9 May ­- Faşizm üzərində Qələbə Günüdür

09/05/2021

Bu gün faşizm üzərində qələbənin 76 ili tamam olur. 1945-ci il 9 may tarixində faşist Almaniyasının qəti şəkildə təslim olması ilə dünya tarixində ən qanlı müharibə - İkinci dünya müharibəsi başa çatıb.

İkinci dünya müharibəsi illərində Azərbaycan xalqı da faşizm üzərində qələbəyə böyük töhfələr verib, istər ön, istər arxa cəbhədə misilsiz fəadakarlıqlar göstərib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Soydaşlarımız Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlı döyüşçülər Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər Avropa ölkələrinin azad olunmasında  əvəzsiz rol oynayıblar. İşğal olunmuş ölkələrdə partizan hərəkatına qoşulan  həmvətənlərimizin şücaəti haqqında bu gün də Avropa ölkələrində əfsanələr dolaşır.

Faşist Almaniyasına qarşı döyüşlərə yollanan Azərbaycanın 650 min övladının 420 min nəfəri geri qayıtmayıb. Göstərdikləri şücaətlərinə görə  43 Azərbaycanlı döyüşçü Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar  Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və başqaları hərb tarixinə adlarını qızıl hərflərlə yazdırıblar.

Müharibə illərində Azərbaycan iqtisadiyyatı cəbhənin təchizatı üçün səfərbər edilmişdir. Qısa müddət ərzində Bakı faşizmlə döyüşən ordu üçün silah-sursat cəbhəxanasına çevrilib. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında yüksək oktanlı aviasiya benzinin alınmasının yeni texnologiyası işlənib hazırlanmışdır. Qələbənin qazanılmasında Bakı nefti  əvəzsiz rol oynamışdır. Müharibə  zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşmüşdür. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı neftinin hesabına işləmişdir. Həmçinin  xalqımız ön cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında xüsusi fəallığı ilə seçilib.

Azərbaycan müstəqillik qazandıqdan sonra da İkinci dünya müharibəsinin iştirakçıları dövlət qayğısı əhatə olunublar. Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirib, onlara hərtərəfli qayğı ilə yanaşıb. Ulu Öndər müharibə veteranlarını “Xalqımızın qızıl fondu” adlandırırdı.

1994-cü ildən başlayaraq 9 may Azərbaycanda Qələbə Günü kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də həmişə İkinci Dünya müharibəsi sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla  yanaşır. Artıq neçə illərdir ki 9 May - Qələbə Günü ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması ənənəyə çevrilib. Azərbaycan Respublikası Prezidenti 17 aprel 2020-ci il tarixdə “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilməsi haqqında qanunu, 1 may 2020-ci il tarixdə Böyük Vətən müharibəsi iştirakçılarının “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Bütün bunlar bir daha təsdiqləyir ki, müharibə veteranlarına hərtərəfli qayğı və diqqət Azərbaycanda dövlət siyasətinin başlıca prioritetlərindəndir.

İkinci dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri yaddaşlardan silinmir, onların müharibə illərində göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. İkinci Dünya müharibəsində Azərbaycanlı döyüşçülərin keçdiyi şərəfli döyüş yolu, göstərdikləri qəhrəmanlıq milli qürurumuz, müharibə veteranları xalqımızın fəxridir, gənc nəslə vətənpərvərlik nümunəsidir.

Azərbaycanın cəsarətli övladları, II Dünya müharibəsi qəhrəmalarının varisləri 44 günlük Vətən Müharibəsində də öz şücaətini nümayiş etdirdi. Müqəddəs Zəfərə imza atdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Ordumuz işğal altında olan əzəli torpaqlarımızı mənfur düşmənin tapdağından azad etdi. 2020-ci il 27 sentyabr tarixindən başlanan Zəfər yolu xalqımızın yaddaşından, hərb tarixindən silinməyəcək.

Şanlı Ordumuzun, Ali Baş Komadanımız İlham Əliyevin azad olunmuş əzəli torpaqlarımızda, müqəddəs Şuşa şəhərində qaldırdığı üçrəngli bayrağımız beynəlxalq terrorizmə, faşizmə qarşı mübarizədə qalib gələn Azərbaycan xalqının qətiyyətinin nümunəsi oldu.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024