15 iyun - Milli Qurtuluş Günüdür

15/06/2021

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların təməli qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərin ən önəmlilərindən biri də 1993-cü ilin 15 iyun günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu əlamətdar gün dahi şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.

1991-ci ilin oktyabrında Azərbaycan öz azadlığına yenidən qovuşsa da, müstəqilliyin ilk illərində həm siyasi hakimiyyətdə, həm də dövlətin bütün təsisatlarında bir boşluq yaşanırdı. Ermənistanın Azərbaycana təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirmişdi. Vətənin bu ağır günlərində xalqımızın böyük oğlu, 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etmiş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, 1991-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi fəaliyyət göstərən müdrik rəhbər Heydər Əliyev xalqın israrlı təkidi ilə hakimiyyətə qayıtdı.

Ulu Öndərin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması ilə dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas oldu. O, öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və davamlı inkişafın təməlini qoydu. Bu qayıdışın daha bir təzahürü xalqın özünəinam hissinin bərpası oldu. Heydər Əliyevin müdrikliyi ilə Azərbaycanın bir sıra ciddi problemləri həllini tapdı. Ölkəmiz, hər şeydən əvvəl, vətəndaş müharibəsi təhlükəsindən, parçalanmadan və beynəlxalq aləmdən təcrid olunmaqdan xilas oldu. Eyni zamanda ölkənin sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə başlanıldı.

Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi olaraq, Azərbaycanın milli mənafelərini qorumağa qadir silahlı qüvvələri yaradıldı, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, bütün siyasi və diplomatik vasitələr işə salındı, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.

Dahi siyasətçi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsinə və nəticə etibarilə vətəndaşların rifahının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi. Beləliklə, Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk beynəlxalq neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü oldu. Qərbin neft şirkətləri ilə imzalanmış bu sazişdən sonra Azərbaycanın qapıları bütün dünyanın üzünə açıldı, bu sahədə yeni müqavilələrin imzalanması və ölkəyə investisiya qoyuluşu təşviq edildi. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutlarının diversifikasiyasına nail olundu.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalət, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Dahi siyasətçi demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yürüdərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır.

Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər sayəsində artıq 1996-cı ildə sosial göstəricilərin dinamikasında müsbət meyillər özünü göstərməyə başladı. Ulu Öndərin müxtəlif illərdə imzaladığı fərman və sərəncamlarla hərbi qulluqçuların, səhiyyə, təhsil, sosial müdafiə, elm, mədəniyyət sahəsində çalışanların əməkhaqları, eləcə də təqaüdlərin minimum məbləği, şəhid ailələrinin, 20 Yanvar əlillərinin və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda əlil olanların pensiya və müavinətləri bir neçə dəfə artırıldı, müxtəlif sahələrdə böyük xidmətləri olan şəxslərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə fərdi təqaüdlər təsis edildi.

Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsində də Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən – müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy göstərərək, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul etmişdir.

Bu gün Ümummilli Lider Heydər Əliyevin uğurlu siyasi kursunu davam etdirən ölkə başçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, müasirləşən, modernləşən dövlətinə çevrilib. Respublikamızda dinamik artım davam edir, böyük maliyyə tutumlu layihələr həyata keçirilir, investisiya qoyuluşu genişlənir, əhalinin sosial rifah halı yaxşılaşır. Məhz bu çoxşaxəli uğurlu fəaliyyət sayəsində respublikamız öz inkişaf tempinə görə nəinki MDB ölkələrindən, hətta dünyanın bir çox iri və inkişaf etmiş dövlətlərindən də öndə yer alır.

Ulu Öndər Heydər Əliyev böyük qayıdışı ilə Azərbaycanı uçurumdan xilas etdi, İlham Əliyev bu ölkəni tarixinin ən qüdrətli dövlətinə çevirdi və bu gün Azərbaycan hərtərəfli inkişaf yolunda əmin addımlarla irəliləyən ölkə kimi tarixi uğurlarını inamla davam etdirir.

Bu gün Ümummilli Lider, dahi şəxsiyyət Heydər Əliyev siyasətinin bəhrəsidir ki, Azərbaycanda təhsil, iqtisadiyyat, elm, mədəniyyət və digər sahələr də sürətlə inkişaf edir və qürurvericidir ki, ölkəmiz öz inkişafına görə dünyanın ən öndə gedən ölkələrindən birinə çevrilib.

Müqəddəs ata vəsiyyətini şərəflə yerinə yetirən möhtərəm Prezidentimiz, yenilməz sərkərdəmiz İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində qazandığımız parlaq qələbə ilə xalqımızın başı dünya durduqca uca, Ulu Öndərin ruhu əbədi olaraq şad oldu. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyununda başlatdığı milli qurtuluş savaşımız 10 noyabr 2020-ci ildə Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasi xətlə müdrik rəhbərimizin layiqli davamçısı, Prezidentimiz İlham Əliyevin məqsədyönlü, ardıcıl, qətiyyətli siyasəti, peşəkar diplomatik gedişləri və mahir sərkərdəlik məharəti sayəsində parlaq Qələbə ilə nəticələndi.

Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir və cənab Prezidentimiz İlham Əliyevin timsalında regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024