10 noyabr - Dünya Elm Günüdür

10/11/2020

10 noyabr Ümumdünya Elm Günü UNESCO-nun qərarı ilə təsis edilmişdir. 2001-ci ildə UNESCO-nun baş konfransının 31-ci sessiyası 10 noyabr gününü “Sülh və inkişaf naminə Ümumdünya elm günü” elan etmişdir.

İlk dəfə 2002-ci il noyabrın 10-da keçirilən Ümumdünya Elm Günü həmin vaxtdan etibarən hər il bütün dünyada qeyd olunur. Məqsəd beynəlxalq və milli səviyyədə elmin rolunu yüksəltmək, eləcə də elmin nəticələrinin cəmiyyətin dinc və sabit inkişafına təsirini artırmaqdır. Davamlı cəmiyyətin yaradılmasında elm və alimlər mühüm rol oynayır, vətəndaşların elmi nailiyyətlər haqqında məlumatlandırılması və bu proseslərdə iştirakı isə vacib amillərdəndir.

Dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da bu bayram layiqincə qeyd edilir. Ölkəmizdə elm, təhsil sahəsində əhəmiyyətli nailiyyətlər qazanılmışdır, elm və təhsil sahəsinə göstərilən qayğının ardıcıl davam etdirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Bu gün elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması istiqamətində bir sıra mühüm qərarların qəbul edilməsi ən aktual məsələlərdəndir. Azərbaycanın milli məhsulda elm və təhsilin çəkisini artırması, kapital resurslarının zəngin elmi bazaya, kadr potensialına yönləndirilməsi kimi mühüm addımlar atması elm və təhsil sahəsində yeni yanaşmalara, bu istiqamətdə nailiyyətlərin genişləndirilməsinə münbit şərait yaradır.

Ölkəmizdə elmin inkişaf etdirilməsində, yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasında Bakı Dövlət Universiteti də aparıcı rol oynayır. Universitetdə aparılan struktur islahatları, təhsil və elmi-tədqiqata göstərilən xüsusi yanaşma və diqqət, həmçinin, mütəmadi olaraq təşkil edilən elmi konfranslar və seminarlar, elmi konfrans və seminarlara tələbələrin və gənc tədiqatçıların cəlb olunması, elmi konfransların təşkilat komitəsində gənclərin yer alması son illər BDU-nun əməkdaşlarının beynəlxalq bazalarda indekslənmiş jurnallarda dərc olunan məqalələrin həm sayının, həm də məqalələrə edilən istinadların sayının artmasına səbəb olmuşdur. Belə ki, yalnız “Clarivate Analytics” şirkətinin rəsmi məlumatına əsasən, BDU əməkdaşları, doktorantları və tələbələri tərəfindən Web of Science bazasına daxil olan dərgilərdə artıq 2981 elmi əsər nəşr edilib. Bu əsərlərə 13114 dəfə (öz-özünə istinad istisna olmaqla 9201 dəfə) istinad edilib. BDU-nun h-indeksi (h -indeks və ya Hirş indeksi  alimlərin, elmi təşkilatın fəaliyyətinin elmi məqalələr və həmin məqalələrə istinada görə kəmiyyət göstəricisidir) 42-yə (bu o deməkdir ki, bu bazaya daxil olan dərgilərdə nəşr edilmiş 42 elmi əsərin hər birinə ən azı 42 dəfə istinad edilib), hər bir əsərə edilən istinadların orta sayı isə 4,4-ə qədər yüksəlib.

Qeyd edək ki, həm dərc edilən elmi əsərlərin sayı, həm də onlara edilən istinadların sayı xüsusilə son illər sürətlə artır. Belə ki, təkcə 2019-cu ildə Web of Science bazasına daxil olan dərgilərdə BDU əməkdaşlarının 387 elmi əsəri nəşr edilib ki, bu da 2015-ci ildə nəşr edilən əsərlərin sayından 3 dəfə çoxdur. Həmçinin qeyd edək ki, cari ilin ilk 10 ayı ərzində Web of Science bazasına daxil olan dərgilərdə bütövlükdə Azərbaycan üzrə 1538 məqalə dərc olunmuşdur, onlardan 252 məqalə BDU əməkdaşlarının əsərləridir. Azərbaycan üzrə və BDU üzrə dərc edilən məqalələrin müqayisəli təhlili göstərir ki, cari ilin ilk 10 ayı üzrə ümumi elmi məhsulun 16,4 faizi BDU-nun payına düşür.

Ümumdünya Elm Günü UNESCO-nun təşkilatçılığı ilə keçirilən elmi iclaslar, seminarlar, konfrans və festivallarla qeyd edilir və hər il müəyyən bir mövzuya həsr olunur. Bu il Ümumdünya Elm Günü “Elm cəmiyyət üçün və onunla birlikdə COVID-19-la mübarizədə” mövzusuna həsr edilmişdir. Bu münasibətlə UNESCO-nun baş direktoru Odre Azule dünya ictimaiyyətinə müraciət edib. Müraciətdə qeyd olunur ki, elm böhranın aradan qaldırılmasına böyük töhfə verə və daha ədalətli, humanist və davamlı cəmiyyətlər qurmağımıza kömək edə bilər. Bu, şübhəsiz ki, həm təbiət və dəqiq elmlərə, həm də eyni dərəcədə humanitar və sosial elmlərə aiddir.

Xəbərlər

BDU-da təyyarə qəzasında həlak olanların əziz xatirəsi yad edilib

BDU-da təyyarə qəzasında həlak olanların əziz xatirəsi yad edilib
26/12/2024

ABŞ-nin “Case Western Reserve” Universitetinin professoru BDU-da elmi seminar keçib

ABŞ-nin “Case Western Reserve” Universitetinin professoru BDU-da elmi seminar keçib
25/12/2024

BDU və ICESCO-nun birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq konfrans uğurla başa çatıb

BDU və ICESCO-nun birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq konfrans uğurla başa çatıb
25/12/2024