5 oktyabr - Beynəlxalq Müəllimlər günüdür

05/10/2018

Günel Orucəliyeva

BDU-nun Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının doktorantı,  müəllim

Deyirlər dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz. Mən müəllimliyi atamın simasında sevmişəm. Artıq 10 ilə yaxındır ki BDU-nun Jurnalistika fakültəsində çalışıram. Bizdə Jurnalistika fakültəsi olduğu üçün nəzəriyyə və yaradıcılıq vəhdətdə götürlür. Təbii ki, müəllimlər auditoriyaya həm nəzəri, həm də təcrübi bilik və vərdişlərini öyrətmək üçün daxil olurlar. Amma mən özüm tələbə olanda istəyirdim dərs deyən müəllimin həm də jest, mimika, tələblərə davranış şəkli, auditoriya ilə ünsiyyət qura bilmə qabiliyyəti, hətta geyim tərzi belə mənə nəsə öyrətsin. İndi isə tələbələrin qarşısında olanda düşünürəm ki, mənim özümdə bu nə dərəcədə uğurlu alınır?!

Müəllim sözü müqəddəs deyil, müqəddəs olan müəllimlikdir. Tələbələrin qarşında olmaqdan, onlara nəsə öyrətməkdən, onlarla nəsə öyrənməkdən böyük zövq alıram. Yeni dünyanın tələbələri artıq əvvəlki dövrlərdə təhsil alanlardan xeyli fərqlidirlər. Bildiyiniz kimi, informasiya cəmiyyətində yaşayırıq, elmi texniki inkişafın həyatımıza, eyni zamanda təhsil sisteminə birbaşa və ya bilavasitə təsiri danılmazdır. Müasir dövrün tələbələri yeniliyə açıqdırlar, sərbəst, müstəqil fikir və düşüncəyə malikdirlər, interaktivliyə - tələbələrarası əməkdaşlığa və tələbə - müəllim əməkdaşlığına üstünlük verirlər.

Cəmiyyətin, millətin gələcəyi müəyyən mənada müəllimin əlindədir.  Müəllim yüksək əqidə, məslək sahibi olmalıdır.  Müəllim - Vətəndaş olmalıdır. O, xalqın, Vətənin problemləri ilə yaşamalı, gəncliyi də bu ruhda yetişdirməlidir. Fürsətdən istifadə edib buradan bütün pedaqoqlarımı Müəllimlər günü münasibətilə təbrik edir, onlara bu məsuliyyətli və çətin yolda bol uğur arzu edirəm!

 

Günay Hüseynova

Geologiya fakültəsi Hidrogeologiya və mühəndis geologiyası kafedrasının dissertantı,  müəllim

Geologiya fakültəsinin Hidrogeologiya ixtisasi üzrə bakalavr və magistr pilləsini bitirmişəm. Hal-hazırda təhsilimi doktarantura pilləsində davam etdirirəm. Həmçinin,Geologiya fakültəsində 2015-ci ildən müəllim kimi fəaliyyət göstərirəm. Müəllim ailəsində böyüməyimin  müəllim kimi formalaşmağımda rolu böyük olmuşdur. Məhz buna görə də uşaqlıqdan etibarən müəllimlik peşesinə xüsusi diqqət və marağım yaranmışdır. Təbii ki, BDU-da təhsil aldığım müddətdə bu peşəni mənə sevdirən müəllimlərim də çox olmuşdur. Gənc müəllim olmağımın üstün cəhətləri tələbələrlə daha yaxşı ünsiyyət qurmaqda, daim onlarla fikir mübadiləsi aparmaqda, həm öyrətməkdə, həm də öyrənməkdədir.  Elə buna görədir ki, tədris etdiyim fənlərin mühazirə və məşğələ dərslərini aparan zaman müasir metodlardan, əyani ve qrafiki vasitələrdən istifadə edərək, tələbələrlə qarşılıqlı sorğular şəklində, onların fikir və düşüncələrinə xüsusi yer vərərək həyata keçirirəm. Bu gün, 5 oktyabr "Müəllimlər günü"dür.  Bütün müəllimləri və müəllim adını şərəf və ləyaqətlə yaşadan hər kəsi təbrik edirəm, onlara uzun ömür və can sağlığı arzu edirem. Unutmayaq ki, müəllimlər hakimləri, həkimləri,polisləri və bir çox peşə sahiblərini yetişdirən əziz ve doğma insanlardır.

Ələkbər Mirzəyev

Geologiya fakültəsi, Hidrogeologiya və mühəndis geologiyası kafedrasının dissertantı, müəllim

Tarixə nəzər yetirsək görərik ki, bütün dövrlərdə müəllimlik həmişə yüksək qiymətləndirilmişdir. Bəşər elminə Füzuli, Nizami, Tusi kimi dahilər bəxş edən Azərbaycanda da müəllimliyə yüksək dəyər verilir. Bu sənəti seçməyimdə əsas səbəblərdən biri bu olsa da, ailəmizdə də müəllimliklə məşğul olan ailə üzvlərimin çox böyük təsiri olmuşdur. Müasir dövrdə müəllim daha intellektual olmalı, inkişaf edən dünya ilə ayaqlaşmalıdır. Tədris prosesində daha müasir vasitələrdən istifadə etməyi bacarmalıdır. Mən də öz növbəmdə bütün müəllimləri 5 oktyabr peşə bayramı münasibətilə ürəkdən təbrik edirəm. İşlərində uğurlar arzulayıram.

Samir Mirzəyev

BDU-nun Jurnalistika fakültəsinin Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının doktorantı, müəllim

Mən, Mirzəyev Samir Xalid oğlu 1999-2005-ci illərdə BDU-nun jurnalistika fakültəsində təhsil almışam. Etiraf edim ki, ilk illərdə müəllim olacağım heç ağlımın ucundan da keçmirdi. Lakin sonuncu kursda oxuyarkən yazdığım buraxılış işi ilə məndə tədqiqatçılığa böyük maraq oyandı. Şirməmməd müəllim bu sahəyə məni xeyli həvəsləndirdi. Tədqiqatçılıq işini magistratura pilləsində də davam etdirdim. Sonradan qazandığım bu təcrübəni, öyrəndiyim bilik, bacarıq və vərdişləri tələbələrlə bölüşmək zərurətini hiss etdim. Beləcə, müəllimlik peşəsinə sevgi yarandı və auditoriyalarda tələbələrlə görüşməyə başladım. Artıq səkkiz ildir ki, sevimli universitetimizin doğma fakültəsində müəllimlik edirəm. Bu müddət ərzində hər zaman çalışmışam ki, müəllim adının müqəddəsliyini qoruyum, bu adın haqqını verim. Odur ki, daima öz üzərimdə çalışıram, hər dəfə auditoriyaya girəndə tam hazırlıqlı olmağa səy göstərirəm. Bunu həm də dövr, zaman tələb edir. Dövrümüz informasiya əsridir. Hər bir müəllim tədris etdiyi fənn və predmet haqqında maksimum bilikli olmalıdır ki, tələbənin verə biləcəyi suallar qarşısında aciz vəziyyətdə qalmasın.

Hər auditoriyada maraqlı, dərsə böyük həvəslə yanaşan və daim nəsə öyrənmək məqsədilə suallar verən tələbələr olur. Belə tələbələr bizə əlavə stimul verir, tədris edəcəyimiz dərslərə xüsusi məhəbbət və şövqlə yanaşmağı tələb edir.

Fürsətdən istifadə edib, mənə müəllimlik peşəsinin sirlərini öyrədən və bu müqəddəs peşəni mənə sevdirən bütün müəllimlərimə, başda Şirməmməd Hüseynov, Famil Mehdi, Cahangir Məmmədli, Nəsir Əhmədli, Yalçın Əlizadə və digərlərinə xüsusi hörmət və ehtiramımı bildirirəm.

Səidə İsmayılova,

Bakı Dövlət Univetsiteti, Filologiya fakültəsi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının tələbəsi, 695 bal

Bu ixtisasa keçən il 695 balla qəbul olmuşam və hazırda II kurs tələbəsiyəm. Ətrafımdakı insanlar yüksək balla bu ixtisası seçdiyimi eşitdikdə təəccüblənirlər. Mən isə bunu təəccüblü hesab etmirəm. Çünki yüksək bal toplayan abituriyentlərin müəllimlik ixtisasını seçməsi labüddür. Savadlı kadr yetişməsi üçün savadlı müəllimlərə ehtiyac var. Mənə bu peşəni sevdirən müəllimlərimə dərin minnətdarlığımı bildirir, onları Müəllimlər Günü münasibətilə təbrik edirəm. Ümid edirəm ki, bir neçə ildən sonra mən də bu günü öz tələbələrimdən, şagirdlərimdən xoş təbriklər alaraq qeyd edəcəyəm.


Nuranə Kərimova,

Bakı Dövlət Univetsiteti, Filologiya fakültəsi, Azəbaycan dili və ədəbiyyatı müəlliliyi ixtisasının tələbəsi - 659 bal

Sevinirəm ki, ilk müsahibəmi də məhz "Müəllim gün"ündə verirəm. Müəllim olmaq mənim uşaqlıq arzum idi. Bu arzum isə həm müəllim ailəsində böyüməyimdən, həm də öz müəllimlərimin fənlərinə olan sevgisindən qaynaqlanmışdı. Hələ uşaq olarkən televiziyada Ümumilli liderimiz Heydər Əliyevin dediyi söz mənim bir növ şüarım oldu."Mən yer üzündə müəllimdən daha yüksək ad tanımıram". Zaman keçdikcə bu sözün mahiyyətini daha yaxşı başa düşdüm və qərara aldım ki,müəllim peşəsinə yiyələnim. 5 Oktyabr "Müəllim günü"dür və bu münasibətlə müəllimlərimi belə təbrik etmək istəyirəm.

Hər addan ucadı müəllim adı.

Bu adı hər yetən daşıya bilməz.

Müəllim günəşdir , müəllim aydır.

Kitabsız, qələmsiz yaşaya bilməz.

Mətbuat və informasiya şöbəsi, 3 oktyabr 2018-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024