17 Noyabr - Milli Dirçəliş Günüdür

17/11/2023

Bu gün – noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Azərbaycan xalqının azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən Milli Dirçəliş Günü ölkəmizin müstəqilliyinin bərpa olunmasında önəmli və tarixi rol oynayıb.

Bu tarix Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrik siyasəti nəticəsində daha da əlamətdar xarakter alıb. Belə ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarıldı. Bununla da milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atılmış oldu. Ulu Öndərin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Muxtar Respublikanın dövlət rəmzləri haqqında məsələ müzakirə edildi. Üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Sessiya Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxararaq onun dövlət bayrağı kimi qəbul edilməsi ilə bağlı Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi xalqa ümid oldu. Bütün sahələrdə inkişaf müşahidə olunmağa başladı, xalqımızın milli dirçəlişi və mənəvi dəyərlərinin yüksək tutulması, adət və ənənələrimizin qorunub saxlanılması reallığa çevrildi.

Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına və milli-mənəvi dəyərlərin qorunub saxlanmasına xüsusi diqqət yetirir, ölkəmiz dünyada söz və nüfuz sahibi kimi tanınaraq müdafiə qüdrətini daha da artırır.

Artıq üç ildir ki, Milli Dirçəliş Günü Azərbaycanın ərazi bütövlüyü şəraitində qeyd olunur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız azad edildi. 44 gün davam edən Vətən müharibəsi dövründə hər gün yaşayış məntəqələri işğaldan azad olunurdu və həmin torpaqlarda Azərbaycanın şanlı bayrağı ucaldılırdı. Hazırda azad edilmiş bütün torpaqlarımızda bayrağımız əzəmətlə dalğalanır.

Artıq üç ildir ki, azad olunmuş bütün ərazilərimiz dirçəlir, Qarabağa və Şərqi Zəngəzura həyat qayıdır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz 30 illik işğala son qoymuşdusa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etdi. Bu il sentyabrın 19-da isə cəmi 24 saatdan da az davam edən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış seperatçılar təslim oldu, suverenliyimiz tam təmin olundu. Şanlı qələbəmizin möhtəşəm və məntiqi sonluğu oktyabrın 15-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Ağdərə, Xocalı, Əsgəran və ən əsası isə Xankəndidə üçrəngli bayrağımızı qaldırması oldu. Bununla da Müzəffər Ali Baş Komandan və onun əmrinə daim hazır olan Azərbaycanın qəhrəman oğulları tariximizin ən önəmli səhifəsinə yekun nidanı qoydular.

Rəhbər-dövlət-ordu-xalq birliyi ilə qazanılan Qələbəmizi gələcəyə sarsılmaz inam və qürur duyğuları daha da möhkəmləndirir.

Xalqımızın həmrəyliyi və dövlət müstəqilliyimiz əbədi olsun! Milli Dirçəliş Gününüz mübarək!

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024