20 Yanvar faciəsindən 32 il ötür

20/01/2022

1990-cı ilin 20 Yanvar hadisələrindən 32 il keçir. Doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları düz 32 il əvvəl həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bu tarix Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəmizin və milli əzmkarlığımızın rəmzinə çevrilib.

20 Yanvar Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb.

Sovet Ordusunun xüsusi təyinatlı bölmələrinin Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun hissələri müxtəlif istiqamətlərdən barrikadaları dağıdıb əliyalın əhaliyə ağır texnikadan və müxtəlif tipli silahlardan atəş açaraq şəhərə daxil oldular. Bakıda yanvarın 20-si gecəyarısı, saat 00:00-da fövqəladə vəziyyətin tətbiq edilməsi barədə imzalanmış fərman səhər saat 6-nın yarısında radio ilə elan olundu. Fövqəladə vəziyyətin elan olunması əhaliyə elan edilənədək hərbçilər 82 nəfəri artıq amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılaryıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər qətlə yetirilib. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər öldürülüb.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 131 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.

O zaman yalnız Ümummilli liderimiz Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham etmiş, kəskin bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra məhz Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə faciəvi 20 Yanvar hadisələrinə siyasi qiymət verilmişdir.

20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım metronun “20 Yanvar” stansiyasının üzərindəki dairədə xatirə kompleksinin yaradılması oldu. 2010-cu il yanvarın 20-də Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində memorial abidə kompleksinin açılışı oldu.

O faciəli günlərdən artıq 32 il keçir. 32 ildir ki, Dağüstü parkdakı Şəhidlər xiyabanı və Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış "Əbədi məşəl" xatirə kompleksi xalqımızın ən möhtəşəm ziyarətgahına, ən müqəddəs and yerinə çevrilib.

Bu gün xatirəsini daim əziz və uca tutduğumuz bütün şəhidlərimizin -  Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bacı və qardaşlarımızın ruhu şaddır. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin hərbi və siyasi bacarığı, qüdrətli ordumuzun rəşadəti, xalqımızın möhkəm birliyi sayəsində 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qarabağ zəfəri ilə şəhidlərimizin intiqamı alındı, onların qanı yerdə qalmadı.

20 Yanvar qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizə uca Allahdan rəhmət diləyirik!

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024