edilən baza məfhumundan çox uzaq, yolsuz, baxımsız sıx meşə ərazisi, alma bağları və kolluqlardan ibarət olub. Rektorluq və dekanlıq bazaya yol açmaq, ərazidə çadır qurmaq məqsədilə təxminən 2 il müddətində iş aparıb. 1970-ci ilin yayında Biologiya fakültəsinin dekanı Qara Mustafayev və bir qrup tələbə təzəcə salınmış cığırla alma ağaclarının altında qurulan çadırlarda ilk təcrübə keçiblər. Beləcə “çadır-təcrübə praktikası” 1991-ci ilədək davam edib. 1989-cu ildə Xocalı şəhərinin inkişafı ilə əlaqədar həyata keçirilən Dövlət Proqramına uyğun olaraq, Rusiya Federasiyasından alınan taxta konstruksiyalı ikimərtəbəli binalardan biri o vaxtkı dekan Akif Quliyevin şəxsi səyləri nəticəsində universitetə verilib və həmin 16 mənzilli, 47 otaqlı ev 1990-cı ilin sonlarında Nügədi kəndində qurulub. 1991-ci ildən etibarən tələbələr rahat otaqlarda yerləşərək təcrübə keçməyə başlayıblar. Lakin ermənilərin təcavüzü nəticəsində 1993-cü ildə Qubadlıdan qaçqın düşən 38 ailə müvəqqəti yaşamaq üçün bazada yerləşdirilib, bu “müvəqqətilik” 2012-ci ilə kimi davam edib.
2012-ci il martın 6-da BDU-nun Tədris-təcrübə bazasında məskunlaşan qaçqınların Quba rayonunun Aşağı Atuc kəndində istifadəyə verilən qəsəbəyə köçürülməsi universitetin yeni Tədris-təcrübə mərkəzinin tikintisinə şərait yaradıb.
İstifadəyə yararsız vəziyyətə düşən ikimərtəbəli taxta konstruksiyalı evi və onun ətrafındakı tikililəri bərpa etmək mümkün olmadığından 2023.16 kvadrat metrlik təməlin üzərində ümumi sahəsi 8400 kvadrat metr olan beşmərtəbəli binanın tikilməsi qərarı verilib. Cəmi il yarıma yalnız daxili imkanlar hesabına universitet kollektivinin birgə səyi, bütün qüvvələrin səfərbər olunması və əlbəttə, rektor, akademik Abel Məhərrəmovun yüksək təşkilatçılıq bacarıqları nəhəng tikintini başa çatdırıb.
2013-cü il sentyabrın 18-i BDU-nun tarixinə xüsusi bir hadisə kimi yazılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Bakı Dövlət Universitetinin Tədris-təcrübə və istirahət mərkəzinin açılış mərasimində iştirak ediblər. Prezident İlham Əliyev tədris və istirahət otaqları, akt və konfrans zalları, yeməkxana və idman kompleksləri ilə tanış olub, binanın tikintisindən və tələbələr üçün yaradılan şəraitdən razılığını bildirib.
8 hektar ərazisi olan Tədris-təcrübə və istirahət mərkəzinin həyətində 2 idman stadionu (biri futbol, digəri voleybol və böyük tennis), mərkəzi qazanxana və su anbarı, zövqlə bəzədilmiş park və yaşıllıqlar yerləşir. 400 nəfər üçün nəzərdə tutulan tədris və istirahət korpusunda universitetin müəllim və tələbələri üçün hər cür şərait yaradılıb. Binanın girişində ümummilli lider Heydər Əliyevin büstü qoyulub, arxasındakı divarda onun ölkəmizin müstəqilliyi ilə bağlı dəyərli fikirləri həkk olunub. Üzbəüzdə isə həm ümummilli liderin, həm də ölkə başçısı cənab İlham Əliyevin universitetlə bağlı şəkillərindən ibarət fotostend hazırlanıb. BDU-nun tarixi ilə bağlı maraqlı lövhə, Tədris-təcrübə və istirahət mərkəzində gedən tikinti işlərini əks etdirən görüntülər fotostenddə yerləşdirilib.
Binanın 2-ci mərtəbəsində müxtəlif disputların, müzakirələrin aparılması və tədbirlərin keçirilməsi üçün 30 nəfərlik konfrans zalı yerləşir. Bu mərtəbədə həm də professor-müəllim heyəti üçün nəzərdə tutulmuş və ən müasir tələblərə uyğun inşa edilmiş 2-3 otaqdan ibarət 5 VİP mənzil də var. Müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün hər cür şəraiti olan 300 nəfərlik böyük akt zalı 3-cü mərtəbədədir. Akt zalındakı işıqlandırma və səs sistemi, akustika və video görüntülər şəbəkəsi peşəkar mütəxəssislər tərəfindən məharətlə quraşdırılıb.
4-cü mərtəbə yalnız yataq otaqları üçün nəzərdə tutulub. Geniş və işıqlı dəhlizlərdəki səliqə-sahman göz oxşayır. Zövqlə bəzədilərək bütün zəruri avadanlıqlarla təchiz edilmiş və fərdi sanitar qovşağı, duş kabinəsi olan otaqların əksəriyyəti 2-3 tələbə üçün nəzərdə tutulub.
Aşağı mərtəbədə yerləşən yeməkxana 200 nəfərlik müəllim-tələbə heyətinə birdəfəyə xidmət edir. Yeməkxana ərzaqların saxlanılması, hazırlanması və təqdimatı üçün Avropa istehsalı olan avadanlıqlarla təchiz edilib.
Binada idman növləri ilə məşğul olmaq üçün ayrılmış bölmədə trenajor zalı, güləş döşəkləri, stolüstü tennis, bilyard və digər stolüstü oyunlar üçün şərait var.
Mərkəzdə yaradılmış elektron kitabxanada müxtəlif mövzulara aid yüzlərlə ədəbiyyat toplanıb. Bundan əlavə, Tədris-təcrübə və istirahət mərkəzində müxtəlif elmi istiqamətlər üzrə laboratoriyalar, elektron lövhə və digər müasir avadanlıqlarda təchiz edilmiş tədris auditoriyaları təşkil olunub.