“EcoPrint” layihəsinin rəhbəri: “Bakı Dövlət Universiteti Startup layihələrinə böyük dəstək verir”

06/12/2021

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin (BDU) “EcoPrint” layihəsinin rəhbəri, Texnologiyaların transferi və innovasiyalar şöbəsinin müdiri Mətanət Musayeva, layihə koordinatoru, Ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının dosenti Məhluqə Yusifova, komandanın kapitanı Rüstəm Həsənli və informasiya texnologiyaları mütəxəssisi Kamran Qasımov 2021-ci il 15-18 noyabr tarixlərində Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirilən “Global Startup Awards” mükafatları yarışmasının “Grand Final”ında iştirak ediblər.

“EcoPrint” layihəsinin rəhbəri Mətanət Musayeva BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinə müsahibəsində layihə ilə bağlı maraqlı məqamlara toxunub.

-    Mətanət xanım, “EcoPrint” layihəsinin ideyası necə yarandı?

-     2019-cu ildə BDU-nun rektoru Elçin Babayev ilk dəfə olaraq BDU-nun Enactus yarışına qatılması haqqında sərəncam imzaladı. Layihəyə rəhbərlik mənə həvalə olundu. BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat, Coğrafiya, Tətbiqi riyaziyyat və kibernetika, Ekologiya və torpaqşünaslıq, Biologiya, Kimya, Fizika fakültələrini təmsil edən  14 tələbə, 4 məsləhətçi və 1 biznes-liderdən ibarət Enactus komandası təşkil edildi. Komandanın ümumi yığıncağında tələbələrin təklif etdikləri ideyaları müzakirə edərək ağac əkmək, yaşıllıqlar salmaqla Azərbaycanın bir sıra lokal ekoloji və sosial-iqtisadi problemlərin həllinə nail olmağa imkan verən layihə ideyası üzərində işləməyə başladıq. Əkilən ağaclarla torpaqda ekoloji iz qoymaq məqsədimiz olduğu üçün layihə “EcoPrint” adlandırıldı.

-    “EcoPrint” layihəsinin əsas istiqamətləri hansılardır və nə kimi nəticələr gözlənilir?

Layihə çərçivəsində əsas gözlənilən ekoloji və  sosial-iqtisadi effektləri – sosial yönümlü obyektlərin (məktəb, xəstəxana, universitet, park, oyun meydançaları və s.) ətrafında ağacların əkilməsi; ekoloji fəlakətlər riski yüksək olan ərazilərdə ağacların əkilməsi; əhalinin ekoloji mədəniyyətinin formalaşması və sosial məsuliyyətinin artırılmasına nail olmaq, mümkün qədər çox sayda insanların məlumatlandırılması, layihənin davamlı surətdə genişləndirilməsi və gələcəkdə ölkənin mümkün qədər çox ərazisinin mənimsənilməsi və s.-dir.

Layihənin beynəlxalq səviyyəyə çatdırılması üçün platforma, funksional veb sayt  (http://ecoprint.deirvlon.com/) yaradılmışdır.

Layihənin məqsədi ekoloji yönümlü olmaqdan başqa, sosial-iqtisadi yönümlü olduğunu nəzərə alaraq biz ağacəkmə prosesinə həmin lokal ərazidə yaşayan sosial təminatı aşağı səviyyədə olan insanları cəlb etmək, onlarla ağacın əkilməsi və ona qulluq edilməsi barəsində hüquqi müqavilə bağlamaqla müəyyən qədər maddi vəsait qazanmaq imkanını yaratmaqdır.

BDU Enactus komandası öz sahibkarlıq fəaliyyətində Azərbaycanda davamlı inkişafın məqsədlərini həyata keçirməyə dəstək olmağı qarşısına məqsəd qoyaraq hamımız üçün daha yaxşı bir dünya yaratmağa çalışır.

-    Yarışın final mərhələsində iştirak hüququ qazandınız. Regional yarış haqqında təəssüratlarınızı bizimlə bölüşərdiniz.

-    113 ölkənin qatıldığı bu yarışın Avrasiya üzrə yarımfinalında “Eurasian Startup Awards” yarışmasında 9 ölkə – Türkiyə,  Azərbaycan, Rusiya Federasiyası, Ukrayna,  Belarus, Gürcüstan, Qazaxıstan, Moldova və Ermənistandan olan layihələr 10 nominasiya üzrə yarışdı. Çox maraqlı layihələrin təqdim olunduğu gərgin yarımfinalda BDU-nun “EcoPrint” layihəsi “Best Virtual Teamwork Solution” nominasiyasında qalib gəldi. Qeyd edim ki, “The Master of Al” nominasiyasında Türkiyənin “Yeşil Science”, “Startup of the Year” nominasiyasında Ukraynanın “Racoon.World”, “Best Coworking Space” nominasiyasında Gürcüstanın “Terminal” layihəsi qalib gəldi.  
-    Finalda hansı nominasiyalar üzrə mübarizə apardınız?

-    “Global Startup Awards” mükafatları yarışmasının “Grand Final”ı 15-18 noyabr tarixlərində Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirildi. “Grand Final”da Central European Startup Awards, Southern Africa Startup Awards, Eurasian Startup Awards, Asean Rice Bowl Startup Awards, Nordic  Startup Awards, South Europe Startup Awards regional yarışmaların qalibi olan 36 ölkədən 77 layihə iştirak edirdi.

Qeyd edim ki, “Grand Final”a vəsiqə qazanmış bütün layihələr qalib hesab olunur. Sadəcə onların arasından da “Best Winner”lər seçildi. “Grand Final”da BDU-nun “EcoPrint” layihəsi 2 nominasiya üzrə - “Best Vertical Startup” nominasiyasında 12 ölkənin, “Best Green Tech Startup” nominasiyasında isə 23 ölkənin komandaları ilə yarışdı. 10 fərqli nominasiya üzrə aparılan və çox yüksək səviyyəli layihələrin qatıldığı yarışda gərgin mübarizə nəticəsində “Best Vertical Startup” nominasiyasında Danimarkanın “Particle 3D” layihəsi, “Best Green Tech Startup” nominasiyasında Türkiyənin “Biolive” layihəsi Best Winner elan olundu.
-    Bu səfəriniz zamanı digər komandalarla müzakirələriniz oldumu?

-    Tədbirdə qlobal finalçılar “Grand Final” tədbirləri çərçivəsində Danimarkanın Yaşıl İnnovasiya Ekosistemi ilə tanış oldu, “Towards greener innovation”, “Green Leadership”, “Communicating in Green”, “A look into the Future of Green Impact Innovation”, “Making the Right Bets in Green Investments”, “Emerging Green technologies in Denmark” və s. mövzularda diskussiyalarda iştirak etdilər. Bundan başqa Danimarkada və dünyada yaşıl keçidi dəstəkləyən müvafiq maraqlı tərəfdaşlarla görüşlər keçirildi, Azərbaycanda, o cümlədən BDU-da bu istiqamətdə həyata keçirilən layihələr barəsində onlara ətraflı məlumat verildi.
-     Gələcəkdə belə layihələr davam etdiriləcəkmi?

İlk gündən BDU-nun rəhbərliyi istər respublika, istərsə də beynəlxalq səviyyədə keçirilən StartUp layihələrə daha aktiv qoşulmağımız üçün bizə hər cür şərait yaratdı.Buna görə, Qlobal StratUp Awards kimi beynəlxalq səviyyəli tədbirdə iştirakımızın təmin olunmasında göstərdiyi dəstəyə görə dərin Universitetimizin rəhbərliyinə minnətdarlığımizi bildirir və gələcək layihələrdə daha yüksək nəticələr əldə edəcəyimizə inanırıq.

BDU-nun StartUp uğurları davam edir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi EdTech StartUp müsabiqəsinə bütün universitetlər tərəfindən ümumilikdə təqdim olunmuş 244 layihədən finala vəsiqə qazanmış 10 layihə arasında BDU-nun “SabahTech” komandasının “Təhsil müəssisələrində sənədlərin elektronlaşdırılması” layihəsi də var. Final mərhələsi bu il 10 dekabr tarixində keçiriləcək və qaliblər təyin olunacaq. Komandamıza uğurlar arzu edirəm.

Müsahibəni hazırladı: Nərminə Əsədova

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024