Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan arasında imzalanan əməkdaşlıq müqaviləsi çərçivəsində adıçəkilən İnstitutla Bakı Dövlət Universiteti arasında imzalanmış 13 sentyabr 2012-ci il tarixli müqavilə ilə açılıb.
Yunus Əmrə İnstitutu Yunus Əmrə Fonduna bağlıdır. Bu Fond Türkiyəni, türk dilini, tarixini, mədəniyyətini və sənətini tanıtmaq, bu istiqamətdə təhsil almaq istəyənlərə ölkə xaricində xidmət göstərmək, Türkiyənin digər ölkələr ilə mədəni əlaqələrini artırıb dostluğunu inkişaf etdirmək məqsədiylə 05 may 2007-ci il tarixli və 5653 saylı qanuna əsasən fəaliyyət göstərən bir qurumdur. Vəqfin fəxri heyəti rəhbəri Turkiyə Respublikasının Prezidenti Abdullah Gül, Qəyyumlar Şurasının nümayəndə heyətinin rəhbəri isə Xarici işlər naziri Əhməd Davudoğludur.
Yunus Əmrə İnstitutu qanunun məqsədlərini reallaşdırmaq üçün təhsil və tədris fəaliyyətləri ilə yanaşı, elmi tədqiqat və tətbiqlərini icra etməkdədir. İnstitut türk mədəniyyətinin, tarixinin, dilinin və ədəbiyyatının daha yaxşı təbliği və öyrədilməsi məqsədi ilə tədqiqatlar aparmaq, fərqli təşkilatlarla əməkdaşlıq edərək elmi işləri dəstəkləmək və əldə edilən nəticələri müxtəlif qəzet və jurnallar vasitəsilə ictimaiyyətə çatdırmaq məqsədinə nail olmaq üçün müxtəlif fəaliyyətlərə imza atır.
Yunus Əmrə İnstitutu habelə türk dili, tarixi, mədəniyyəti və musuqisi sahəsində bacarıqlı alim və tədqiqatçıların yetişməsinə kömək etməyi, sertifikat proqramları ilə təhsil və tədris işlərini reallaşdırmağı əsas hədəf kimi götürür.
Həmçinin hər il başda Bakı Dövlət Universiteti olmaqla Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Türkdilli Birliklər Nazirliyi ilə birlikdə Türk dili Yay Məktəbləri çərçivəsində Azərbaycandan Türkiyəyə tələbə göndərir. Bu layihə çərçivəsində tələbələr Türkiyədə davamlı olaraq türk dili kurslarına qatılmaq imkanı əldə edir və Türkiyənin müxtəlif bölgələrində təşkil edilən mədəniyyət gəzintilərində iştirak edirlər. Proqram ödənişsizdir, proqrama qatılan tələbələrə 250 dollar təqaüd verilir.
Universitetin 1 saylı tədris binasında yerləşən Yunus Əmrə İnstitutu Türkiyə Respublikası Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi tərəfindən təmin edilib.
Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin direktoru Cihan Özdəmirdir.