BDU-da “Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və inkişafında Heydər Əliyevin rolu” mövzusunda Beynəlxalq elmi konfrans keçirilir

08/05/2021

Bu gün Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və inkişafında Heydər Əliyevin rolu” mövzusunda onlayn Beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Konfrans işinə başlamadan öncə Universitet kollektivi Fəxri Xiyabanda Ümummilli Lider, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüb. Daha sonra BDU-da Ulu Öndərin büstü önünə gül çələngi qoyulub.

Konfransın plenar iclasını giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı, müstəqilliyimizin qorunması və milli dövlətçiliyimizin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. O, bildirib ki, 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanda müstəqilliyin, suverenliyin qorunması, ölkədə ictimai-siyasi sabitliyin bərpa edilməsi mümkün olmuşdur. Rektor Elçin Babayev Ümummilli Lider Heydər Əliyevin uğurlu uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dünyanın inkişaf edən, beynəlxalq miqyasda nüfuzu gün-gündən artan dövlətə çevrildiyini, yeni iqtisadi uğurlara imza atdığını qeyd edib. Bildirib ki, Heydər Əliyevin ölkənin müasir tarixində ən böyük xidmətlərindən biri onun Azərbaycanın intibahının əsasını qoymasıdır. Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunub saxlanılması, inkişafı, ölkəmizdə sabitlik və həmrəyliyin təmin olunması bilavasitə Ulu Öndərin adı ilə bağlıdır. Rektor Elçin Babayev Ulu Öndərin milli inkişafın yeganə yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində gördüyünü, respublikada elmin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirdiyini qeyd etmiş, bildirmişdir ki, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü məhz onda idi ki, o, bütün fəaliyyəti boyu bu sahələrə diqqət və qayğısını əsirgəməmiş, cəmiyyətdə yüksək bilikli, intellektual təbəqənin formalaşmasına çalışmışdır. “Təhsil millətin gələciyidir” deyən Heydər Əliyev BDU-nun məzunu olmağı ilə fəxr etdiyini dəfələrlə vurğulamışdır. Ulu Öndərin universitetdə təhsil illəri, habelə sonralar bu təhsil ocağı ilə sıx əlaqələri BDU-nun şanlı tarixinin mühüm bir mərhələsini təşkil edir.

Elçin Babayev Vətən Müharibəsində şanlı qələbəmizin əsasını təşkil edən xalq-iqtidar birliyinin təməlinin məhz Ulu Öndərin hakimiyyəti illərində qoyulduğunu vurğulayaraq qeyd etmişdir ki, Ulu Öndərimizin axıra çatdırmaq istədiyi ən taleyüklü məsələ doğma torpaqlarımızın azad edilməsi idi. Müqəddəs ata vəsiyyətini şərəflə yerinə yetirən möhtərəm Prezidentimiz, yenilməz sərkərdəmiz İlham Əliyev Müzəffər ordusu, məğrur xalqı ilə birlikdə 44 günlük Vətən Müharibəsində qazandığımız parlaq qələbə ilə xalqımızın başını dünya durduqca uca, Ulu Öndərimizin müqəddəs ruhunu əbədi olaraq şad etdi.

Konfransda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, BDU-nun Politologiya və sosiologiya kafedrasının müdiri, professor Əli Əhmədov görkəmli siyasi xadim Heydər Əliyevin dövlət quruculuğu, daxili və xarici siyasət istiqamətindəki fəaliyyəti ilə bağlı məruzə edib. Natiq qeyd edib ki, Ulu Öndər Heydər Əliyev ölkə iqtisadiyyatını dirçəldib, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirib, respublikanın inkişafına hesablanmış neçə-neçə iri layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoyub. Professor Əli Əhmədov bildirib ki, Azərbaycanda ayrı-ayrı sahələrin inkişafında Heydər Əliyevin nişanələri, müəyyənləşdirdiyi siyasət özünü göstərir. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət, dəyərlər, strategiya Azərbaycan xalqına xidmət edir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafı və tərəqqisi ilə bağlı fikirləri, ideyaları onun layiqli davamçısı ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, BDU-nun Konstitusiya hüququ kafedrasının müdiri, professor Ziyafət Əsgərov “Heydər Əliyev və hüquqi dövlət quruçuluğu”, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti, Ukrayna Ali Radasının beynəlxalq əlaqələr komitəsinin sədri, professor Aleksandr Mereşko “Развитие стратегического партнерства между Украиной и Азербайджаном”, Ukrayna Elmlər Akademiyasının həqiqi üzvü, professor Oleq Zayçuk “Гейдар Алиев и азербайджано-украинское сотрудничество в научно-педагогической сфере”, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov “Türk-müsəlman dünyasının böyük lideri Heydər Əliyev”, Ukrayna Vergi Xidməti Milli Universitetinin professoru Leonid Timçenko “Общенациональный лидер азербайджанского народа - Гейдар Алиев большой друг Украины”, Türkiyə Kastamonu Universitetinin Bilgi və belge yönetimi bölümünün dekan yardımcısı, dosent Güler Demir “Türkiye-Azerbaycan ilişkilerinin kurulmasında Ulu Önder Haydar Aliyevin hizmetleri”, Əl-Fərabi adına Qazaхstan Milli Universitetinin professoru Aron Salimqerey “Азербайджано-казахстанские отношения: от партнерства между Казахским национальным университетом имени Аль-Фараби и Бакинским государственным университетом к стратегическому сотрудничеству”, BDU-nun Tarix fakültəsinin professoru İbrahim Zeynalov “1969-1982-ci illərdə Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında başlayan intibah müstəqilliyə aparan başlanğıcdır”, BDU-nun Azərbaycan tarixi kafedrasının müəllimi Anar Həmidovun “Ulu öndər Heydər Əliyevin Azərbaycan SSR-də hərb təhsilinin inkişafında rolu” mövzusunda məruzə ilə çıxış ediblər.

Konfrans öz işini bölmə iclasları ilə davam etdirir.




Xəbərlər

BDU-da elmi seminar: “Milli H-indeksi platforması”

BDU-da elmi seminar: “Milli H-indeksi platforması”
22/05/2024

BDU tələbələri “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri lokomotiv deposunda

BDU tələbələri “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri lokomotiv deposunda
22/05/2024

BDU-da tanınmış folklorşünas alim Nizami Xəlilovun 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

BDU-da tanınmış folklorşünas alim Nizami Xəlilovun 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
22/05/2024