Tələbə Həmkarlar İttifaqı Komitəsi


Tələbələr həmişə gənclərin ən aktiv hissəsi olaraq tanınıblar. Təbii ki, bu enerjini tənzimləyən, onu doğru istiqamətə aparan və ona kömək edən strukturlara böyük ehtiyac duyulmaqdadır.

Tələbə həmkarlar komitələri yuxarı təşkilatların dəstəyi ilə tələbələrin təhsilalma şəraitlərinin yaxşılaşdırılması, çətin həyat durumlarına maddi dəstək verilməsi, işlə təmin olunmasına yardım göstərirlər.

Sovet dönəmində ali təhsil məktəblərində tələbələrin problemləri ilə bir neçə təşkilat məşğul olurdu: partiya, komsomol və həmkarlar təşkilatları. Yeni formalaşmış müasir sistemdə isə həmkarlar təşkilatlarının rolu daha da artmışdır.

Bu nöqteyi-nəzərdən Bakı  Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) fəaliyyəti böyük önəm daşıyır. 18 mindən artıq bakalavr, magistr və aspirant kollektivini özündə birləşdirən, dövlət qeydiyyatından keçmiş yeganə ictimai tələbə təşkilatı olan THİK universitetin idarə olunmasında da yaxından iştirak edir. Belə ki, təşkilatın fakültə nümayəndəsi Fakültə Elmi Şurasının, Komitənin sədri isə Universitetin Böyük Elmi Şurasının tamhüquqlu üzvüdür. Bakı Dövlət Universitetində tələbələrlə bağlı qəbul olunan bütün qərarlarda bu qurumun rəyi nəzərə alınır.

THİK-nın strukturu:

Təşkilatın rəhbər orqanları - Konfrans, Komitə və İdarə Heyətidir. Konfrans ən ali orqan olub 2 ildə bir dəfə çağırılır. 41 nəfərdən ibarət olan Komitə isə konfranslararası dövrdə təşkilatın fəaliyyətinə rəhbərlik edir. Komitənin iclasları ayda 1 dəfə çağırılır. Təşkilata operativ nəzarəti İdarə Heyəti həyata keçirir. İdarə Heyəti 7 nəfərdən ibarətdir. Təşkilatda hazırda 4 ştat mövcuddur və bu ştatlar üzrə sədr – Qənbərov Daşqın Məcid oğlu, sədr müavinləri – Manaf Talıbov və Taleh Mansurovdur.

Təşkilatın əsas fəaliyyəti:

Komitənin fəaliyyəti 5 əsas prinsip üzərində qurulmuşdur:

Tələbələrin elmə və biliyə olan marağının artırılması

Bu istiqamətdə vaxtaşırı THİK-nın təşkilatçılığı ilə elmi, elmi-praktik konfranslar keçirilir, elmi müddəalara əsaslanan və sanballı elmi nəticələri ilə seçilən məqalə sahibləri diplomlarla mükafatlandırılırlar. Bu yaxınlarda «Ekologiya ili» çərçivəsində keçirilən “Ekoloji problemlər: yaranma səbəbləri və həll yolları” adlı elmi-praktik konfrans bunun bariz nümunəsidir.

Cismən və ruhən sağlam gəncin formalaşması

“Sağlam bədəndə sağlam ruh” prinsipini əsas tutaraq müxtəlif idman növlərində - futbol, basketbol, voleybol və s. yarışlar keçirilir. Bu tədbirlər həm sağlam gənclərin yetişdirilməsində, həm də onların zərərli vərdişlərdən uzaq olmasında köməklik göstərməklə yanaşı, çox ciddi problem olan məşğulluq məsələsində də önəmli bir addımdır.

Tələbələrə sosial dəstək

Məlumdur ki, Bakı Dövlət Universitetində təhsil alan tələbələr arasında aztəminatlı, qaçqın və şəhid ailələrindən olan gənclər böyük pay təşkil edir. Onlara maddi dəstək vermək üçün Komitə müəyyən işlər yerinə yetirir. Məsələn, yataqxana probleminə görə təqribən 30 tələbəyə kirayə pulu, 50 tələbəyə universitet yeməkxanasında pulsuz nahar yeməkləri üçün talon verilir. Bununla belə, maddi çətinliyə düşən və THİK-ya müraciət edən tələbələrə də fərdi qaydada köməklik göstərilir. Qeyd etmək lazımdır ki, bu məsələlərdə daha çox əlaçı tələbələrə üstünlük verilir. Bunlarla yanaşı, dövlət təqaüdü almayan, lakin əlaçı olan bir neçə tələbə həvəsləndirici təqaüdə layiq görülüb.

Vətənpərvərlik ruhunun formalaşdırılması və gənclərin milli dəyərlərimizə hörmətlə yanaşması uğrunda görülən işlər

Bu istiqamətdə görülən işlər arasında ən yadda qalanı Novruz şənlikləri olub. 17 fakültənin hər birinin böyük həvəslə ərsəyə gətirdiyi Novruz guşələrində böyük tarixi əhəmiyyət daşıyan Bahar bayramının keçirilməsi ilə bağlı olan bütün adət və ənənələr öz əksini tapır.

Ünsiyyətli gəncin yetişdirilməsi

Ölkənin gələcəyi olan gənclərin dövlətimizi layiqincə təmsil etmələri üçün rahat ünsiyyət yaratmaları, fikirlərini sərbəst ifadə etmələri şərtdir. Bu baxımdan THİK tərəfindən müxtəlif mövzularda keçirilən debat və disputlar böyük önəm daşıyır.

Məhz bu beş prinsipin vəhdəti uğurlu nəticə verir. Bunu dərk edən Komitə heç bir istiqamətdə işlərin axsamasına şərait yaratmır.

Komitənin ən mühüm fəaliyyətlərindən biri də ondan ibarətdir ki, gündəlik qayğılarına qapanıb qalan istedadlı tələbəni gündəmə gətirir, onu ictimai fəaliyyətə cəlb edir. Həmin tələbəni mühüm elmi-ictimai bacarıq vərdişlərinə yiyələndirən təşkilat onu universitetin ən ali müstəvisinə qədər aktuallaşdırır. Komitə özünün 34 illik fəaliyyəti dövründə neçə-neçə istedadlı tələbəni universitetin gündəminə gətirməklə ictimaiyyətin diqqətinə çıxarmış və hamı onun qabiliyyətinə öz müsbət münasibətini bildirmişdir.

Komitənin üzvü olmaq üçün bir tələbə nə etməlidir?

Quruma üzv qəbul olmaq çox sadədir. Təşkilatın Əsasnaməsini qəbul edən Bakı Dövlət Universitetinin hər bir tələbəsi bu quruma üzv ola bilər. Təşkilatın üzvü aşağıdakı hüquqlara malikdir:

  1. Təşkilatın rəhbər orqanlarını seçmək və seçilmək;
  2. Təşkilatın fəaliyyətinə aid olan məsələlərin müzakirəsində sərbəst iştirak etmək;
  3. Təşkilatın müdafiəsindən istifadə etmək;

Təşkilat tərəfindən həyata keçirilən tədbirlərdə iştirak etmək;

Təşkilata üzvlüyünü dayandırmaq və təşkilatdan çıxmaq.

Təşkilatın üzvləri Əsasnamənin müddəalarına əməl etməyə və rəhbər orqanların qərarlarını yerinə yetirməyə borcludurlar. Əks təqdirdə onlar İdarə Heyəti və ya yerli təşkilatlar tərəfindən təşkilata üzvlükdən azad oluna bilərlər.

Tələbələr ən çox hansı problemlərlə Komitəyə müraciət edirlər?

Təşkilat imtahanların gedişində yaxından iştirak edir və tələbələrin ən çox müraciət etdikləri sessiya nəticələri ilə bağlı onların hüquqlarının müdafiəçisi kimi fəaliyyət göstərir.  Komitənin sədri universitetdə yaradılan bütün komissiyalarda təmsil olunur (Apellyasiya Komissiyası, Aspiranturaya Qəbul Komissiyası və s.). Komitə çox vaxt məsələnin tələbənin xeyrinə həll olunmasına nail ola bilir.

Problemlə üzləşən hər bir tələbə birbaşa universitetin Əsas binasında yerləşən Komitənin qərargahına, ya da hər fakültə üzrə təyin olunan köməkçilərə müraciət edə bilər.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov, sədr müavinləri Manaf Talıbov, Taleh Mansurov, qurumun mətbuat katibi isə Novruz Harundur.

THİK-in fakültə sədrləri:

Şərqşünaslıq fakültəsi - İbrahim Babayev, Fizika fakültəsi - Əminə Bəylərova, Ekologiya və Torpaqşünaslıq fakültəsi - Xavər Səlimli,  Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsi - Murad Bağırzadə, Mexanika riyaziyyat fakültəsi - Pərvin Abbasov, Jurnalistika fakültəsi - Həbibə Xudakişiyeva, Kitabxanaçılıq-informasiya fakültəsi  - Qüdsi Məlikov, Tarix fakültəsi - Əli Babazadə, Coğrafiya fakültəsi - Rəvan Rəsulzadə, Kimya fakültəsi - Xəyalə Hüseynzadə, Filologiya fakültəsi - Rauf Nəbiyev, Biologiya fakültəsi - Gülüstan Muxtarova, Sosial elmlər və psixologiya fakültəsi  Turqay Qasımov, Geologiya fakültəsi - Vəfadar Agasiyev, Tətbiqi riyaziyyat və kibernetika fakültəsi - Ayan Fidayeva.