2 Avqust - Azərbaycan Kinosu Günüdür

02/08/2021

Bu gün Azərbaycan Kinosu Günüdür. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra - 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü sayılır.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni–iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər.
1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyır.
“Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.
Ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülüb.
2018-ci ildə Azərbaycan kinosunun 120 illiyinin qeyd olunması haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən ölkəmizin hər yerində silsilə tədbirlər keçirilib. Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.
Azərbaycan Kinosu Günü münasibətilə bütün kino ictimaiyyətini təbrik edirik.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024