9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür

09/11/2021

Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür. Milli varlığımızın, suverenliyimizin, həmrəyliyimizin, gücümüzün rəmzi olan Azərbaycan Bayrağının 103 il öncə təsdiqləndiyi bu gün minlərlə şəhidimizin al qanı ilə suvarılan Vətənimizin qürur mənbəyidir. Rənglərinin simvolikası ilə məramını ifadə edən müqəddəs bayrağımız milli kimliyimizin rəmzidir. Dövlət başçımız cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, hər il ölkəmizdə 9 noyabr “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilir.

Suverenliyimizin rəmzi olan bayrağımız dövlətimizin müstəqilliyi uğrunda canlarını fəda edən oğul və qızlarımızın qanı ilə boyanmışdır. Milli yaşam fəlsəfəmiz olan bayrağımızın rəngləri ilə bağlı ideyaları Ümummilli Liderimiz Heydər Əliyev öz dühası ilə əbədiləşdirmiş və dünya durduqca var etmişdir. Hələ dövlət müstəqilliyimizi bərpa etməmişdən öncə - 1990-cı ilin 17 noyabrında Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi üçrəngli bayrağımızı Muxtar Respublikanın dövlət bayrağı kimi təsdiq etdi. Bu, olduqca cəsarətli və uzaqgörən bir addım idi, bu addım eyni zamanda müstəqilliyimizə gedən yolda ciddi dönüş nöqtəsi idi. 1991-ci il oktyabrın 18-də dövlət müstəqiliyimizi bərpa etdikdən sonra “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzləri, o cümlədən Dövlət bayrağımız da bərpa edildi. “Türkləşmək, müasirləşmək, islamlaşmaq” ideyasını rənglərində əbədiləşdirən bayrağımız müasir Azərbaycanın tarixi dövlətçilik ənənələrinə sadiqliyini bir daha nümayiş etdirir, bu ənənələri inamla yaşadır.

Azərbaycan Respublikasının dövlət bayrağından istifadə Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasının  Dövlət bayrağı  haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının  Dövlət bayrağı  haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və  Əsasnamə ilə təsdiq edilib.

Bütün tarixi, əlamətdar günlərdə, dövlət başçılarının rəsmi səfərlərində, beynəlxalq tədbirlərdə, idman yarışlarında, olimpiadalarda Azərbaycanın adını yüksəldiyi ucalıqlardan dünyaya çatdıran da varlığımızı təsdiqləyən bayrağımızdır. Azərbaycan bayrağı bütün dövlət təşkilatlarının, respublikamızdan kənarda diplomatik korpuslarımızın, nümayəndəliklərimizin binaları üzərində müstəqilliyimizin rəmzi kimi dalğalanır. Beynəlxalq tədbirlərdə dünya dövlətlərinin bayraqları arasında Azərbaycanın simvolu kimi dayanır.

Bir il öncə müzəffər Azərbaycan Ordusu otuz ilə yaxın düşmən işğalında qalan əzəli torpaqlarımızı xilas etdi. O günlərdə bütün Azərbaycan xalqını ən çox qürurlandıran anlardan biri də döyüşçülərimizin Ermənistan silahlı qüvvələrini məğlubiyyətə uğradaraq, azad etdikləri hər bir şəhərdə dövlət bayrağımızı ucaltmalarını və bu barədə Ali Baş Komandan İlham Əliyevə məlumat vermələrini əks etdirən videogörüntülər idi. Ermənistan öz layiqli cavabını döyüş meydanında aldı. Düşmənin silahlı qüvvələri qəhrəman Azərbaycan ordusu tərəfindən darmadağın edildi. Otuz ilə yaxın davam edən həsrətimiz, nigarançılığımız, narahatlığımız bitdi. Bu gün yağılardan xilas etdiyimiz ərazilərimizdə - Qubadlıda, Cəbrayılda, Zəngilanda, Füzulidə, Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında... Azərbaycan bayrağı dalğalanır.

İkinci Qarabağ müharibəsində bütün Azərbaycan xalqı öz Prezidentinin, ordusunun yanında bir yumruq kimi birləşərək Vətən üçün can verməyə hazır, qan tökməyə qadir olduğunu bir daha göstərdi.

Həmişə ucalarda dayan, inamla, qürurla dalğalan, Azərbaycan bayrağı!

Üçrəngli bayrağınla məsud yaşa, Azərbaycan!

Dostlarımızı sevindirən, düşmənimizi xar edən üçrəngli bayrağımız dövlətimizin əzəmətini və gücünü bütün dünyaya təsdiqləyir. Bu il 9 noyabr tarixində - Dövlət Bayrağı Günündə Azərbaycanın üçrəngli bayrağı doğma Qarabağımızda qürurla dalğalanır.

Azərbaycan bayrağına eşq olsun!

Bayramınız mübarək!

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024