Bakı Dövlət Universitetinin M.A.Axundov adına “Təkamül təlimi” muzeyi biologiya elmləri doktoru, professor, Əməkdar müəllim və elm xadimi, Respublikada “Genetika” kafedrasının yaradıcısı olan Mirəli Abdulla oğlu Axundov tərəfindən 1937-ci ildə təsis olunmuş, Zaqafqaziyada ilk və yeganə, keçmiş Sovetlər birliyində isə bu sahədə mövcud olan bir neçə muzeydən biridir. Bu muzey ali məktəblərdə “Təkamül təlimi” fənninin zəngin əyani vasitələr əsasında tədrisinə xidmət edir.
“Təkamül təlimi” muzeyi uzun sürən geoloji tarix ərzində həyatın qeyri-üzvi aləmdən necə əmələ gəldiyini, onun sadədən mürəkkəb quruluşa doğru, birhüceyrəli orqanizmlərdən insana qədər dönməz inkişaf yolu keçdiyini elmi faktlar və dəlillər əsasında əks etdirir. Muzeydə mövcud olan üzvi aləmin əcdad ağacı sxemi filogenezin iki istiqamətdə - bir tərəfdən birhüceyrəlilərdən ali çiçəkli bitkilərə, digər tərəfdən isə məməlilərə qədər necə baş verdiyini hərtərəfli dərk etməyə imkan verir. “Təkamül təlimi” muzeyi üzvi aləmin meydana çıxması, inkişafı, onun ümumi qanunauyğunluqları, istiqamətləri, hərəkətverici qüvvələri haqqında düzgün təsəvvürlərin formalaşmasına xidmət edir. Muzeydə toplanmış müxtəlif poleontoloji, müqayisəli anatomik, embrioloji, biocoğrafi və s. dəlillər təkamülün real və obyektiv, ardı kəsilməz və bu gün də davam edən tarixi proses olduğunu əyani şəkildə sübut edir və təbii seçmənin təkamülün əsas hərəkətverici qüvvəsi olduğunu nümayiş etdirir. Muzeyin insanın embrioloji inkişafının müxtəlif mərhələlərini əks etdirən eksponatları üzvi aləmin vahidliyini sübut edən qiymətli və maraqlı, müqayisəli anatomik dəlillərdəndir.
Muzeydəki ekspozisiyalar çoxşəkilliliyi ilə fərqlənən canlıların müxtəlif mühit şəraitlərinə uyğunlaşmasının nəticəsi olduğunu təsdiqləyir. Paleozoy, mezozoy, kaynozoy eralarına dair toplanmış eksponatlar muzeydə, onların tarixi inkişafına uyğun olaraq, ardıcıllıqla yerləşdirilib. Muzeydə cinsiyyətli seçmənin nəticəsi olan cinsiyyət demorfizmi hadisəsi – tovuz quşu, turac, ördək və s. quşların müqəvvaları üzərində müqayisəli şəkildə şərh edilir. Həmçinin “Təkamül təlimi” muzeyində kənd təsərrüfatının yeni, məhsuldar bitki sortları, heyvan cinslərinin yaradılmasının nəzəri əsaslarını hərtərəfli şərh edən və onun hərəkətverici qüvvəsinin süni seçmə olduğunu göstərən müxtəlif ekspozisiyalar da mövcuddur.
Muzeyin divarlarını bəzəyən və ibtidai insanların həyat tərzini, yaşayışını və yaşama uğrunda mübarizəsini əks etdirən şəkillər o dövrü təfsilatları ilə təsvir edən, elmi əsaslı ekspozisiyalardandır.
“Təkamül təlimi” muzeyində təkamül nəzəriyyəsinin əsasını qoyan və onu inkişaf etdirən alimlərin elmi fəaliyyətlərinə hörmətlə yanaşılıb, xronoloji ardıcıllıqla, bu dahilərin portretləri və təkamül nəzəriyyəsinin inkişafındakı xidmətləri əks olunub.
Muzey kolleksiyaları biologiya fakültəsinin tədris prosesində geniş istifadə edilərək, bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasına xidmət edir. Muzeyin olduqca böyük nəzəri – metodoloji və tərbiyəvi əhəmiyyəti vardır. Artıq onilliklərdir ki, muzey biologiya ixtisası üzrə ali və orta məktəb müəllimlərinin ixtisaslarını təkmilləşdirmə auditoriyasına çevrilib.
Hazırda muzeyə rəhbərlik edən biologiya elmləri namizədi, Y.Əliyeva biologiya fakültəsinin tələbələrinin, həmçinin muzeyə ekskursiya təşkil edən tələbə və orta məktəb sinif şagirdlərinin “Təkamül təlimi” kursunun müxtəlif mövzularını əyani olaraq mənimsəmələrinə köməklik göstərir.