S/s Tarix Saat Struktur bölmə Məruzəçi(lər) Məruzənin adı Keçirildiyi yer
1 04.05.2021 15:00 Tarix fakültəsi
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri,
t.ü.f.d. Pərviz Qasımov

Arxeoloji nəzəriyyə tarixi: klassik və müasir cərəyanlar O

Onlayn – Microsoft Teams

Ustad dərsi

Xülasə: Arxeologiya bir sıra elmlərdən fərqli olaraq sırf XIX əsr Avropa mühitinin məhsulu idi. İlk olaraq Danimarkada ayrıca bir elm sahəsi kimi təsisatlanan (institutionalization) arxeologiyada toplanan empirik material və digər elmlərin fövqündə məntiqi analitik tədqiqatlar, bu elm sahəsinin nəzəriyyəsinin əsaslarını yaratdı. Klassik arxeologiya nəzəriyyəçiləri sırasında Oskar Montelius`u, Yens Yakob Asmussen Vorso`nu, Qustaf Kossinnanı, Vir Qordon Çayld, Ernst Vale`ni və d. göstərə bilərik ki, onların tədqiqatlarına daha çox dövrün aparıcı elmi paradiqması (primordializm, miqrasionalizm) və siyasi, emosional faktorlar (millətçilik, irqçilik, marksizm) təsirini göstərmişdir.

İkinci Dünya müharibəsindən sonra isə, arxeologiyada əsasən Qərbdə pozitivist, neopozitivist, dixotomist, variativ (Helmut Preidel, Lewis Roberts Binford, David Leonard Clarke, Andrew Colin Renfrew, Ian Hodder, Philip Kohl və d.), skeptik və hiperskeptik (Ernst Vale, Hans Jürgen Eggers, Kennett Pike, James Alfred Ford, Albert Clanton Spaulding, Sebastian Brather, Svend Hansen və d.) baxışlar üstünlük qazanmağa başladı. SSRİ-də və sosialist düşərgəsində əsasən marksist və primordialist əsaslı nəzəriyyə aparıcı idi (məsələn, Y.N.Zaxaruk və d.) və post-sovet məkanında da bu mövqe qalmaqdadır (L.S.Kleyn və d.) əsasən primordialist  mövqe müxtəlif formada qalmaqdadır.

Çağdaş dövrümüzdə isə, Arxeoloji nəzəriyyə və ya Nəzəri arxeologiya (Archaeological theory/Theoretical archaeology) - ayrıca bir elm kimi təsisatlanmış arxeologiyanın xüsusi sahəsidir. Bu sahə arxeologiya elminin nəzəri problemlərini və arxeoloji nəzəriyyələri öyrənir. Ümumi baxışlar əsasında bu sahədə fərqli və fərdi nəzəriyyələr formalaşır, onlar isə, tədqiqat metodlarının hazırlanmasında və konkret tədqiqatlarda: istər artefaktların, istərsə də tarixi rekonstruksiyalar üçün konkret şərhlərin formalaşmasında nəzəri bünövrəni təşkil edirlər.

XX əsrin 70-ci illərində prosessual və koqnitiv (post-prosessual) arxeologiyanın meydana çıxması ilə artıq arxeoloji nəzəriyyə az qala xüsusi bir elm sahəsi kimi formalaşmağa başladı. Belə ki, artıq arxeologiya üzrə impakt-faktorlu jurnallar sırasında arxeologiya nəzəriyyəsinə aid ayrıca dərgilər yaradıldı (məsələn, Journal of Archaeological Method and Theory (ABŞ) jurnalı).

Arxeoloji nəzəriyyələrin təsnifatı ayrıca bir mövzudur. Məsələn,  nəzəriyyələrin tədqiqat dövrləri və regionları (prehistory, antik, orta əsrlər, industrial), tədqiqat obyektlərinin çeşidləri (sırf arxeoloji materialla bağlı: məskən, “kurqanologiya”, şəhər, dulusçuluq, tullantı, “ənənələr arxeologiyası” və s.;  multidissiplinar sfera; arxeoloji nəzəriyyələr barədə nəzəriyyə -  meta-arxeologiya; arxeologiya tarixi) və sosial-fəlsəfi məqsədləri (dini, millətçi, marksist, neo-miqrasonalist və s.) üzrə təsnifatlar mövcuddur...

Sovet dövründə formalaşmış Azərbaycan arxeologiyasında arxeoloji nəzəriyyə faktiki öyrənilməyib və marksizmlə kossinizmin (irqçi primordialist baxışın və metodologiyanın) sintezi olan sovet dövrü nəzəriyyəsi səviyyəsində qalıb. Arxeoloji nəzəriyyənin tədrisi yetişən yeni mütəxəssislərin Qərbdə mövcud olmuş və olan, məqbul və inkar edilən paradiqmalara əsaslanmış nəzəriyyələrlə tanışlığı, əcnəbi opponentlərlə arxeologiya, arxeogenetika, bio-antropologiya, linqvistika üzrə elmi diskussiyalarda iştirak üçün imkanlar aça bilər.


S/s Tarix Saat Struktur bölmə Məruzəçi(lər) Məruzənin adı Keçirildiyi yer
2
14.05.2021 15:00 Tarix fakültəsi Arxeologiya və etnoqrafiya kafedrasının dosenti, t.ü.f.d
İradə Avşar

Azərbaycanın antik dövr tayfalarının mənəvi mədəniyyəti  arxeoloji və yazılı mənbələrdə

Onlayn – Microsoft Teams
Ustad dərsi

Xülasə: Qafqazın qədim dövlətlərindən biri olan Albaniya Azərbaycanın antik və ilk orta əsrlər dövrünün tarixi və arxeoloji cəhətdən öyrənilməsində mühüm əhəmiyyət kəsb edirdır.

Albaniyanda yaşamış qədim tayfaların etnik və dini mənsubiyyətinin öyrənilməsi, bu gün də qədim tariximizin aktual və mühüm məsələlərindən biri sayılr. Albaniya dövləti haqqındakı məlumatlara ilk dəfə e. ə I minillikdə yunan alimi Strabonun “Coğrafiya” əsərində rast gəlinir. Əsərində alban və iberlərin məhz Qafqazın yerli tayfalar olduğu haqqında mənbələr öz əksini tapır.

Tədqiqatlar göstərir ki, Albaniyanın mərkəz və aran rayonları türk etnoslarının, Dağıstana yaxın əraziləri isə Qafqaz iberdilli etnosların yaşadığı ölkələr olmuşdur. “Alban” etnonimi məsələsinə gəldikdə isə, bu sözün mənası qədim türk dilində “cəsur, icid” deməkdir. Albanların etnik görünüşü haqqında məlumatlar yunan filosoflarının əsərlərində də yer alır.

Məlum olduğu kimi, miladdan öncə və miladdan sonra (ərazidə xristianlığın qəbul edilməsinə baxmayaraq) çoxallahlılıq dini tayfalar arasında əsas din forması kimi qalmaqda davam etmişdir. Bütün bunlar, ərazidə arxeoloji cəhətdən tədqiq olunmuş qədim məbədlər və qəbir abidələri əsasında izlənilir. Belə ki, Albaniyanın şimal-qərb ərazilərini əhatə edən və əsas siyasi-inzibati mərkəzlərdən biri olan Şəki vilayəti Ay məbədləri ilə zəngindir. Həmin arenada, müasir Azərbaycanın Şəki-Zaqatala regionunda Ay kultunun izləri bizim günümüzəcən gəlib-çıxmışdır. Bu regionda mövcud olan Kürmük, Kİş, Komrad, Almatay məbədləri ilkin təyinatına görə qədim albanların sitayiş etdikləri müqəddəs üçlüyə- Göy, Günəş və Ay tanrılarının şərəfinə inşa edilib, sonradan isə, erkən xristianlıq dövründə xristian mərasimlərinin keçirildiyi xristian məbələrinə çevrilmişdir”. Arxeoloji tədqiqatlar Azərbaycan ərazisində qədim dini ənənəyə söykənmiş ilk orta əsrlər dövrü tayfalarınin da Aya etiqad etdiklərini göstərir. Master dərsdə Azərbaycanın antik və ilk orta əsrlər dövrünün tarixi və arxeoloji tədqiqatlarının bu məsələləri təhlil olunacaq və müzakirə ediləcəkdir.

 

S/s Tarix Saat Struktur bölmə Məruzəçi(lər) Məruzənin adı Keçirildiyi yer
3
21.05.2021 15:00 Tarix fakültəsi Arxeologiya və etnoqrafiya kafedrasının dosenti, t.ü.f.d
Qənirə Pirquliyeva

Qarabağın memarlıq – dini  komplekslər

Onlayn – Microsoft Teams
Ustad dərsi

Xülasə: Azərbaycanın dünya çapında tanınan memarlıq məktəblərindən biri olan Qarabağın həm də özünəməxsus dini komplekləri olmuşdu. Bu komplekslər əsasən təkallahlıqla bağlı olaraq, xristianlıq və islam dini ilə əlaqəli yerli memarlar tərəfindən erkən orta əsrlərdən başlayaraq, XIX əsrin sonları-XX əsrin ilk onilliklərində yaradılmışlar. Xristianlıqla əlaqəli olan komplekslər bir və iki nefli xristian kilsələri olaraq, bəzən böyük bir kompleklər şəklində yerli inşaat materialları vasitəsilə tikilmiş və bütün mühüm memarlıq elementlərini özündə əks etmişlər.Tarixin sonrakı yüzilliklərində islamın yayılması zamanı  eyni yerli inşaat materiallarından yararlanan memarlar,həkkaklar, ustalar artıq klassik üslub saxlanılmaqla-yəni məscidlər, minarələr, mədrəsələr, külliyyatlar, türbələr və digər tikililər inşa etmişlər. Bəzən kilsələr üzərində bəzi dəyişikliklər edərək məscidlərə çevirmişlər. Azərbaycan ərazisində unikal dini kompleks tiplərindən “imarət” adlı tikililərin erkən vətəni də Qarabağdır. Bu tikililərin demək olarki, hər biri yalnız özlərinə aid kitabələrlə bəzədilmişlər. Kitabələrdə yazılar dini xarakterli olaraq, müsəlmanların müqəddəs kitabı Qurani Kərimdən müvafiq surələr, yaxud ayələr olmaqla, həm də tikili haqqında geniş məlumatlara malik olmuşlar.

Ümumazərbaycan-türk  memarlıq quruluşlarından kəskin fərqlənməyən bu tikililərin əsas özəlliyi onların ölçülərində, divarların interyer və eksteryerinin bəzədilməsində və digər mühüm məsələlərdə özünü göstərmişdi.Ayrıca qeyd etmək lazımdır ki, Qarabağın geostrateji mövqeyi səbəbindən burada orta əsrlərdə xeyli sayda sufi təriqətlərinin yaradıcıları, davamçılarına aid olan tikililərgeniş yayılmışdı. Əsasən xanəgahlarda təbliğatla məşşğul olan bu dərvişlər həm də buradan keçən beynəlxalq ticarət yolunun üstünlüklərindən kifayət qədər yararlanmış və əksər hallarda həm də bütün vergilərdən azad edilərək, ticarətlə də məşğul olmuşlar. Bəlkə də dilimizdə hələ də geniş istifadə edilən “həm ziyarət, həm ticarət” kəlməsinin mahiyyətində məhz bu dərvişlərin həm də bu kompleklərdə müəyyən iqtisadi münasibətlər vasitəsilə ideyalarını yaymaq olmuşdu. Master dərsdə işgaldan azad olmuş Qarabağın memarlıq – dini kompleksləri təhlil olunacaq və müzakirə ediləcəkdir.