Kafedramızın sevimlisi

21/12/2017

Adətən, müəllim ömrünü çırağa bənzədirlər. Sönənə qədər bilik dolu hərarətini şagirdinin, tələbəsinin duyğularına hopdurur. Müəllim ömrünü günəşə, işıqlı ulduzlara bənzədizrlər. Günəş kainatı, müəllim isə ömrünün zərrələri ilə gənc nəslin mənəvi dünyasındakı qaranlıqları əridir, onların həyat yollarını işıqlandırır. Platonun sözləri ilə desək: “Bizi yerdən göyə qaldıran da, həyatdakı uğurlarımıza imza atan da müəllimlərimizdir”.

Rəhilə xanım, siz də şərəfli müəllimlik peşəsinin layiqli nümayəndəsi olaraq ömrünüzün təxminən 50 ilə yaxın zamanını tələbələrin təlim-tərbiyəsinə həsr edərək xalqımızın övladlarına savad, bilik, elm öyrədəcək müəllimlər ordusu yetişdirməklə  məşğulsunuz.

Rəhilə xanımı  bu yazını oxuyanlara tanıtmaq istəyirəm.

Rəhilə İldırım qızı Quliyeva Bakı Dövlət Universitetinin filologiya fakültəsində Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktorudur. O, 16 dekabr 1947-ci ildə doğma yurdumuzun ən dilbər guşələrindən biri, hazırda mənfur ermənilərin tapdağı altında olan  Qarabağda – Şuşada çox gözəl bir ziyalı ailəsində dünyaya göz açıb, boya-başa çatıb. Orta məktəbi də orada bitirib. Uşaqlıqdan,  hələ məktəbdə oxuduğu illərdən ədəbiyyata olan həvəsi onu Bakıya – Universitetə gətirir. O vaxt sənədlərini Azərbaycan Dövlət Universitetinin  filologiya  fakültəsinə  verir, medalist olduğu üçün bir imtahan verərək universitetə daxil olur.

Yeri  düşdükcə  Rəhilə xanım ona dərs deyən müəllimləri – Mir Cəlal Paşayevi,  M. Hüseynzadə,  Ə. Abdullayev,  prof. Y. Seyidov, T. Hacıyevi və digər müəllimlərini dünyagörmüş, geniş təfəkkürə malik, savadlı, ədalətli, xeyirxah insanlar kimi xatırlayır və dərs dediyi tələbələrə də onları tanıdır. Adlarını həmişə hörmətlə çəkdiyi müəllimlərinin mənəvi-əxlaqi, elmi-pedaqoji təcrübələrinin və irsinin özü ən yaxşı davamçılarından biri elə Rəhilə xanım özüdür.

Universiteti  müvəffəqiyyətlə bitirən  Rəhilə  Quliyeva Qarabağa qayıdır  və  Xankəndi (Stepanakert) Pedoqoji İnstitutunda müəllimlik fəaliyyətinə başlayır. Lakin elmə olan həvəs və müəllimlərinin təkidi ilə Bakıya gələrək, Azərbaycan dilçiliyi kafedrasının dissertantı  olur və prof. Ə.Abdullayevin rəhbərliyi ilə “Müasir Azərbaycan dilində ədatlar” mövzusunda dissertasiya işi yazır. Tezliklə namizədlik işini uğurla başa vurur və elmlər namizədi adını alır. Onu da deyim ki, Əlövsət müəllim həmişə yaxşı tələbəni  özü seçib, ona qayğı və hörmətlə yanaşıb, tələbəsinin uğurlarına sevinib. Bu  seçimində də tələbəsinin biliyi, elmi, bacarığı   əsas meyar olub. Xatırlatmaq istərdim ki,  Rəhilə xanımla  eyni qrupda oxuyanların əksəriyyəti  bu gün respublikamızın müxtəlif ali məktəblərində, qardaş Türkiyədə və BDU-nun filologiya fakültəsində çalışmaqdadırlar: prof. K.Vəliyev, prof. E. Əzizov,  prof. A.Məmmədova, prof. Z.Şahbazova, dos. H.Abdiyeva, S.Allahverdiyeva və başqaları.  Bir qrupdan bu qədər alimin yetişməsi təbii ki, onlara dərs verən böyük alimlərin sayəsində olmuşdur. İndi  Rəhilə xanım qrup yoldaşları ilə çiyin-çiyinə öz doğma fakültəsində çalışır.

Geniş dünyagörüşünə və erudisiyaya malik olan Rəhilə xanım daim öyrənir, yaradıcı  axtarışlarının nəticələrini, təcrübəsini həmkarları ilə həvəslə paylaşır. Mətbuatda, beynəlxalq simpoziumlarda, konfranslarda, elmi-metodik seminarlarda maraqlı elmi məruzələrlə çıxış edir.

Dos. R.İ. Quliyeva proqramlar, dərslik  və dərs vəsaitləri, metodik göstərişlər və 100-ə qədər elmi məqalələrin müəllifidir.

Yaxşı müəllimi səciyyələndirən cəhətlər çoxdur: dərin bilik, pedaqoji hazırlıq, müəllimlik bacarığı, yüksək peşəkarlıq, innovativ düşüncə və fəaliyyət, tələbələrlə səmimi ünsiyyət və s. – bunların hamısı bizim Rəhilə müəllimədə var.

Kafedraya  müzakirəyə gələn dissertasiyalar, magistr və bakalavrların elmi işləri oxunub  rəy yazılması üçün Rəhilə xanıma  verilir.  Dövlət  imtahanlarında və demək olar ki, hər hansı bir fənn üzrə imtahanlarda  Rəhilə xanım “yoruldum” demədən canla-başla iştirak edir. O, tələbələrin pedaqoji təcrübələrinə rəhbərlik işində də metodist kimi fəal iştirak edir. Gənc  kadrların yetişməsindəki fəaliyyətini xüsusi qeyd etmək istərdim. Dos. R.Quliyevanın mühazirələri elmi-metodiki cəhətdən nə qədər səviyyəli, sanballıdırsa, pedaqoji təcrübəyə rəhbərliyi də bir o qədər ciddi və maraqlı olur. O, tələbələrə dərs deməklə bərabər, müxtəlif maraqlı tədbirlər keçirməyi də öyrədir. Biz –  kafedranın əməkdaşları dəfələrlə Rəhilə xanımın “Azərbaycan dilinin tədrisi metodikası”  fənnindən mühazirə və ya  seminarlarında – açıq dərslərində olmuşuq. Onun nümunəvi dərslərində materialı ustalıqla tələbələrə çatdırmaq qabiliyyətini dəfələrlə müşahidə etmişik.

Azərbaycan dili və ədəbiyyatının  tədrisi metodikası kafedrası, elmi potensialına görə BDU-nun sayılıb – seçılən kafedralarından  biridir. Kafedramızda  əməkdaşlarımızın yuvarlaq doğum günlərini, yubileyləri qeyd etmək bir ənənə halını alıb. Yubilyarı təbrik edir, ona  xoş arzularımızı bildiririk, kafedrada bir doğmalıq, xoş abu-hava yaranır, sevinclərə sevinirik, kədərimizi bölüşürük. Beləliklə, heç özümüzün də nə vaxt yaşa dolduğumuzu  hiss etmirik.

Bu günlərdə yubileyini q        eyd edəcəyimiz hamımızın istəklisi Rəhilə xanım Quliyevanın da  yaşının 70-ə çatdığına  inanmırıq. Düzü, görkəmi də bu yaşı göstərmir. Ancaq düşünəndə ki, elə pedaqoji stajı, təxminən, 50 ilə yaxındır, o zaman bu zərif xanımın belə gənc qalmasının səbəbini onun müəllimlik peşəsini çox sevməsi,  xarakterinin mülayimliyi, geniş qəlbə malik olması, həmişə optimist əhval-ruhiyyəsi ilə əlaqələndirdim. Daim gənclərlə − tələbələrlə ünsiyyətdə olan insan qocalmaz.

Rəhilə xanım fədakar ana,  ləyaqətli övlad, sədaqətli həyat yoldaşı və istəkli nənədir. Onun ən böyük dövləti xoşbəxt ailəsidir. Oğlu Elçin hüquqşünas, qızı – Məlahət göz həkimidir.

Bəzən insanın elə düşüncələri olur ki, onları sözə, yazıya çevirmək bir qədər çətin olur. Nədənsə, həmişə günəş üzlü, günəş təbəssümlü müəllimlər haqqında qəlbimdə beləcə çətin ifadə olunan düşüncələr yaranır.

Bir müəllim haqqında yazıya – sözə çevirdiyim düşüncələrimi sizinlə bölüşdüm... Sözlə çətin ifadə olunan düşüncələrim isə daha çoxdur.

Həyatın sevincini də, kədərini də  (mən Şuşa – Qarabağ həsrətini nəzərdə  tuturam) zəif çiyinlərində daşıyan zərif, nəcib və ləyaqətli insan, öz bilik və bacarığını  xalqının övladları  yolunda sərf edən Rəhilə müəlliməyə  çətin, şərəfli və məsuliyyətli yolda uğurlar  diləyirik. Sizinlə fəxr edir, qürur duyuruq.

Açılan sabahlarınız nurlu olsun. 70 yaşınız mübarək olsun!

Azərbaycan dili və ədəbiyyatının

tədrisi metodikası kafedrasının dosenti

Məhbubə  Qurbanova

philology.bsu.edu.az

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024