26 Aprel - Beynəlxalq Əqli Mülkiyyət Günüdür

26/04/2021

Beynəlxalq Əqli Mülkiyyət Günü 2000-ci ilin sentyabr ayında Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) Baş Assambleyasının qərarı ilə təsis edilmişdir. Bu əlamətdar günün qeyd edilməsi üçün 26 aprel tarixinin seçilməsi isə təsadüfi deyil. Belə ki, ÜƏMT-in təsis edilməsi haqqında Konvensiya 1970-ci ilin məhz bu tarixində qüvvəyə minmişdir.

Əqli mülkiyyətin qorunması yeniliyi təşviq etmək üçün ən vacib amillərdən biridir. Fikirlərin, ideyaların qorunması olmadan müəssisələr və şəxslər ixtiralarının bütün faydalarını qazanmaz, tədqiqat və inkişafa daha az diqqət yetirərdilər. Biliklərə əsaslanan XXI əsr iqtisadiyyatında əqli mülkiyyət intellektual kapital rolunda çıxış edir. İnkişaf etmiş ölkələrdə artıq əqli mülkiyyət aktivləri maddi aktivləri üstələyərək dünya iqtisadiyyatında yeni mərhələ yaratmışdır. Vaxtilə xammal və materiala əsaslanan iqtisadiyyat yeni mərhələdə kreativ iqtisadiyyata çevrilmiş və nəticədə əqli mülkiyyət fenomeni prioritet fəaliyyət və təhlil istiqaməti kimi formalaşmışdır.

Bu gün əqli mülkiyyət hər bir ölkənin davamlı inkişafında əsas rol oynayır. Buna görə də əqli mülkiyyət məsələlərinin milli qanunvericiliyə inteqrasiyası vacib mərhələ kimi qəbul olunur. Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə əqli mülkiyyətlə bağlı münasibətlərin tənzimlənməsi istiqamətində mühüm işlər görülmüş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, 1997-ci ildə “Patent haqqında”, 1998-ci ildə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuş, ölkəmiz 1995-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis etdiyi Konvensiyaya və Avrasiya Patent Konvensiyasına qoşulmuş, Avropa Patent Təşkilatı ilə əməkdaşlıq əlaqələri qurmuşdur.

Əqli mülkiyyət sahələri – ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilər ölkəmizdə Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılmış normativ-hüquqi aktlarla tənzimlənməkdədir. 2012-ci ildə “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması bu sahədə həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirmişdir.

Əqli mülkiyyət hüquqlarının qorunması, Azərbaycan və onun iqtisadi, siyasi, elmi və mədəni inkişafı üçün çox əhəmiyyətlidir. Bütün bunları nəzərə alaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bu sahənin təhsil və elmdə daha da sürətli və keyfiyyətli inkişafına şərait yaratmaq məqsədilə bir çox mühüm addımlar atılmışdır. Belə ki, fakültədə “Əqli mülkiyyət hüququ” ixtisası üzrə yeni magistr proqramı təsis edilib. 2018-ci ilin sentyabrında bu proqram üzrə tədris başlayıb və müvəffəqiyyətlə davam edir.

Eyni zamanda, əqli mülkiyyət hüququ  üzrə Lyon 2 Universiteti (Fransa) ilə BDU arasında ikili diplomlu magistr programı təsis etmək məqsədi ilə əməkdaşlıq qurulmuşdur. Bu əməkdaşlığın nəticəsi olaraq 16 Aprel 2021-ci ildə ikili diplomlu magistr dərəcəsinin yaradılması haqqında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən program çərçivəsində tədris ingilis və fransız dillərində aparılacaqdır. Müqavilə, həmin sahə üzrə fundamental və geniş biliklər əldə etmək üçün vacib olan hərtərəfli tədris planları və kurrikulumlar, yeni təhsil və təlim proqramlarının formalaşdırılmasında sıx əməkdaşlığı nəzərdə tutur. Universitetin Hüquq fakültəsində “Əqli mülkiyyət hüququ” ixtisası üzrə yeni magistr dərəcəsi proqramının yaradılması yalnız BDU miqyasında deyil, bütün ölkə miqyasında təməlqoyan və yenilikçi bir addım olmuşdur. Azərbaycan hüquq sahəsi üçün bu aktual sahədə yaradılan ilk magistr proqramıdır.

Bununla yanaşı, 2020-ci ildə yeni Əqli mülkiyyət hüququ kafedrası yaradılmışdır. Bu layihə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə sıx əməkdaşlıq yolu ilə həyata keçirilmişdir. Hazırda, Əqli Mülkiyyət Agentliyi bu prosesdə aparıcı rol oynayır, tədrisin təşkilinə, stajkeçmələrə, kafedranın elmi-məlumat bazasının formlaşmasına dəstək verir.

Əqli mülkiyyət hüququ kafedrasının yaradılması bakalavriatura və magistratura səviyyələrində təhsil alan tələbələr üçün bu hüquqları əhatə edən dərsliyin yaxın illərdə yazılıb nəşr ediləməsini, gələcəkdə bu sahədə fəaliyyət göstərəcək yüksəkixtisaslı alim və mütəxəssislərin hazırlamaqla müvafiq sahələrdə elmi bazanın genişləndirilməsini asanlaşdırır. Eyni zamanda Hüquq fakültəsi əqli mülkiyyət hüququ üzrə beynəlxalq səviyyədə əməkdaşlığı davam  etmək niyyətindədir.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024