5 Dekabr - Beynəlxalq Könüllülər Günüdür

05/12/2020

BMT Baş Assambleyasının 1985-ci il dekabrın 17-də qəbul etdiyi qətnaməyə əsasən hər il dekabrın 5-i dünyada “İqtisadi və sosial inkişaf naminə Beynəlxalq Könüllülər Günü” kimi qeyd olunur.

Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. Müstəqil Azərbaycan Respublikasında könüllülük sahəsində əsl inkişaf Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Dahi öndərin ölkəmizə rəhbərliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektor, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanılıb. 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başlayıb. 1998-2000-ci illərdə bu proqramın nəticəsində Azərbaycanda güclü könüllü komandası yaradılıb və könüllülük prinsiplərinin geniş auditoriyaya təbliğinə start verilib.

XXI əsrin əvvəllərində Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə ölkəmizin dinamik və hərtərəfli inkişafında könüllülük fəaliyyəti mühüm önəm daşıyıb. 2009-cu ildə Milli Məclisin “Könüllü fəaliyyət haqqında” Qanun qəbul etməsi Azərbaycanda könüllülük fəaliyyətinin inkişafında təkanverici rol oynadı. Bu qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu.

Məhz Azərbaycan Prezidentinin bu sahəyə yüksək diqqət və qayğısı və fəal dəstəyi könüllülüyün bugünkü yüksək inkişaf səviyyəsinə çatmasını təmin etməklə yanaşı, gənclər üçün yeni fürsətlər yaradıb. Xüsusilə son illərdə Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi “Avroviziya-2012” mahnı müsabiqəsi, 2015-ci ildə birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları və digər mötəbər beynəlxalq tədbirlərin təşkilinə ümumilikdə on minlərlə könüllü cəlb olunub. Bu tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda, təcrübəli könüllü bazası formalaşıb.

Ölkəmizdə könüllülük hərəkatının inkişafında və bu sahədə qazanılan uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolunu xüsusilə vurğulamaq lazımdır. Məhz Mehriban xanımın əzmkar fəaliyyəti nəticəsində qeyd olunan mötəbər tədbirlərdə on minlərlə könüllünün fəaliyyətinə şərait yaradıldı. Ən əsasən, könüllülərin əməyi yüksək qiymətləndirildi və bu iş davam etdirilir.

2020-ci ilin “Könüllülər ili” elan edilməsi dövlətimizin, Prezidentimizin gənclərə diqqət və qayğısının nəticəsidir. Gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alan Prezident İlham Əliyev onların iqtisadiyyatın müxtəlif sahələrində, dövlət təşkilatlarında işləməsini, gənclərin dövlət təşkilatlarında önə çəkilməsini, bütün dövlət təşkilatlarına könüllülərin cəlb olunmasını tövsiyə edib. Dövlətimizin başçısının bu tövsiyəsi Azərbaycanda könüllülük hərəkatının inkişafına əlavə təkan verib. Bu tövsiyədən irəli gələrək müxtəlif dövlət qurumlarına könüllülərin cəlb olunmasına başlanılıb və bu iş uğurla davam etdirilir.

Könüllülük hərəkatının inkişafında Gənclər Fondunun da fəaliyyəti xüsusi qeyd edilməlidir. Qrant müsabiqələri, xüsusi layihə, tədbir və düşərgələr yolu ilə könüllülüyün təşviqi Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Ötən il Beynəlxalq Könüllülər Günü ərəfəsində Gənclər Fondu tərəfindən yüzlərlə gəncin və ölkəmizdə ilk dəfə olaraq bütün könüllü hərəkatlarının iştirak etdiyi “Azərbaycan həmrəylik festivalı” keçirilib.

Azərbaycanda könüllülük hərəkatının inkişafına göstərilən yüksək diqqət və qayğının bariz nümunəsindən biri də məhz Beynəlxalq Gənclər Günü münasibətilə ötən ilin dekabrında reallaşdırılan “Azərbaycan könüllülük həftəsi” olub. “Könüllülük həftəsi” çərçivəsində silsilə tədbirlər təşkil olunub. Məhz həmin həftə çərçivəsində, Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu, Azərbaycan tələbə-könüllülərinin Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş forumu, eləcə də bu ilin avqustunda “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının I Ümumrespublika Veb-forumu təşkil olunub. Bu ilin sentyabrında Azərbaycan İdman Könüllülərinin I Forumunun təşkili də könüllülərinin idman həyatında rolunun daha da genişlənməsi və təşkilatlanması baxımından əlamətdar hadisə oldu.

Sevindirici haldır ki, könüllülərimiz ölkə həyatının bütün sahələrində fəal iştirak etməklə mühüm proseslərdə rol oynayırlar. Belə ki, bütün dünyanı cənginə alan və ölkəmizdə də ciddi mübarizənin aparıldığı koronavirus pandemiyasına qarşı Azərbaycan könüllüləri də fəal şəkildə səfərbər olunublar. Belə ki, könüllülərimiz pandemiya ilə əlaqədar ölkəmizin bütün şəhər və rayonlarında əhalinin maarifləndirilməsi, sosial məsafənin saxlanılması, qoruyucu tibbi vasitələrdən istifadəyə dair müxtəlif sosial təşəbbüslər, kampaniyalar, tədbirlər təşkil edir, aztəminatlı, köməksiz ailələrə yardımların göstərilməsində iştirak edir, bu mübarizəyə öz töhfələrini verirlər.

Könüllülük hərəkatına Bakı Dövlət Universitetinin (BDU) tələbələri də mühüm töhfələr veriblər. BDU tələbələri 2019-cu ildə Bakı şəhərində keçirilən, 180-dan artıq ölkədən olan 2000-dən çox nümayəndənin iştirak etdiyi UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının fəaliyyətində, qonaqların qarşılanması, müşayiəti və tərcüməsində könüllü şəkildə iştirak ediblər. Eyni zamanda 2015-ci ildə Birinci Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi oyunları, 2018-ci ildə Roma-Qarabağ futbol qarşılaşması, 2019-cu ildə Avropa liqasının final oyunarı və s. fəal iştirak ediblər. BDU könüllüləri hazırda Universitetin ictimai həyatında olduğu kimi, ölkədə həyata keçirilən irimiqyaslı layihələrdə, o cümlədən Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi, Təhsil Nazirliyinin “Bir” tələbə könüllü proqramı, Xarici İşlər Nazirliyinin Diplomatiya könüllüləri, Diasporlarla iş üzrə Dövlət Komitəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və s. könüllülər hərəkatında, Vikipediya könüllüləri, Media könüllüləri -145 və s. layihələrdə də yaxından iştirak edirlər.

Azərbaycan könüllüləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Məhz yüzlərlə könüllü Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusunun sıralarına yazılaraq torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda döyüşlərə atıldılar. Könüllülərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.

Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində könüllülərin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan könüllülərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı könüllü gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024