5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür

05/06/2021

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci il 05 iyun tarixdə Stokholm şəhərində keçirilən iclasında ətraf mühit məsələləri diqqət mərkəzində olmuşdur. Problemin kəskinliyini, ətraf mühitin mühafizəsi problemlərinə diqqət yönəldilməsi vacibliyini nəzərə alan iştirakçılar tərəfindən 05 iyunun “Ümumdünya ətraf mühit günü” kimi qeyd olunmasına qərar verildi və növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlandı. Həmin günün seçilməsi onunla əlaqədardır ki, 1972-ci il iyunun 5-də Stokholmda BMT-nin Ətraf mühitin mühafizəsi problemlərinə dair konfransı açılmış və burada BMT-nin Ətraf mühit haqqında Proqramı qəbul edilmişdi. Bu qərarda məqsəd ictimaiyyətin diqqətini ətraf mühiti qorumaq və yaxşılaşdırmaq sahəsində təxirəsalınmaz tədbirlərin keçirilməsinə yönəltməkdir. Hər il 5 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində ətraf mühitin qorunması, təbii ehtiyyatlardan səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirilir. Respublikamızda 2010-cu il “Ekologiya İli” elan olunmuşdur.

Respublikamızda da ətraf mühitin mühafizəsi hər zaman təxirəsalınmaz tədbirlər sırasında olmuşdur. Ətraf mühitin mühafizəsi sahəsində respublikamızda kütləvi hərakatın banisi mərhum akademik Həsən Əliyev hələ 1976-cı ildə Həyacan təbili əsərində yazmışdır: “İnsanı təbiət yaratmış və öz sərvətlərini səxavətlə onun istifadəsinə vermişdir. Altı yüz min ildən artıqdır ki, müasir insanla təbiət arasındakı münasibət müəyyən nisbətdə davam edir. Bəşəriyyət öz inkişafının yüksək pillələrinə ayaq qoyduqca, bu nisbət müəyyən mənada insanların xeyrinə dəyişir. Başqa sözlə desək, insanlar sayca artdıqca və öz əlində daha mükəmməl texniki vasitələr cəmləşdirdikcə təbiətdən çox mənfəət götürür, müqabilində isə ona az şey verir. İnsan təbiəti dəyişdirir, qırır, tökür, dağıdır, əvəzini qaytarmırsa, demək bu xeyrə dəyişmə əslində onun zərərinədir”

Müstəqillik dövrlərindən başlayaraq respublikamızda ətraf mühitin qorunması tədbirləri günü günündən güclənməkdədir. Bu istiqamətdə onlarla sərəncam, fərman və digər qanvericilik aktları qəbul olunmuşdur. Ətraf mühitin qorunmasının ən yaxşı yollarından biri xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasıdır. Son 15 ilə yaxın dövr ərzində 10 milli park yaradılmaqla hal hazırda xüsusi mühafizə olunan təbiət əraziləri respublikamızın ərazisinin 10%-nə dək hissəsini əhatə etməkdədir. Həmçinin, alternativ (külək, günəş və s.) enerji mənbələrindən istifadənin genişlənməsi, işğaldan azad edilmiş ərazilərin yaşıl zona elan olunması və ağıllı kənd layihələrinin başlanması respublikamızın ətraf mühitə qayğı ilə yanaşmasının bariz göstəriciləridir.

Hər bir insan özünün fəaliyyəti prosesində bu və ya digər formada təbiətlə və ətraf mühitlə təmasda olur. Bu baxımdan hər kəs istər məişətdə, istərsə də istirahət zamanı ətraf mühitin qorunmasına qayğı ilə yanaşmalıdır. Ətraf mühiti qorumaq vəzifəsi ilk növbədə əmək fəaliyyəti nəticəsində təbiətdən istifadə edən və ətraf mühitə təsir edə bilən hər bir şəxsin üzərinə düşür.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024